Salam, Füzuli…
Öz yurdundan didərgin salınmış 90 nəfər sakinin torpaq həsrəti artıq başa çatıb
Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yurdumuzun ən qədim, füsunkar guşələrindən olan doğma Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Köç Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə – 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 5-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si 17-si dördotaqlı mənzil ilə təmin olunub.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. Qarşıdakı günlərdə Füzuli şəhərinə digər ailələrin köçürülməsi davam edəcək.
Ümumilikdə, bu günədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi – 2 000-ə yaxın insan daimi məskunlaşdırılıb. Bu ilin sonunadək ümumilikdə azad edilmiş ərazilərdə daha 2 minə yaxın keçmiş məcburi köçkün ailəsi, 10 minə yaxın insanın doğma el-obalarında məskunlaşdırılması nəzərdə tutulub. Bu proses qarşıdakı aylarda daha instensiv xarakter alacaq və Böyük Qayıdışa dair I Dövlət Proqramı vaxtında, yüksək səviyyədə icra olunacaq.
Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır.
Zəngin infrastruktura və tarixi abidələrə malik olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Füzulinin azad olunması ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25167 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də sürətli bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb. Heç şübhə yoxdur ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə tam bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq.

