Cəmiyyət 

Vətən sevdalısına xalq məhəbbəti

Masallıda Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin 33 yaşının tamamında doğum günü keçirilib.

Şəhidin adını daşıyan Masallı şəhər 3 saylı tam orta məktəbində baş tutan  tədbirdə  rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və digər  rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, “Təbəssüm yarat” ictimai birliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət himni oxunub, Vətən yolunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon rəhbəri A. Əhmədov çıxışında  44 günlük Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Ali Baş Komandanımızın rəhbərliyi altında  müzəffər ordumuzun rəşadəti  İntiqam kimi igid Vətən sevdalıları  hesabına mümkün olduğunu bildirib,  adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şəhidlərə daim ehtiram olmasını , həyat yolları   gələcək nəsillərə örnək olduğunu söyləyib.

Digər natiqlər də Vətən yolunda  şərəfli ölümü bütün Azərbaycan xalqına baş ucalığı gətirən şəhid İntiqam Əsgərlinin əbədiyaşar  həyatı və döyüş yolundan danışıblar: İntiqam Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində dünya göz açıb. Vətəninə, yurduna sonsuz  məhəbbətlə  boya-başa çatan  elin sevimli oğlu  orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirib Xüsusi Təyinatlı Qüvvələrin giziri vəzifəsində  xidmətə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu mükəmməl  başa vurub.  Aprel döyüşlərində   hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. İntiqam Əsgərli onu özü döyüş meydanından çıxardıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına  əbədiyyətə qovuşub.”

Şəhidlərin valideynləri Ziba xanım, Bayram kişi şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etməklə bərabər, həm də deyiblər ki, Azərbaycan xalqının tarixinə qeyrət , hünər səhifəsi kimi yazılın Vətən müharibəsi müqəddəs Qarabağı bizə qaytardı. Bu haqq savaşımızda iki oğlumuz şəhid oldu.  Torpaq  uğrunda ölən varsa, Vətəndir. Bütün qəhrəmanlar xalqın fəxridir. Bizim oğullar da belə…

Mərasim iştirakçıları Masallı şəhər Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə kompleksini, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin  uyuduğu müqəddəs yeri ziyarət edib, dərin ehtiram əlaməti olaraq məzarı üstə gül dəstələrini  düzüblər.

Onu da bildirək ki, Vətənini canından əziz tutan  ölməz igidimiz İntiqam  Əsgərli  ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığına  görə medalları ilə təltif olunmaqla bərabər, həm də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.  Şəhər 3 saylı məktəb, mərkəzi küçələrdən biri onun adını daşıyır. O, ailəli idi, Nur adlı qızı, İntiqam adlı oğlu yadigar qalıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər