Şəhərlərə bənzəyən kəndlərimiz
Regionların inkişafı əhalinin rahat yaşamaq imkanlarını daha da artırır
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının deyil, regionlarının da hesabına reallaşır. Bu bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Rayon mərkəzləri, kənd və qəsəbələrmiz sözün əsl mənasında, yeni bir sima qazanıblar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin yaxşılaşmasına şərait yaradıb.
Bir sözlə, bu gün kəndlə şəhər arasındakı bərabərsizliyin aradan qaldırılması istiqamətində aparılan işlər onların arasındakı fərqi minimuma endirməyə hesablanıb və artıq bu istiqamətdə uğurlu nəticələr də var. Çünki 2004-cü ildən başlayaraq uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı olaraq həyata keçirilməkdədir.
Azərbaycan qlobal pandemiya dövründə belə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramların icrasını təxirə salmayan qüdrətli ölkədir. Çünki Prezident İlham Əliyev ötən dövrlərdə belə genişmiqyaslı iqtisadi inkişaf üçün ciddi zəminlər yaratmışdı. Xüsusilə regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayan ölkə başçısı verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlamaq üçün tez-tez regionlara səfər edərək həm görülən işlərlə maraqlanır, həm də sakinlərlə səmimi görüşlər keçirərək onların problemlərini öyrənir. Bir çox hallarda isə vətəndaşın problemi yerindəcə həll edilir və ya dövlət başçısı tərəfindən məsələnin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilir. Həmçinin Prezident müxtəlif sosial-iaşə obyektlərinin, zavod-fabriklərin açılışında iştirak edir. Əhali ilə görüşlərdəki bütün çıxışlarında dövlətin gördüyü işlərə, həm də vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirir.
Bölgələrimizdə aqrar sənayenin sürətli inkişafı da diqqət çəkir. Xüsusilə aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Son 5 ildə ölkəmizin 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və bir neçə iri fermer təsərrüfatları yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i sırf heyvandarlıq, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəştlər tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir. Burada digər önəmli məsələ odur ki, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 5 minədək işçi daimi, 6 mindən çox işçi isə mövsümi işlə təmin olunub. Yaxın 2 il ərzində əlavə 4672 iş yerinin açılması nəzərdə tutulur.
Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra edilir.
Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan yol infrastrukturunun önəmini nəzərə alan Prezident İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə milyardlarla investisiyalar qoyulub. Həm işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həm də ölkənin digər bölgələrində ən müasir yollar salınır. Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə və bu ilin ilk 7 ayında Dövlət Proqramına uyğun olaraq bütün yol-nəqliyyat infrastrukturları uğurla icra olunur. Son bir neçə ildə Prezidentin iştirakı ilə bir çox rayon və şəhərlərdə yeni yollar istifadəyə verilib.
Bu bir həqiqətdir ki, işğaldan azad edilmiş rayon və şəhərlərimizə gediş-gəlişin və daşınma prosesinin təmini üçün yolların əhəmiyyəti çox böyükdür. Qarabağda və Şərqi Zəngəzur iqtiadi rayonlarında tikintisinə İkinci Vətən müharibəsindən dərhal sonra başlanılan14 yol-nəqliyyat infrastrukturu layihəsinin bəziləri istifadəyə verilib, bəziləri isə tamamlanmaq üzrədir.
Bundan başqa, ölkəmizin yaşayış məntəqələrinin 96, 6 faizi tamamilə qazlaşdırılıb. Hətta bu gün ən ucqar dağ kəndlərində mavi qazdan istifadə edilir. Eyni zamanda, rayon mərkəzlərinin, kənd və qəsəbələrin su və kanalzasiya sistemlərinin yenidən qurulması istiqamətində geniş işlər görülür. İndi rayon mərkəzlərində aparılan abadlıq-quruculuq işləri onların simasını yüksək səviyyədə dəyişib. Böyük parklar, mədəniyyət evləri, Olimpiya idman kompleksləri, Gənclər mərkəzləri, bir-birindən zəngin ticarət mərkəzləri imkan verir ki, insanlar özlərini rahat və əmin- amanlıqda hiss etsinlər.
Digər ən önəmli fakt isə rayonlarda istfadəyə verilən regional «ASAN xidmətlər»dir. 100-dən artıq xidmət sahəsini əhatə edən bu mərkəzlərdə vətəndaşlar bürokratiyadan və süründürməçilikdən uzaq şəffaf və rahat şəkildə öz problemlərini həll edə bilirlər.

