Narkomaniya əsrin bəlasıdır
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq yerli təhsil orqanları və təhsil müəssisələri tərəfindən yerlərdə narkomaniyaya qarşı mübarizə və antinarkotik tərbiyə sahəsində təbliğat və maarifləndirmə işləri 2023-cü il ərzində də davam etdirilmişdir. Bu məqsədlə şagird və tələbələr arasında təşviqat xarakterli görüşlər, seminar və konfranslar, “dəyirmi masa”lar, müsabiqələr, idman və intellektual oyunlar təşkil edilmişdir.
İlin ötən dövrü ərzində təhsil müəssisələri tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılmış, bu məqsədlə şagird və tələbələr arasında “Narkomaniyaya “yox” deyək!” mövzusunda görüşlər, “dəyirmi masa”lar təşkil edilmiş, tədbirlərə hüquq-mühafizə orqanlarının nümayəndələri və səhiyyə işçiləri dəvət olunmuşlar. Eyni zamanda, “Narkotik maddələrin ziyanı”, “Narkomaniyanın fəsadları” barədə uşaqlara və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumatlar verilmiş, bu mövzuda hazırlanmış çap materialları, bukletlər paylanılmışdır. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin dəstəyi, məktəbdənkənar təhsil müəssisələrinin təşkilatçılığı ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, məktəblilərin antinarkotik dünyagörüşünün formalaşdırılması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, şagirdlərin təhsilə, elmə, idmana olan marağının daha da artırılmasından ibarət olmuşdur. Tədbirlərdə ekspert qismində iştirak etmiş Bakı Şəhər Narkoloji Mərkəzin, polis orqanlarının nümayəndələri, tibb işçiləri və psixoloqlar məktəblilərin antinarkomaniya ruhunda tərbiyə olunmasının, sağlam həyat tərzinə cəlb edilməsinin əhəmiyyəti vurğulamış, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivlərinə mövzu ilə əlaqədar məlumat kitabçaları təqdim etmişlər.
2023-cü ilin ötən dövründə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən ümumtəhsil və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında “Əlaçı” intellektual oyunu, “61” televiziya layihəsi keçirilmişdir.
Tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkara çıxarmaq, daha çox məktəblini intellektual fəaliyyətə cəlb etmək, onları sağlam həyat tərzinə istiqamətləndirmək, şagirdlərin antinarkotik dünyagörüşünü formalaşdırmaq, təhsilalanların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarət olmuşdur.
6 iyun 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaq və gənclərin iştirakı ilə “Çıxdı günəş, doldu cahan nur ilə” adlı II respublika uşaq yaradıcılıq festival-müsabiqəsi keçirilmişdir. Festivalın keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin istedad və bacarıqlarını ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək olmaqdan ibarət olmuşdur. Festival çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və gənclərin əl işlərinin satış sərgisi təşkil edilmişdir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə cari ildə təhsil müəssisələrində su problemləri, onların həlli yolları, su resurslarından səmərəli istifadə və onun mühafizəsi mövzularında ekoloji təlimlər, Xəzər dənizinin sahilində təmizlik aksiyaları və digər maarifləndirmə tədbirləri keçirilmişdir.
Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş ümumi təhsil müəssisələrində həyata keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsi çərçivəsində hazırlanmış “Sinif gigiyenası” adlı vəsaitdə sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı məlumatlara da geniş yer verilmişdir.
Respublikada fəaliyyət göstərən internat məktəblərində daxili işlər və səhiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə narkomaniya, narkotik vasitələr və onun orqanizmə zərərli təsiri barədə maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə narkomaniya, narkotik vasitələr, alkoqollu içkilərin, tütün və tütün məmulatlarının orqanizmə zərərli təsiri, reproduktiv sağlamlıq, narkomaniyaya qarşı mübarizə mövzusunda mühazirələr oxunmuşdur.
Peşə təhsili müəssisələrində yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə tütündən istifadə, narkomaniya və digər psixoaktiv maddələrin qəbulu, QİÇS və digər infeksion xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə mühazirələr, maarifləndirici və profilaktik görüşlər təşkil edilmiş, videomateriallar nümayiş etdirilmiş və “Narkomaniyaya “yox” deyək!”, “Antinarkomaniyaya qarşı təbliğatın gücləndirilməsi barəsində maarifləndirmə işinin aparılması”, “26 iyun – BMT-nin Narkotiklə Mübarizə Günü”, “Narkomaniya əsrin bəlasıdır”, “Zərərli vərdişlər və onların profilaktikası”, “Narkomaniya – “ağ ölüm”dür” kimi mövzularda tədbirlər təşkil edilmişdir.
Təhsilalanların təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması istiqamətində məktəbdənkənar təhsil müəssisələri tərəfindən il ərzində müxtəlif formatda tədbirlər həyata keçirilir. Gənclərin yaradıcı təfəkkürünün, bilik və məlumatlılıq səviyyələrinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, istedadlarının üzə çıxarılması, sağlam həyat tərzinin təbliğ olunması və zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, sərgilər, festivallar, forumlar, “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunmuşdur. Bu sahədə keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Dövlət Proqramının aidiyyəti tədbirlərinin icrasını təmin etmək məqsədilə bir çox ali və orta ixtisas təhsil müəssisələrində konfranslar, disputlar, seminarlar keçirilmiş, sərgilər təşkil olunmuş, bu tədbirlər çərçivəsində narkomaniyaya düçar olmuş şəxslərin aqibətini əks etdirən müxtəlif tamaşalar, “Gənclər zərərli vərdişlərə qarşı”, “Tütün və tütün məmulatlarının istifadəsinin azaldılması”, “Sağlam həyat tərzi” və “Tələbələrə fiziki aktivliyin aşılanması” mövzularında videoçarxlar nümayiş etdirilmişdir.
Ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında sağlam həyat tərzini təbliğ etmək, onların idman ustalıqlarını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, o cümlədən, zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə tədbirlər keçirilmişdir.
Röya Musayeva,
Elm və Təhsil Nazirliyinin Hesabatvermə və icraya nəzarət sektorunun böyük məsləhətçi

