Əsas səhifə 

Türk birliyi Qarabağdan dünyaya təqdim edildi

Avqustun 22-də dövlət başçısı İlham Əliyevin və ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzulidə qardaş dəstəyinin nümunəsi kimi qiymətləndirilən məktəbin açılışında birgə iştirak etmələri gələcəyə çağırışdır

Azərbaycan tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atdı. Bu reallıq beynəlxalq səviyyədə də etiraf edildi ki, müharibədən sonra dərhal bərpa-quruculuq işlərinə başlamaq mümkün deyil. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoyaraq müharibə taktikasını, şanlı Zəfərindən dərhal sonra isə bərpa işlərinə başlamaqla həm iqtisadi və maliyyə imkanlarını, həm də bu torpaqlara qovuşduğu üçün hansı hissləri keçirdiyini nümayiş etdirdi. 30 ilə yaxın torpaq həsrətini yaşayan soydaşlarımız Müzəffər Ali Baş Komandanın 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırdığı andan öz dogma yurd-yuvalarına qayıdış üçün hazırlığa başladılar. Torpaqlarımız işğaldan azad edilməsi müjdəsi veriləndə keçmiş qaçqın və məcburi köçkünlərin sevinclə dilə gətirdikləri ifadə bu oldu: “Biz artıq qaçqın deyilik.”

Ötən ay Şuşa Qlobal Media Forumunda “Tez-tez Qarabağa səfərlər edirsiniz, hər dəfə gələndə biz izləyirik, yeni layihələr, yeni yerlər açılır. O, Sizdə necə bir hiss yaradır? Tamamilə dağılmış bir yer və hər dəfə onu daşbadaş tikmək. Necə hiss edirsiniz? Ümumiyyətlə, qalib Prezident olmaq necə bir hissdir” sualını cavablandırarkən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, hiss etdiyim duyğular Azərbaycan xalqının hiss etdiyi duyğulardan heç də fərqlənmir. Sadəcə olaraq, fərq ondadır ki, mən bu yerləri, necə deyərlər, tez-tez görürəm. İnsanların əksəriyyəti bunu televiziya vasitəsilə görür. Ancaq, eyni zamanda, azad edilmiş bölgələrə indi turlar da təşkil edilir və vətəndaşlar da sürətlə azad edilmiş torpaqlara qayıdırlar: “Əlbəttə, ilk növbədə, qürur hissi duyuram. Hər dəfə Qarabağa və Şərqi Zəngəzura gələndə, ilk növbədə, hiss etdiyim qürur hissidir. Çünki xalqımla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil. Mən bilirəm, həmçinin siz də bilirsiniz ki, Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz Zəfər yolunu necə keçiblər, yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə necə gediblər. Azərbaycan xalqının ruhu necə də yüksəkdir. Yəni, bütün bunlar xalqımızı hər birimizə bir daha tanıtdı. Azərbaycan insanının necə yüksək mənəvi keyfiyyətlərə malik olmasını bir daha hər birimizə, ilk növbədə, bütün dünyaya göstərdi.”

Cənab İlham Əliyev, həmçinin onu da bildirdi ki, dağılmış şəhərləri, kəndləri görmək hər birimiz üçün çox ağırdır. Bu ağrı ilə barışa bilmirik. Baxmayaraq ki, artıq son üç ilə yaxın dövrdə azad edilmiş ərazilərdə bəlkə yüz dəfədən çox olmuşam. Hər dəfə dağıntıları görəndə ürəyim ağrıyır, hər dəfə özümə sual verirəm: nə üçün bizim qonşu saydığımız insanlar bu barbarlığa əl atıblar? Axı, biz onlara nə etmişdik? Özü də Birinci Qarabağ müharibəsində məğlub olan tərəf biz idik. Biz onların şəhərlərini, qəbirlərini dağıtmırdıq, onların ölülərinin sümüklərini çıxarmırdıq. Nə üçün bunu ediblər? Bu insanların ürəyində bizə qarşı nə qədər nifrət var idi ki, insanlığa sığmayan bu əməlləri etsinlər. Yəni, bunu mən bu günə qədər anlaya bilmirəm və yəqin ki, heç vaxt normal insan bunu anlaya bilməz. Dövlət başçısı dağılmış torpaqlarımızı görəndə keçirdiyi hisslərin fonunda yeni inkişaf layihələrini gördükdə hansı hissləri yaşadığını da açıqladı: “Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur. O ki qaldı, Böyük Qayıdış Proqramına, biz 30-dan çox şəhər və kəndin Baş planını təsdiqlədik, bir çox kəndlərin təməli də qoyuldu və artıq bu rəqəmlər səsləndirilmişdir. Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq.”

Təbii ki, bu əminlikləri səsləndirməyə əsas verən işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin sürətli hal alması, bununla paralel olaraq soydaşlarımızın doğma qurd-yuvalarına qayıdışlarıdır. Ötən il Zəngilanın Ağalı, Tərtər rayonunun Talış kəndlərinin sakinləri dogma ocaqlarına qovuşdularsa, cari ilin arxada qalan dövründə bu qayıdışın miqyasının daha da genişləndiyini görürük. Laçın şəhərinin sakinləri mərhələli şəkildə qayıdır. Zabux kəndinin sakinləri qayıdacaq. Artıq Füzuli sakinlərinin qayıdışının birinci mərhələsi həyata keçirilib.

«Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı – bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik» söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, bu gün atamın, bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək.

Əvvəldə də qeyd etdiyimiz kimi, Böyük Qayıdış proqramı uğurla icra edilir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci ildə reallaşdırdıqları Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri ilə başlanan bərpa-quruculuq işlərinin miqyasının nə qədər geniş olduğu görülən işlərin uğurlu nəticələrində özünün aydın ifadəsini tapır. Ölkə Prezidentinin bu ərazilərə səfərlərinin hər biri mühüm sosial obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə təkmil infrastruktur layihələrinin icrası ilə başlanılmışdı. Təbii ki, hər bir bölgənin inkişafında infrastrukturun yenilənməsi, zəruri olan şəraitin yaradılması prioritetdir. İnfrastruktur olmadan insanların işğaldan azad edilmiş ərazilərə köçürülməsi qeyri-mümkündür. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi. Onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası davam edir. Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.

Cənab İlham Əliyevin Prezidentlik dövrünün müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirilən 2003-2020-ci illər, eyni zamanda, bərpa-quruculuq işlərinə hazırlıq dövrü kimi də qəbul edilməlidir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edərkən bu çağırışı edir: «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.»

Bu gün dünyaya məhz bu reallıqları təqdim edirik. Son üç ilə yaxın dövrün qürurverici hadisələrindən biri də işğaldan azad edilmiş ərazilərimizin hər gününün çal-çağırlı, qonaqlı-qaralı olmasıdır. Bu mühüm addım hər daşı, qayası erməni vəhşiliklərinə şahidlik edən torpaqlarımızda olmaq Azərbaycanın reallıqlara əsaslanan təbliğatına dəstək olmağa böyük stimuldur.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda regionda və dünya siyasətində də dəyişikliklər diqqətdən kənarda qalmır. Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Kimin şərin, təcavüzkarın, kimin isə haqqın, ədalətin yanında olduğu istər 30 ilə yaxın işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə özünü aydın şəkildə nümayiş etdirir. Tarixi Zəfərimiz Azərbaycanın daim türk dünyasına çağırışlarını reallığa çevirdi. Bir daha sübut olundu ki, gücümüz birliyimizdədir. Qardaş Türkiyənin timsalında dünya türk birliyinin böyük güc olduğunun şahidinə çevrildi. İlk gündən Azərbaycanı tək qoymayan dost ölkə sonadək mənəvi və siyasi dəstəyini əsirgəmədi. Qalibiyyətin sevincini birgə yaşadıq və hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də bu dəstəyi aydın şəkildə görürük.

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bu dəstəkdən geniş bəhs edir. Bir mühüm məqamı da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən, həmçinin Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. Cənab İlham Əliyev digər türkdilli ölkələrin dövlət başçılarını da bu ərazilərimizə dəvət edir.

Avqustun 22-də ölkəmizə rəsmi səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuli rayonuna gəlişi bu günlərdə doğma yurd-yuvalarına qovuşan soydaşlarımızı daha da qürurlandırdı. Füzuli Beynəlxalq Hava Limanı növbəti dəfə Azərbaycana dost, qardaş ölkənin-Özbəkistanın dövlət başçısını qarşıladı. Qarşılanma mərasimində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Bu mühüm hadisə dünyaya bir daha türk birliyinin təqdimatı oldu. Onu da qeyd edək ki, Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana edib. Həm bu məqam, həm də Füzuli səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə işıq salır. Səfərin gündəliyinin zənginliyi həm görüşlərdə səsləndirilən fikirlərdən, gündəmə gətirilən məsələlərdən, həm imzalanan sənədlərin say tərkibindən, həm də azad Füzulidə bilavasitə cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilən məktəbin açılışından, həmçinin Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşdən və sair kimi məqamlardan daha aydın görünür. Dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə də tanış oldular. Özbəkistan Prezidentinin mətbuata bəyanatında səsləndirdiyi “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər. Bu gün Özbəkistanın xarici siyasət vektoru da bizim proqramı praktiki olaraq zənginləşdirməyə istiqamətlənib” fikirləri səfər çərçivəsində atılan addımların ümumi mənzərəsini təqdim edir. Cənab Şavkat Mirziyoyev, eyni zamanda, bildirdi ki, bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq. Düşünürəm ki, biz eyni köklərə malikik və bir-birimizlə ortaq dildə danışacağıq: “İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli, qiymətləndirməli, sevməli və təbliğ etməliyik.”

İşğaldan azad edilmiş ərazilərimizə edilən hər bir səfər milli qürurumuzun, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğumuzun təqdimatıdır. Bu məkanlardan ünvanlanan hər bir çağırış Azərbaycanın hazırda regionda və dünyada sözünün imzası qədər əhəmiyyətli olmasının göstəricisidir. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz türk birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi olduğunu nəzərə alsaq Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri, qardaş dəstəyi əsasında atılan addımın- tikilən məktəbin açılışında iştirakı özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev bildirir: “ Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.”

Daha çox xəbərlər