Cəmiyyət 

Makronun hapı-gopu keçmədi

Ermənistan isə BMT TŞ-də “toy məsələsi” ilə gülüş hədəfi oldu

“Laçın yolunun “blokadası” ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir.”

Bu sözləri  mətbuata açıqlamasında fransız tarixçisi və politoloqu Maksim Quen Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanata münasibət bildirərkən deyib: “Laçın yolunda nəqliyyatın hərəkəti dayanmır. Xankəndidəki ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə müqavimət göstərməsəydi Ermənistan ərazisində gözləyən yük maşınları keçə bilərdi. Bu yoxlama həm qanuni (sərhəd-buraxılış məntəqələri bütün ölkələrdə var), xüsusən də Rusiya “sülhməramlıları”nın himayəsi altında həyata keçirilən silah qaçaqmalçılığının qarşısının alınması kontekstində zəruridir”. Maksim Quen əlavə edib ki, Ağdam-Xankəndi yolunu məhz erməni separatçıları bağlayıblar. Onun qənaətlərinə görə, belə qərəzli bəyanatları, təəssüf ki, təkcə Fransanın deyil, həm də  çox vaxt Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri verirlər: “Avropa İttifaqı və Fransa qorxurlar ki, Nikol Paşinyan öz ölkəsində ictimai rəy qarşısında simasını itirə və onun yerini Robert Koçaryan və ya onun kimiləri əvəz edə bilər”.

Təlaş keçirmək lazım deyil. Onsuz da Fransanın və Avropa İttifaqının sevimlisi Nikol Paşinyan Ermənistanda elə bir nüfuz sahibi deyil, yəni itirəcəyi bir şey yoxdur. Ona görə də onun itirəcəyi yalnız layiq olmadığı taxta kürsü ola bilər. Robert Koçaryan isə erməni toplumu arasında “qanlı prezident” damğası ilə yadda qalıb. Axı, o, 1998-ci ildə parlamenti gülləbaran etdirməklə, 8 nəfər parlament üzvünü və sədrini qətlə yetirməklə hakimiyyətə gəlmişdi. Onun hakimiyyətə geri dönüşü sıfıra bərabərdir. Çünki hay toplumu ona heç vaxt imkan verməz. Bunlar öz yerində.

Ancaq burada müsyö Maksimin sözlərinə bir düzəliş də zəruridir. Bu da ondan ibarətdir ki, Makron Fransası dünyanın bir çox yerində, o cümlədən də Azərbaycanda öz simasını çoxdan itirib. Azərbaycanlılar onu ermənidən artıq erməni kimi qiymətləndirirlər. O, özü də dünyadan gedənə qədər ermənilərin yanında olacağına söz verib.

Yaddan çıxarmırıq ki, ermənilərin “humanitar fəlakət”, “blokada” və “soyqırım” şoularını BMT Təhlükəsizlik Şurasının (TŞ) müzakirəsinə daşınmasının əsas müəllifi məhz Fransanın dövlət başçısıdır. Çünki Fransa Təhlükəsizlik Şurasının  beş üzvündən biridir. Görünür, hapa-gopa basan Emmanuel Makron hayları qələbə qazanacaqlarına ümidləndirib və arxalarında möhkəm duracaqlarına söz verib. Ancaq Makronun təkəbbürü güvəndiyi qurumda da sındırıldı və gözünə girmək istədiyi Ermənistanı isə dünyaya güldürdü. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Dünya beşdən böyükdür.” Elə də oldu. Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyevin nümayiş etdirdiyi “acından ölən” hayların “toy” fotoşəkilləri iştirakçıların gülüşünə səbəb oldu.

Makron ssenarisinin boşa çıxması ilə  Qarabağdakı  separatçı-terrorçu ermənilər Azərbaycanın təklifi və ya dəmir yumruğu ilə təkbətək qalıb. Bu da ona gətirib çıxarır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyası qaçılmazdır. Bu, bütün regionda sülhə, sabitliyə nail olmağın ən vacib elementlərindən biridir. Əgər sonuncu təklifdən də qaçsalar, onda öz bəxtlərindən küsməli olacaqlar. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan iki dəfə dialoq təşəbbüsü ilə çıxış edib. Üçüncü təklif olmayacaq. Haylar başa düşməlidirlər ki, Azərbaycan onların nazı ilə çox oynamayacaq. Onlara verilən vaxt limiti artıq tükənib.  Daha bir otuz il də gözləyən olmayacaq. Bunu başa düşmək, reallıqları anlamaq, sərsəm keçmişlə, xam xəyallarla yaşamaq əvəzinə normal gələcək barədə düşünmək lazımdır. Azərbaycanla hədə və təzyiq dili ilə danışmağın səmərəsiz olduğunu yaxın tariximiz dəfələrlə sübut edib. Bu gün də sübut edir. Bizim güclü dövlətimiz, müdrik liderimiz, perspektivlə bağlı aydın “yol xəritələri”miz var. Ermənistan bir dövlət üçün vacib olan bu cür imkanlardan və ehtiyatlardan məhrumdur və daha böyük məhrumiyyətlərlə üzləşməmək üçün reallıqları obyektiv qiymətləndirməyə cəhd göstərməlidir. Qızışdırıcı himayəçilərdən uzaqlaşmalı, sərsəm ideyaları unutmalı, ağılsız oyunlardan birdəfəlik əl çəkməli, qonşularla normal münasibətlər qurmalıdır. Dünyanın gedişatı belə tələb edir. Bunu qanmaq çətin bir şey deyil axı. O da çətin olsa, onda  qanmazı qandırarlar.

Daha çox xəbərlər