Edamlar ölkəsi…
İranda hakimiyyətin xalqa təzyiqləri artıb, molla rejimi etirazları qanla boğmaqda davam edir
İranın fars-molla rejiminin hakimiyyətin zülmünə qarşı etiraz edən vətəndaşlara, xüsusilə Cənubi Azərbaycandan olan soydaşlarımıza qarşı qəddar davranışları daha kəskin hal almaqdadır. Görünür, ölkə rəhbərliyi iyirmi iki yaşlı Məhsa Əmininin məcburi hicab bəhanəsi ilə “əxlaq” polisi tərəfindən zorakılığa məruz qoyulmaqla qətlə yetirilməsinin ildönümü ərəfəsində kütləvi etirazların yenidən başlayacağından və hadisələrin nəzarətdən çıxa biləcəyindən ehtiyatlanır. Çünki ciddi senzuraya baxmayaraq İranın əksər iri şəhərlərində sentyabrın 16-da “Qadın, həyat, azadlıq” şüarı altında kütləvi aksiyalara hazırlıqların getdiyi barədə məlumatlar yayılmaqdadır. Üstəlik, ölkədə tüğyan edən səfalət, işsizlik, cinsi və milli mənsubiyyətə görə səbəbsiz təzyiqlər, fars-molla iqtidarının din pərdəsi altında amansız qəddarlığı fonunda hər an sosial-siyasi partlayışın baş verməsi ehtimalı mövcuddur. Hakimiyyət isə son bir ilin hadisələrindən nəticə çıxarmaq əvəzinə etiraz edənləri represiyalara məruz qoyur, döydürür, zindanlara atdırır, rejimə qarşı baş qaldıranlar örta əsrlərin şəriət qanunları ilə cəzalandırılır, edam edilir.
HRANA-nın (İranda İnsan Haqları Təşkilatı) ölkədə insan haqlarının vəziyyəti ilə bağlı məlumatına görə, molla rejimi tərəfindən təkcə bu ay ərzində ən azı 69 nəfər edam cəzasına məhkum edilib. Həyata keçirilən edamların 75%-dən çoxu barədə hökumət və ya məhkəmə orqanları tərəfindən məlumat verilmir. Hüquqi müdafiə təşkilatlarları bu halları gizli edamlar adlandırırlar. Beynəlxalq təşkilatların məlumatına əsasən, İran adambaşına düşən edam nisbətinə görə dünyada birinci yerdədir.
Hakimiyyətin təzyiqlərindən ən çox əziyyət çəkənlər isə həmişə olduğu kimi, güneyli soydaşlarımızdır. Əsrlərdir İran ərazisindəki tarixi torpaqlarımızda yaşayan 40 milyona yaxın Cənibi Azərbaycan türkünün azadlığını məhdudlaşdıran, doğma dilimizdə təhsil də daxil olmaqla əksər hüquqlarından məhrum edən rejim indi onlara qarşı öz düşmən münasibətini Urmiya gölünü qurudaraq ekoloji terror törətməklə də göstərir. Buna etiraz edən fəallar isə oğurlanır, şərlənərək həbs edilir, işgəncələrə məruz qalır, barələrində əsassız edam qərarları çıxarılır. İranda İnsan Haqları Təşkilatının məlumatında bildirilir ki, avqustun 22-də güneyli soydaşımız, boksçu Ümid Mustafazadə Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılıb.
Hələlik idmançının həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hər hansı dəqiq məlumat yoxdur. Ancaq Ü.Mustafazadə bir müddət əvvəl Təbrizin “Traktor” futbol komandasının oyununda Urmiya gölünün qəsdən qurudulmasına qarşı etiraz şüarları səsləndirib, Türkiyədə keçirilən beynəlxalq yarışlarda da bu mövzuda pankartlar nümayiş etdirib. Göründüyü kimi, soydaşımızın həbsinin səbəbi İran hakimiyyətinin Cənubi Azərbaycanda törətdiyi ekoloji terrora qarşı etiraz səsini ucaltmasıdır.
Başqa bir Güney azərbaycanlı da rejimin saxta ittihamlarının qurbanına çevrilib. “İran Wire” xəbər verir ki, həkim Həmid Qarahəsənli barəsində verilmiş 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası məhkəmə tərəfindən qüvvədə saxlanılıb. Məlumata görə, Həmid və həyat xanımı Fərzanə Qarahəsənli radikal Bəsic qüvvələrinin Ruhullah Əcəmiyan adlı üzvünün öldürülməsinə görə ittiham edilən 16 müttəhim arasındadırlar. Həbsin əsl səbəbi isə tamamilə başqadır. Belə ki, Həmid və yoldaşı ötən il etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra həmin saxta ittihamla həbs ediliblər.
Molla rejiminin soydaşlarımıza qarşı nifrəti o qədər böyükdür ki, Tehranın bədnam Evin zindanında saxlanılan Güney azərbaycanlı fəal Rza Şəhabinin xəstəxanaya köçürülməsinə belə icazə verilmir.
Məlumata görə, onu müayinə etmək üçün tibbi sənədləri daha öncə həkimlərə göndərilib və mütləq əməliyyat olunmasına rəy verilib. Buna baxmayaraq, R.Şəhabinin xəstəxanaya göndərilməsinin qarşısı alınıb.
Qeyd edək ki, Şəhabi Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü olub, “rejimə qarşı təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Fars-molla rejiminin qəddar idarəçilik tərzi, vətəndaşlara qarşı törədilən cinayətlər bəzi hallarda hakimiyyət nümayəndələri, keçmiş dövlət və hökumət başçıları tərəfindən də tənqid olunur. Bir müddət əvvəl İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad, bugünlərdə isə islahatçı eks-Prezident Məhəmməd Xatəmi rejimə qəti etirazlarını bildiriblər. “Azad İran”ın məlumatına görə, M.Xatəmi hakimiyyətin özünü islah etməsinin vacibliyini bir daha vurğulayaraq deyib ki, bu cür idarəçiliklə həm islam, həm xalq, həm də İran əziyyət çəkir və sağalmaz yaralara məruz qalır: “Biz insanların yanında olaraq, onların problemini bilib dilə gətirməliyik və hökumətə bildirməliyik ki, xalqa pislik edir. İnsanlar qul deyil! Elə birini hakimiyyətə gətirin ki, xalqa cavab verə bilsin. Əgər deyirsinizsə ki, gücümüz var və belə də olmalıdır, bəs niyə İslam adına belə edirsiniz?”
İran hakimiyyətinin İslam dini adına eybəcər davranışları yalnız öz xalqına münasibətdə deyil və cavabını verməli olduqları çox suallar var. Göründüyü kimi, İranda iqtidarın (yuxarıların) köhnə qayda ilə idarə edə bilmədiyi, xalqın (aşağıların) isə bu qaydalarla yaşamaq istəmədiyi bir vəziyyət yaranıb. Bunun sonunun nə ilə nəticələnəcəyi isə hamıya ən azından tarixdən yaxşı məlumdur…

