Siyasət 

Milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan fəaliyyət

“Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban Əliyevanın fəaliyyəti hər şeydən əvvəl milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. O, Azərbaycan xalqının rifahına və dövlətimizin milli mənafeyinə xidmət edən mühüm təşəbbüslərlə çıxış edərək qarşıya qoyulmuş milli məqsədlərin, strateji hədəflərin reallaşdırılmasına müstəsna töhfələr verib”.

Bu fikirləri “İki sahil”ə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır, Azərbaycan mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin beynəlxalq arenada təbliğinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılmasına əsaslı töhfələr verir. Bütün bunların nəticəsidir ki, onun fəaliyyəti xalq tərəfindən böyük rəğbətlə və sevgiylə qarşılanır.

Millət vəkili daha sonra qeyd edib: “Mehriban xanım Prezidentimiz cənab İlham Əliyevin ən yaxın silahdaşı, Azərbaycanda qadın hərəkatının lideri, eyni zamanda, xeyirxahlıq və humanizm missiyasının ünvanı kimi tariximizə öz imzasını atıb. Bütün ali keyfiyyətlərinə görə Mehriban xanım Azərbaycan xalqının sonsuz məhəbbətini qazanıb.

Hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.

Daha çox xəbərlər