Radikalların nomenklatura düşüncəsi
Heç bir nüfuzu, hörməti olmayan bu ikiüzlü simalar antimilli mövqedən əl çəkmirlər
Radikal müxalifət liderlərinin çıxışlarında populizm, siyasi demaqogiya, indiyədək fasiləsiz deyişmələrin təkrarı, nomenklatura düşüncəsi yenidən aydın sezilir. Xidmət etdikləri xarici təşkilatlar tərəfindən ayrılan qrantlar üstündə didişərək bir-birinə ittihamlar yağdıran bu radikal ünsürlər cəmiyyətdə heç vaxt hörmət qazana bilməyəcəklər. Bunu özləri də yaxşı bilirlər.
Dağıdıcı müxalifət düşərgəsinin “başbiləni”, AXCP sədri Əli Kərimlinin yalanlarına, şəxsi ambisiyalarını reallaşdırmaq cəhdlərinə, şər və böhtanlarına həmişəki kimi şərik olan və dəstək verən 5-6 antimilli ünsürdən ikisi – qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və ReAl Partiyasının sədri İlqar Məmmədov şəxsi “Facebook” profillərində yenidən “Siyasi partiyalar haqqında” yeni Qanuna tamamilə absurd, əsassız yanaşma ortaya qoyaraq qeyri-obyektiv, yalnış fikirlər yerləşdiriblər.
ReAl-ın avantürist sədri İ.Məmmədov utanıb qızarmadan iddia edib ki, guya son aylarda ölkəmizdə siyasi partiyalar kütləvi şəkildə qapadılır. Bu absurd, son dərəcə qərəzli yanaşmanın cavabı odur ki, əgər partiya özü-özünü buraxırsa, buna hökumət nə etməlidir? Hər kəs bilir ki, heç bir partiyanın qeydiyyatı indiyədək siyasi motivlərlə ləğv edilməyib. Ləğv edilən partiyalar özləri rəsmi şəkildə aidiyyəti orqana müraciət edərək bunu xahiş ediblər. İlqar Məmmədovun həqiqəti əks etdirməyən bu iddialarına isə heç bir gərək yoxdur.
Qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu isə bu dəfə “Siyasi partiyalar haqqında” yeni Qanunu absurd şəkildə tənqid edib qurtarmamış İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri abırsızcasına qınayıb. Özündən belə bir yalan uydurub ki, həmin dəyişikliklərə əsasən əgər mənsub olduğu partiya qeydə alınmazsa və kimsə “müsavatçıyam”, “cəbhəçiyəm” desə, onu 2 min manat cərimələyəcəklər. Təsəvvür edirsinizmi, necə gülünc, qeyri-obyektiv fikirdir. Əgər partiyanın qeydiyyatı ləğv ediləcəksə, yəni bu siyasi təşkilatlar yoxdursa, necə demək olar ki, “müsavatçıyam”, “cəbhəçiyəm?”
“Siyasi partiyalar haqqında” yeni Qanunda siyasi partiya anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər göstərilir. Eyni zamanda, Avropa İnsan Haqları Konvensiyasının müvafiq maddəsi birləşmək azadlığının tərkib hissəsi kimi siyasi partiyalarda birləşmək hüququnu qoruyur. Hər kəsin qanunla təsbit olunmuş və demokratik cəmiyyət üçün zəruri olan digər məsələləri də nəzərdə tutur.
Ən əsası odur ki, yeni Qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu Qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının yeni tarixi mərhələsinə qədəm qoyacaq. Yeni Qanunda çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.
Çox təəssüf ki, İlqar Məmmədli, Tofiq Yaqublu və onlar kimi 5-6 radikal ünsür bu faktları qabartmaq əvəzinə siyasi yapalaq kimi bu gün “erməni dəyirmanına su tökməkdə” davam edirlər.

