Azərbaycan növbəti dəfə diplomatik uğur əldə etdi
Cari ilin avqust ayının 16-da BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın təklifi ilə növbədənkənar iclas keçirdi. Rəsmi İrəvan növbəti dəfə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi və Laçın-Xankəndi yolunun beynəlxalq güclərdən istifadə edərək açılması üçün əlində olan bütün imkanları səfərbər etsə də, buna nail ola bilmədi və ciddi məğlubiyyətə uğradı. Ən vacibi isə “humanitar fəlakət”, ”soyqırımı” və ”etnik təmizləmə” kimi uydurduğu yalanlar dünyanın ən mötəbər qurumunda tam olaraq ifşa edildi. Heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi.
Keçən ilin dekabr ayında da məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılması cəhdi olmuşdu. Hər iki halda Ermənistanın cəhdləri fiaskoya uğradı.
Qeyd edək ki, bu diplomatik qələbənin əsasını Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin yürütdüyü uğurlu xarici siyasət təşkil edir.Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi,tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, BMT Təhlükəsizlik Şurasında Ermənistanın bir daha ümidlərinin puça çıxması ilə nəticələndi.Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq.
Toplantının sadəcə adi müzakirədən uzağa getməyəcəyi Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycanlı diplomat nitqinin əvvəlində BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edərək deyib:“Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”. Təhlükəsizlik Şurasının müzakirələrində çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları da məhz Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi və ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.Ermənistanın dünyada ən mötəbər qurum hesab edilən BMT Təhlükəsizlik Şurasını öz siyasi məqsədləri üçün istifadə etmək cəhdi isə tam iflasa uğradı.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü

