Qarabağda rus-erməni boğuşması…
Özgə torpağında boğuşan gəlmələrin hər ikisi nə istədiklərini bilirlərmi?
Xocalıdakı hərbi bazaya gedən yolu bağlayan Qarabağ erməniləri ilə rus sülhməramlıları arasında gərginlik yaşanıb.
Səbəb odur ki, Xocalıda yuva salmış ermənilər bir neçə gün əvvəl Qarabağda dislokasiya olunan Rusiya sülhməramlılarının hərəkətinin qarşısını almaq üçün yolun keçid məntəqəsinə avtomobillər düzüblər. Ruslar bundan qeyzlənərək zirehli texnikalarını keçid məntəqəsinin girişinə apararaq yolun açılmasını tələb ediblər. Lakin ermənilər onları dinləməyərək maşınları yerindən tərpətməyiblər. Haylar məsələni belə qoyublar ki, sülhməramlılar onlara kömək etməsələr yolu açmayacaqlar. Daha sonra sülhməramlılardan bir neçəsi ermənilərin maşınlarını kənara çəkib, zirehli transportyorlarla yolu bağlayıblar.
Bu zaman tərəflər arasında gərginlik pik həddinə çatıb. Onlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Bir nəfər sülhməramlı əsgərin rişxəndlə verdiyi sual heç vaxt belə münasibət görməyən erməni terrorçularını hiddətləndirib. Sülhməramlı əsgər ermənidən soruşub ki, siz kimin sifarişini yerinə yetirirsiniz? Buna görə sizə nə qədər pul veriblər? Ancaq bu sualı verən rus əsgəri yaddan çıxarıb ki, Xocalını tarmar edib söyqırımı törədən onların 366-cı motoatıcı alayı olub. Onda onlar kimin sifarişini yerinə yetirirdilər, bunun üçün onlara nə qədər pul vermişdilər? Təəssüf ki, bu sualları onlara vermək üçün qorxaq ermənilərin cəsarəti çatmayıb. Bir də ki, ağuverənlə ilanın nə fərqi?
Yaddaşları daim pozğun olan ermənilər də unudublar ki, Xocalını onlara rus alayı alıb verib. Yoxsa ermənilərdə o cürət hardaydı? İndi erməni terrorçu rus əsgərini oraya buraxmır. Görün ha, ermənilər nə qədər qudurub cızıqlarından çıxıblar. Baş vermiş insident Xankəndiyə, oradan da İrəvana çatdırılıb.
Maraqlı və təəccüblü orasıdır ki, istər erməni terrorçuları, istərsə də rus əsgərləri olsun, hər ikisi bizim torpağımızda olduqlarını unudurlar. Bu vəziyyət indi deyil, iki yüz iyirmi ildən bəri davam edib. Nəhayət, 2020-ci ilin sentyabrında ayağa qalxan Azərbaycan hamıya sübut etdi ki, bu torpaq bizimdir, onlar isə uğursuz qonaqlardır. Hər kəs öz yerini bilməlidir. Ancaq bizim qonaqlar çox sırtıq və həyasızdırlar. Görünür, bunları yenidən başa salmağa ehtiyac var.

