Gündəm 

Azərbaycan-Türkiyə qardaşlığı düşmənlərimizə qarşı ən güclü silahdır

Ermənistanın ölkəmizə qarşı hərbi və ideoloji təxribatları durmadan artır. Təbii ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən ölümcül zərbə alan bu işğalçı ölkə belə bir cəsarəti ant- Azərbaycan və anti-Türkiyə qüvvələrindən alır. Əslində ermənilərin ən böyük şərəfsizliyi onların başqalarının arxasında gizlənərək bizə diş qıcartmalarıdır.

Bu gün də bu proses davam edir və Ermənistan Fransa, Rusiya, İran, Hindistan kimi havadarlarına güvənərək  ölkəmizə qarşı sərt mövqe sərgiləyir. Lakin bütün bunlara rəğmən Azərbaycan dövləti dikduruşu və qətiyyəti ilə həm Ermənistana, həm də onun havadarlarına yerlərini göstərir. Ona görə ki, biz həm haqlı tərəfik, həm də bizim qardaş Türkiyə kimi müttəfiqimiz var. Bu həmin Türkiyədir ki, hazırda dünyadakı ən güclü 20 ölkələrin sırasında qərarlaşıb. Eyni zamanda, həm Cənubi Qafqazın, həm də Yaxın Şərqin söz sahiblərindən biridir. Qardaş ölkənin müdafiə sənayesi indi bir çox böyük dövlətlərin həsəd aparacağı qədər inkişaf edib. Hazırda dünya bazarında Türkiyə dronlarının, tanklarının, təyyarələrinin alıcıları durmadan artır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da beynəlxalq aləmdə nüfuzlu və qətiyyətli lider kimi qəbul edilir. Bu gün dünyanın ən qaynar nöqtəsi hesab edilən Rusiya-Ukrayna cəbhəsində də dünya gücləri daim onun vasitəçiliyinə önəm verirlər.

Bəli, Azərbaycanla qardaş Türkiyənin dostluğu və müttəfiqliyi hər iki dövlətin ən çətin günlərində sınaqdan üzüağ, alnı açıq çıxıb. Biz ən dar məqamlarda bir yumruq kimi birləşərək düşmən üzərinə daha qətiyyətlə getmişik. Son illərdə isə bu birlik daha da möhkəmlənərək hər iki dövlətin gücünə güc qatmışdır. Prezident İlham Əliyev bu dostluq və qardaşlıq münasibətlərinin inkişafı barədə deyib: «Bu gün dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir».

Mötəbər beynəlxalq tədbirlərdə, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək bir-birinə dayaq duran iki qardaş ölkə terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparırlar. Bütün bunlar iki ölkə arasındakı siyasi-diplomatik münasibətlərdən əlavə, iki qardaş xalqın mənəvi bağlılığının göstəricisidir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Türkiyə müharibənin ilk anlarından etibarən Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi. Türkiyənin siyasi və mənəvi dəstəyi tarixi Qələbəmizin qazanılmasında çox böyük rol oynadı.

2021-ci ilin 15 iyunu Azərbaycan- Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və mədəniyyət paytaxtımız Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın Milli Qurtuluş Günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı. Bəyannamədə göstərilən müddəalar da onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Şuşa Bəyannaməsində diqqətçəkən müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Göründüyü kimi, qardaş ölkələrimizdən birinin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcəkdir.

Beləliklə, Türkiyə-Azərbaycan müttəfiqliyi rəsmi qaydada təsbit olundu. Eyni zamanda, sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənmiş bu tarixi Bəyannamə Azərbaycan və Türkiyənin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsini də təmin edir. Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkənin qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri də mühüm əhəmiyyət kəsb edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsindən sonrakı əzəmətli hərbi paradımıza qatılması, həmçinin Füzulidə və Zəngilanda  inşa edilən möhtəşəm beynəlxalq hava limanlarının açılışında iştirakı  düşmənlərimizə nümayiş etdirilən növbəti sarsılmaz birliyin təcəssümü idi. Həmçinin qardaş Türkiyənin bu gün dünyada diqqətçəkən hərbi sənayesindən də yararlanan Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətini davamlı olaraq artırır.

Burada digər önəmli bir məsələ isə türkdilli dövlətlərin birliyinin- böyük Turanın yaradılması istiqamətində  addımların atılmasıdır. Məhz bu istiqamətdə aparılan ciddi geosiyasi fəaliyyətin öndərləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Azərbaycan Prezidenti İlham Əliyevdir. Bütün bu işlər isə ondan qaynaqlanır ki, bu gün həm qardaş Türkiyənin, həm də Azərbaycanın beynəlxalq nüfuzu yüksəkdir. Eyni zamanda, bu birliyin yaradılması nəinki bölgədə, həm də dünyada milli maraqlarımızın yüksək səviyyədə qorunmasına, düşmən qüvvələrin zərərsizləşdirilməsinə xidmət edir.

Eyni zamanda, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dərhal qardaş ölkənin köməyinə çatan ilk ölkə Azərbaycan oldu. Bundan başqa, Azərbaycan dövləti  zəlzələdən zərər çəkənlərə 100 milyon dollardan çox maddi yardım etdi. Bu yardımlar bu gün də davam edir.

Daha çox xəbərlər