Tarixdən ibrət götürməyən yeganə məxluqlar
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar sülhün bərqərar edilməsinə zəmin yaratdı. Rəsmi İrəvan da Bakının sülh çağırışlarına müəyyən mənada müsbət cavab verdi. Amma Fransa, İran, Hindistan kimi havadarlarına arxalanan Ermənistan az sonra vədinə dönük çıxdı və revanş xülyasına düşdü. Son günlər Ermənistanın baş naziri Nikol Paşinyana və onun administrasiyasına güclü təzyiq göstərən revanşistlərin fəallaşması da hadisələrin bu məcraya yönəldiyindən xəbər verir. Şübhəsiz, Paşinyan və komandası həmin revanşistlərin, həmçinin Fransa, İran kimi havadarlarının gözündən düşməmək xatirinə onların çaldıqları havaya oynamaq zorunda qalıb.
Artıq iş o yerə çatıb ki, savaş siqnalları açıq-aydın eşidilməkdədir. Elə avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması, sərhədə çoxsaylı hərbi texnika və canlı qüvvə cəmləşdirməsi, mülki əhalini silahlandırması, Qarabağ iqtisasi rayonundakı separatçıların yeni səngərlər qazımaları, yeni məntəqələr inşa etmələri, əraziyə minalar basdırmaları, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirmələri, bir sözlə, aktivlikləri dediklərimizin sübutu kimi qəbul oluna bilər. Halbuki qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycanın tələbləri Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistana dəfələrlə çatdırılıb. Amma separatçılar öz iyrənc əməllərindən əl çəkmirlər. Şübhəsiz, təcavüzkar ölkənin təxribatçı əməllərini artırması onun 10 noyabr 2020-ci il Bəyanatının şərtlərini yerinə yetirmək istəməməsindən, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq niyyətində olmadığından, ölkəmizi cavab tədbirlərinə təhrik etməsindən irəli gəlir. Bir sözlə, hazırda görünən odur ki, rəsmi İrəvan Nikol Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir” bəyanatına rəğmən, revanşizmdən, separatizmdən, ərazi iddiaları siyasətindən hələ də əl çəkməyib. Elə xarici işlər naziri Ararat Mirzoyanın ayrı-ayrı tədbirlərdə gah nala, gah da mıxa vurması bu kimi faktorlardan irəli gəlir. Qarabağdakı qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyan isə, necə deyərlər, lap ağını çıxarıb. Şübhəsiz, bütün bunlar açıq-aşkar terrora, revanşa çağırışlardır.
Amma nə qədər qəribə görünsə də Ermənistan Müdafiə Nazirliyi bütün bu hazırlıqları təkzib edir. Hətta bildirir ki, guya Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində külli miqdarda silah, hərbi texnika və canlı qüvvə cəmləşdirdiyi barədə yaydığı xəbər həqiqətə uyğun deyil. Üstəlik, utanıb-qızarmadan bəyan edir ki, guya Ermənistanın Qarabağda ordusu yoxdur. Haylar Azərbaycan tərəfindən yayılan videomaterialların saxta olduğunu iddia edirlər. Həyasızcasına vurğulayırlar ki, guya rəsmi Bakı bununla beynəlxalq aləmi Qarabağda yaşanan humanitar fəlakətdən yayındırmaq istəyir. Qeyd edək ki, qondarma rejimin “rəsmiləri” də elə buna oxşar açıqlama veriblər. Şübhəsiz, bütün bunlar erməni hiyləgərliyindən başqa bir şey deyil.
Əgər xatırlayırsınızsa, ərazilərimizin işğalı dönəmində də danışıqlarda azacıq irəliləyiş yaranan kimi haylar bu kimi təxribatlar törətməyi siyasi kursa çevirmişdilər. Elə indi də onlar öz ənənəvi metodlarını “uğurla” davam etdirirlər. Ermənilərin isə bu sahədəki ustalıqlarına söz ola bilməz. Nə yazıq ki, hayların yalanlarından məst olan nə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası, nə də digər beynəlxalq qurumlar, o cümlədən BMT hazırda cərəyan edən hadisələrə heç bir münasibət bildirmirlər. Yeri gəlmişkən, erməni mətbuatının dünən yaydığı məlumata görə, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası Azərbaycanın Ermənistan hərbi qüvvələrinin sərhəddə cəmləşməsi ilə bağlı ittihamlarını təkzib edib. Bu da onların Cənubi Qafqaz regionunda sülhün yaranmasında maraqlı olmadıqlarını, yalnız öz məqsədlərini güdmələrini göstərir. Amma rəsmi İrəvan, eləcə də onun havadarları dəmir yumruğun hələ də yerində olduğunu və istənilən halda onları əzmək imkanını nədənsə unudurlar. Unutqanlıq isə Hayastana heç də yaxşı şeylər vəd etmir. Bu mənada demək olar ki, haylar tarixdən ibrət götürməyən yeganə məxluqlardır.

