Cəmiyyət 

Vətənin şəhid oğlu

44 günlük İkinci Qarabağ müharibəsində canından keçərək  xalqımıza Zəfər sevincini yaşadan minlərlə qəhrəmandan biri də Kənan Natiq oğlu Şahbazovdur. İgidliyi, mərdliyi dillərdə dastan olan Kənan Şahbazov 23 iyul 2002-ci ildə Masallı rayonunun Kəlbəhüseyn kəndində anada olub. 18 yaşında şəhidliyi ilə şanlı tarix yazan Masallı elinin qəhrəman övladı bütöv Azərbaycan xalqının and yerinə döndü.

Vətənə, doğma torpağına məhəbbət ruhunda boya-başa çatan Kənan orta məktəbi bitirib 2019-cu ildə Rusiya Federasiyasının Kazan şəhərində Açıq Federal  Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olur. Tələbə biletini alanı nümunəvi davranışı, savadı, əsl azərbaycanlıya məxsus milli-mənəvi dəyərləri yalnız ona hörmət gətirir. Eyni zamanda, yaxşı idmançı kimi də tanınır, sevilir. İştirak etdiyi çempionatlarda qazandığı qələbələrlə yadda qalır. Amma  Qarabağın işğalına qarşı barışmaz mövqeyi, hiddəti bir qayda olaraq Kənanı doğma Vətənə çəkir. Amalı da Vətən torpaqları naminə  əlinə silah alıb döyüş meydanında  düşmənlə  üz-üzə gəlib onu əzmək olur. 2020-ci ildə təhsilini qiyabi davam etməklə, hətta  hər an yolunda canını verməyə hazır olan, müqəddəsliyinə tapındığı  Azərbaycana qayıdır. Və cəbhə bölgəsində həqiqi hərbi xidmətə başlayır.

Kənan əsgəri borcunu vicdanla, ləyaqətlə yerinə yetirir. Vətəni canından əziz tutmaqla onu göz-bəbəyi tək qoruyur. 27 sentyabr İkinci Qarabağ müharibəsi başlandığı gündən yağıdan qisas almaq üçün özünü odun-alovun içinə atır. Vuruşduğu  yerlərdə ölümə meydan oxumaqla mənfur  erməni dığaların  kabusuna çevrilir. Neçə-neçə ağır döyüşlərin qalibi olur igid Kənan. Hər dəfə düşmən tapdağında çıxan Vətən torpaqlarında qələbə bayrağımız dalğalananda dığaların ilan başını əzmək  üçün qollarına yeni güc gəlir. Kəlbəcər rayonun Koroğlu dağı istiqamətində Kənan ölümə meydan oxumaqla misilsiz qəhrəmanlıq  örnəyi göstərir. 2020-ci ilin 28 oktyabrı onun cavan ömrünə son qoyur. Ağır müharibə meydanında  son nəfəsədək düşmənə qarşı vuruşaraq qəhrəmancasına  müqəddəs şəhidlik zirvəsinə ucalır. Qısa ömür yaşasa da,  yazdığı tarixlə əbədiyaşarlıq qazanır. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü  3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, Cəbrayılın, Kəlbəcərin azadlığı uğrunda medalları müqəddəs şəhid adına daha bir şərəf  qatır.

Bəli, şəhid qanı axmayan torpaq Vətən olmaz. Məhz  Kənan Şahbazov bu müqəddəs yolda öz canından keçdi. Onun adı həmişə Vətənlə bir çəkilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər