Əsas səhifə 

Mehriban Əliyeva – mərhəmətin, gözəlliyin ünvanı

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, dünyada və Azərbaycanda bir çox ehtiramlı titulların sahibi olan çox hörmətli, dəyərli Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım sadəcə Azərbaycan qadınının deyil, həm də müasir dünya qadınlığının bariz bir simvolu, nümunəsidir. Mehriban xanım xarici gözəlliklə daxili zənginliyin  vəhdətinin təcəssümüdür. O, həm gözəl, mərhəmətli qadın, həm bilikli, bacarıqlı peşəkar həkim, həm də ona müraciət edən hər bir insanın probleminə diqqətlə, qayğı ilə yanaşan, onların ağrısını öz ağrısı kimi görən, dərk edən, onların problemləri ilə yaşayan, nadir insanlara xas ən ülvi xüsusiyyətləri özündə cəmləşdirmiş şəxsiyyətdir. Dünyada Azərbaycan qadınının ən bariz siması olduğu üçün və dünya da Azəbaycan qadınını məhz onun simasında, onun əməllərində, fəaliyyətində tanıdığı, qiymətləndirdiyi üçün  fəxr edirik. Onun hər bir uğuru bütün Azərbaycan qadınlarının nailiyyətidir.  Ötən illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarda, inkişafda Mehriban xanımın  öz dəsti-xətti, imzası var. O,  cənab İlham Əliyev ilə birlikdə 30 ildən artıqdır yürüdüyü yolda ona təkcə ömür gün yoldaşı olmayıb. Ataların dediyi kimi, hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır. Məhz Mehriban xanım Əliyeva da hər addımı ilə daima həyat yoldaşının ən böyük dəstəkçisi olub. Onlar, bərabər irəlilədikləri bu yolda sadəcə öz ailələrinə, ətraflarına yox, eyni zamanda bütün Azərbaycana kifayət edəcək qədər işıq saçıblar. Və bu işıq, bu nur sayəsində bu gün  Azərbaycan bölgənin və hətta dünyanın ən sayılıb-seçilən ölkəsinə çevrilib.

Onların ailəsində mövcud olan dərin, sarsılmaz sevgi və ehtiram bağları, həmrəylik hər bir azərbaycanlı ailəsinə nümunədir.

Mehriban xanım öz zərif qadın çiyinlərində çox ali, müqəddəs missiyalar daşıyır. Həyat yoldaşı, ana, nənə olmaqla bərabər, o həm də bütöv bir xalqın övladı, anası, dəyərlisidir. Təkcə Azərbaycanımızda deyil, dünyanın dörd tərəfində öz üzərinə götürdüyü və şərəflə yerinə yetirdiyi çoxsaylı layihələrin hər birinin arxasında milli-mənəvi dəyərlər, soy-kökə bağlılıq,  humanizm və insan amili dayanır.

Növbəti doğum günündə mehriban, qayğıkeş, səmimi Mehriban xanımı dərin hörmət və məhəbbət hissləriylə ürəkdən təbrik edir, ona  daim bol uğur, möhkəm can sağlığı arzulayırıq. Müstəqil, bütöv Azərbaycanımızın Xilaskar Prezidenti, Müzəffər  Ali Baş Komandan cənab İlham Əliyevlə birlikdə inamla  addımladıqları bu yolda Tanrı onlara və xalqımıza hər zaman yar və yardımçı olsun. Amin!

Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini

Daha çox xəbərlər