Gündəm 

Gültəkin BBC-yə “dərs” keçir

Elə bu çatmırdı, bunu da gördük. Qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli jurnalistlərə, o cümlədən BBC kimi bir quruma “dərs” keçməyə girişib. Təəccüblü burasıdır ki, BBC-yə müsahibə verən AXCP sədri Əli Kərimli olsa da narazı qalan, hətta qəzəbindən jurnalistləri bir çox nəsnələrdə danlayıb onlara ağıl öyrədən Gültəkin Hacıbəylidir. Gör dünyanın harasıdır ki, xanım Hacıbəyli həmişə dil-dil ötən Əli Kərimlinin müdafiəsinə qalxıb.  Görəsən ona-buna böhtan atan, özündən başqa hamını haqsız hesab edən AXCP sədrinə nə ediblər ki, Gültəkin Hacıbəylinin müdafiəsinə ehtiyac duyub?

Əslində heç nə baş verməyib. AXCP sədri Əli Kərimli BBC-yə müsahibə verərkən aparıcı ilə onun söhbətində fərqli mövqelər ortaya qoyulub. BBC-nin müxbirinə əsəbiləşən Gültəkin Hacıbəyli bunu anormal hal kimi qələmə verib və bildirib ki, jurnalist yalnız bir məsələyə dair bir-iki sual verə bilər, öz mövqeyini isə bildirə bilməz. Sonra xanım “siyasətçi” Cinayət Prosessual  Məcəlləsindən misal gətirir. Bəyan edir ki, bəzilərinin özünü müstəntiq və ya prokuror kimi aparması absurddur. Onun deməyindən belə çıxır ki, jurnalist sualını verəndən sonra müqəvva kimi susub yalnız cavab ala bilər, özəl fikir bildirə bilməz. Sanki jurnalist sual verməkdən başqa heç bir hüququ olmayan yazı-pozu adamı olmalıdır. Belə olan surətdə qarşıya bir çox suallar çıxır.

Görəsən Gültəkin Hacıbəyli bu hirs-hikkəni iki il yarım əvvəl niyə göstərmədi? İkinci Qarabağ müharibəsinin davam etdiyi həmin dövrdə xarici ölkələrdən axışıb Azərbaycana gələn jurnalistlər ermənipərəst mövqedən Azərbaycan Prezidenti İlham Əliyevə qərəzli suallar yağdıranda milli maraqlardan dəm vuran Hacıbəyli onları necə sinirirdi? Axı, çətin məqamda olan Azərbaycan xalqı və onun Prezidenti idi. Hər tərəfdən bizə hücumlar olurdu, bizi günahkar və işğalçı kimi tanıtmaq istəyirdilər. Təbii ki, Prezident İlham Əliyev onların hamısının cavabını layiqincə verdi. O zaman hamımız rəhbərimizlə fəxr edirdik. Bəs Gültəkin Hacıbəyli onda harada idi? Qərəzli müsahibələr aparan, hətta ölkəmizə böhtan atmaqdan belə çəkinməyən xarici jurnalistlərə niyə öz hədlərini göstərmirdi?

Söhbət ondan gedir ki, müsahibə zamanı BBC-nin müxbiri Əli Kərimli ilə müsahibəsində Azərbaycanın uğurlarından, cənab İlham Əliyevin beynəlxalq miqyasda qətiyyətli dövlət başçısı kimi tanınmasından razılıqla danışırdı. Gərək müxbir pozucu müxalifəti tərifləyəydi ki, Gültəkin və onun əqidədaşları razı qalaydılar.

Hacıbəyli müsahibə alan müxbirin “Prezident İlham Əliyevin reytinqi həqiqətən də yüksəkdə idi” cümləsinin üstündə elə bir şivən qaldırıb ki, sanki yaralarına duz basıblar. Ancaq igid oğullarımız Vətən müharibəsi zamanı döyüş meydanlarında həlak olanda heç belə göynəmədi. Nəinki Gültəkin, daşını sinəsinə döydüyü Əli Kərimli, Cəmil Həsənli və bu kimi tiplər Azərbaycan Ordusunun Ermənistan üzərindəki parlaq qələbəsindən şok keçirdilər və uzun müddət səsləri çıxmadı. Onlar yas içərisində olduqlarından möhtəşəm və tarixi Qələbə bayramında xalqla birgə  olmadılar. Gültəkin Hacıbəyli qoy bunlardan danışsın, xalqdan üzr istəsin, düz yola qayıdacağını desin. Deyərmi? Çətin. Çünki vəzifə, pul-mal düşgünləri heç vaxt Vətən və xalq haqqında düşünə bilməzlər. O səbəbdən ki, onların mədələri başlarından yuxarıda yerləşir.

Daha çox xəbərlər