Qəşəng…
Qarabağı tərk edən ermənilərə də, qalıb yaşamaq istəyənlərə də hər cür şərait yaradılacaq
Son üç gündə Qarabağı tərk edənlərin sayı 200-ü keçdi. Əslində, Ermənistanın və Fransa başda olmaqla ermənipərəst dairələrin BMT Təhlükəsizlik Şurasında Azərbaycana növbəti məğlubiyyətindən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında yaşayan ermənilər, daha dəqiqi Qarabağdakı qondarma qurumun rəhbərliyi arasında qarşıdurmanın güclənəcəyi və kütləvi köçün başlanacağı ehtimallar sırasında idi. Ancaq erməniəsilli şəxslərin Laçın sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində sərbəst keçidlərinin təmin edilməsini əks etdirən görüntülər iki maraqlı məqama görə diqqət çəkir. Birincisi, Azərbaycanı birdəfəlik tərk etdikləri şübhə doğurmayan ermənilərin sənədlərinin və yüklərinin prosedur qaydalara uyğun yoxlanılmasına verdikləri reaksiyaları. Üzlərindəki gülüş, davranışlarındakı razılıq hissi belə təəssürat yaradır ki, sanki həmin erməniləri Azərbaycan ərazisində kimlərsə zorla saxlayırmışlar və indi Qarabağı tərk etdikləri üçün sevinirlər. Elə jurnalistlərə onlar üçün maneəsiz keçidin yaradıldığını, hər şeydən razı qaldığını deyən gənc qızın üzündəki gülüş də, lopabığ, boynuyoğun erməni kişinin Azərbaycan dilində verdiyi “qəşəng” cavabı da çox mətləblərə aydınlıq gətirir. Kütləvi köç edənlərin əksəriyyətinin Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan erməniəsilli şəxslər olduğunu nəzərə alsaq, Azərbaycanın iradəsi və qətiyyəti qarşısında hansı böyük oyunların pozulduğunu asanlıqla təxmin etmək olar.
Yeri gəlmişkən, Laçın sərhəd-buraxılış məntəqəsində son günlərdəki hərəkətlilik ermənilərin “Xankəndi-Laçın yolunun bağlı olması”, “blokada” iddialarının nə qədər yalan olduğunu, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş siyasi spekulyasiya xarakteri daşıdığını bir daha təsdiq etdi. Göründüyü kimi, yol açıqdır, sənədləri qaydasında olan istənilən erməni heç bir maneə ilə üzləşmədən Ermənistana gedə bilər, necə ki, gedir.
İkinci maraqlı məqam da Ermənistan hakimiyyətinin və Qarabağdakı qondarma qurumun “rəhbərliyinin” yalanlarının ifşası ilə bağlıdır. Görüntülərdən aydın olur ki, sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərin əhval-ruhiyyələri kimi fiziki durumları da əla vəziyyətdədir, “blokadada” “aylardır aclıq çəkən” insanlara oxşamırlar. Hamısının, necə deyərlər, rəngi-rufu yerindədir. Üstəlik, əgər Qarabağın Rusiya sülhməramlılarının nəzarət zonasında yaşayan ermənilər həqiqətən ərzaq problemi ilə üzləşmiş olsaydılar bu vaxta qədər humanitar yüklərin çatdırılması üçün Ağdam-Xankəndi marşrutundan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törətməzdilər.
Ancaq son günlər Qarabağda separatçıların xüsusilə hərbi təxribatlarının artması fonunda qondarma qurumun rəhbərliyi arasında yaranmış fikir ayrılığının nəticəsi olaraq sözügedən marşrutun açılması imkanları daha real görünür.
Ermənistan mətbuatının yazdığına görə, Qarabağda daxili siyasi vəziyyət son dərəcə pisləşib. Hətta ötən həftə sonu qondarma “prezident” Araik Arutyunyanın öz “postundan” istefa vermək niyyətində olduğu, bununla bağlı digər separatçılarla görüşlər keçirdiyi ilə bağlı da məlumatlar yayılmışdı. Arutyunyanın məsləhətləşdiyi şəxslər içərisində keçmiş “dövlət naziri”, rusiyalı cinayətkar Ruben Vardanyan da olub. Ancaq Arutyunyana yönəlmiş təzyiqlər onun yaxın dostu, “milis rəisi” Karen Matevosyanın silahlı dəstə ilə “parlamentə” hücum edərək yeni seçilmiş spiker, Daşnaksütyun partiyasının üzvü Davit İşxanyanı və digər siyasi qüvvələri hədələməsi ilə neytrallaşdırılıb.
Ermənistanın “Hraparak” nəşri yazır ki, Matevosyan Ermənistan hakimiyyətindən aldığı əmrlərə əsasən hərəkət edir. Araik Arutyunyan isə dilemma qarşısında qalıb: ya istefaya getmək, ya da Azərbaycanın təklifini qəbul edərək Ağdam yolu ilə humanitar yüklərin Xankəndiyə daşınmasına razılıq vermək. Araikin ikinci variantı daha məqbul saydığı, avqustun 22-də “təhlükəsizlik şurası”nın genişləndirilmiş iclasında Ağdam-Xankəndi yolunun açılması ilə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyəti formalaşdırdığı bildirilir. Heyət “təhlükəsizlik şurası”nın keçmiş “katibi” Sambel Babayan rəhbər təyin edilib. Qeyd edək ki, S.Babayanın Azərbaycanının dövlət qurumlarının nümayəndələri ilə Qarabağdakı erməni azlığın əvvəlki təmaslarında da iştirak etdiyi ehtimal edilir. O, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının tərəfdarı kimi tanınır.
Ancaq Arutyunyanın atacağı addımların birmənalı qarşılanmayacağı, hətta onu devirmək üçün güc tətbiq edilə biləcəyi ehtimalı da nəzərə alınaraq müqavimətin yatırılması Karen Matevosyana tapşırılıb. “Hraparak” Qarabağdakı mənbələrinə istinadən yazır ki, Matevosyan güc tətbiq olunacağı təqdirdə “hakimiyyətin” radikal müxalifətə keçməsinin qarşısnı almaq, ən azı Samvel Babayana ötürmək üçün aktivləşdirilib.
Görüşün vaxtı və yeri haqqında dəqiq məlumat olmasa da, Qarabağda baş verən son proseslər rəsmi Bakının öz məqsədlərinə çatmaq üzrə olduğu qənaətini yaradır. Azərbaycan bütün təzyiqlərə və təxribatlara rəğmən beynəlxalq qanunlar və suveren hüquqları çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsini yaradaraq onun normal fəaliyyətinə nail olduğu kimi, Qarabağda da separatizmin kökünü kəsəcək, erməni əsilli vətəndaşların reinteqrasiyasına nail olacaq. Lopabığ, boynuyoğun erməni kişinin dediyi kimi, necə ki əlində Rusiya pasportu gedənlərə qəşəng şərait yaradılıb, eləcə də Azərbaycan vətəndaşlığını qəbul edib qalanları da qəşəng günlər gözləyir…

