Sarsılmaz qardaşlıq, əbədi birlik
Qardaş Türkiyə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, postmüharibə mərhələsinin sülhyaratma prosesində Azərbaycanın beynəlxalq hüquqa və ədalət prinsipinə əsaslanan haqlı mövqeyinə davamlı dəstək verir
Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini, kədərini bölüşüb. Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri günü-gündən genişlənir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri var.
Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilir. Həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkələrə qədər uzanır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.
İki ölkə arasında hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillər sırasında birgə hərbi təlimlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Buna misal olaraq “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020” təlimlərini göstərmək olar. Bununla yanaşı, Bakıda “ADEX-2014”, “ADEX-2016”, “ADEX-2018” və İstanbulda “IDEF-2017”, “IDEF-2019” və “IDEF – 2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan vermişdir.
Bütün bunların davamı olaraq Türkiyənin Qars şəhərində Azərbaycanla birgə keçirilən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir. Həmçinin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.
Ümumiyyətlə, Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr olaraq bütün platformalarda bir-birini dəstəkləyir. Biz iki ölkənin bu qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən qardaş köməyində də gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətlərinin əlaqələrinə də sirayət etməkdədir.
Bu gün 44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edən Azərbaycan bölgədə yeni işbirliyi və təhlükəsizlik mühiti formalaşdırıb. Buradakı ən mühüm məqam isə postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəflənmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi – Şuşa Bəyannaməsinin imzalanması oldu. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır.
Strateji müttəfiqlər ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini reallaşdırmaq qərarı veriblər. Bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.
İyulun sonunda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının TUSAŞ şirkəti arasında “Su-25” modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi keçirilmişdi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev bir müddət öncə İstanbulda baş tutan “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşmüşdülər. Aparılan işgüzar danışıqlar, eyni zamanda, yeni layihələrin icrası ideyaları uğurlu əməkdaşlığa çevrilir. Məsələn, “KAAN” döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılaşma əldə edilməsi faktı buna bariz sübutdur.
Qardaş Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında yer aldığı kimi, ölkəmizin Laçın yolu ilə bağlı narahatlığını da bölüşür. Bu günlərdə Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolu ilə bağlı ayrıca bəyanat qəbul edib. “Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır”, – deyə sənəddə qeyd olunub. Türkiyə hesab edir ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səyləri dəstəklənməli, vəziyyəti gərginləşdirən hərəkətlərə yol verilməməlidir”, – deyə bəyanatda vurğulanıb.
Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu qlobal layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyinə böyük təminat verməklə yanaşı, eyni zamanda, ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

