Region Xəbərləri 

“Ermənistan və onun havadarlarının “Laçın” nəzarət- buraxılış məntəqəsi ilə əlaqədar aparmağa çalışdığı kampaniyalar da iflasa uğrayacaq…

2020-ci ilin payızında 44 günlük Vətən savaşında şəhid və qazilərimizin canı-qanı hesabına işğalçı Ermənistana üzərində qazanılmış hərbi-siyasi qələbə yüz minlərlə soydaşımızın 30 illik doğma yurd-yuva yanğısına su səpdi. Bu gün məhz həmin qələbənin qoyduğu təməllər üzərində günbəgün artıq yüzlərlə keçmiş məcburi köçkünün dədə-baba yurdu həsrətinə son qoymaqdadır. Elə həmin qələbəmiz nəticəsində də Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin böyük əksəriyyəti işğaldan azad edildi və ərazi bütövlüyümüzün tam bərpasına doğru əsas işlər yekunlaşdı…
2 il yarıma yaxın bir müddətdə dövlət rəhbərliyi və ordumuz tərəfindən görülən işlərin daha bir uğurlu nəticəsi və ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım olaraq 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində- Laçın rayonu ərazisində – Həkəri çayı üzərində ‘‘Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu və dövlət bayrağımız ucaldıldı. Bu addımla Azərbaycan Respublikası sərhədlərinin bütövlüyü tam təmin edildi. Xalqımız və dövlətimiz ölkə sərhədlərinin toxunulmazlığının bizim üçün nə qədər böyük önəm daşıdığını bütün bəşəriyyətə bəyan etdi.
Nə yazıqlar ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edən bəzi beynəlxalq güc və dövlətlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Həmin ermənipərəst qüvvələr Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını da həzm edə bilmir, Ermənistan tərəfi və ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, guya “Qarabağ bölgəsində humanitar böhran yaratmaqda” təqsirləndirirlər. Bununla da Ermənistandakı işğalçı xislətli siyasi dairələr bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışırlar. Halbuki, Laçın rayonu ölkəmizin suveren ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq Azərbaycan dövlətinin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbi olmaqla “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması da beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır…
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Yuxarı Qarabağın bir hissəsində qanunsuz yerləşdirilmiş separatçı erməni silahlı birləşmələrinin tərksilah olunması və suveren ərazimizdən çıxarılması baxımından böyük strateji əhəmiyyət və önəm daşıyır…
Milli maraqların qorunması naminə daim siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı onun əsassız iradlarını belə cavablandırıb: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması eyni zamanda böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Həmin məntəqədə Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayırlar. Bununla da Azərbaycanın müvafiq dövlət qurumlarının qanuni fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır…
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl keçmiş Dağlıq Qarabağ ərazisində Azərbaycan türklərinə qarşı XX əsrin ən ağır qətliamlarından birini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə 1991-ci ilin dekabrında Meşəli kəndinə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi amansızlıqla qətlə yetirib. Onu da vurğulayaq ki, Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Hazırda Azərbaycanda beynəlxalq qanunlara tam uyğun şəraitdə saxlanılan bu cani də tezliklə ədalət məhkəməsi qarşısına çıxarılaraq insanlıq əleyhinə törətmiş olduğu cinayətlərə görə öz layiqli və qanuni cəzasını alacaq…
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biri olmaqla regionun geo-siyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu. Beləliklə, bu addımımız İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallığın tərkib hissəsinə çevrildi…
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın “Laçın” sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib etdi. Bununla da “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyini bir daha öz təsdiqini tapdı…
Ermənistandakı revanşist siyasi dairələrin tarix boyunca Azərbaycan və qardaş Türkiyəyə qarşı mübarizələrində “mükəmməl” bir alət kimi “əzabkeş erməni”, “miskin millət” obrazını təbliğ edən bəzi beynəlxalq güc və dövlətlərin dəstəyi ilə apardığı manipulyasiyalar həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunlar bilavasitə Azərbaycana qondarma “humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatına qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır…
Xankəndi və ətrafında yaşayan ermənilərin sosial mediaya çıxışını informasiya təxribatları ilə əngəlləmək ilk növbədə Ermənistanın marağındadır. Bununla da həmin ərazidə olan həqiqi vəziyyət haqqında internetdə məlumatların yayılmasının qarşısı alınır. Sözügedən amil isə öz növbəsində qərəzli manipulyasiyalar üçün əlverişli şərait yaradır…
Sonda onu da xüsusi qeyd etmək vacibdir ki, avqustun 26-da Laçında Şəhər Gününün böyük coşğu ilə qeyd edilməsi həm də Laçın sərhəd- buraxılış məntəqəsinin yaradılmasının təntənəsi oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram tədbirində iştirak etdi. Prezident İlham Əliyev çıxış edərək bayram münasibətilə xalqımıza, laçınlılara öz təbriklərini çatdırdı. Ölkə başçısı çıxışında həmçinin regiondakı vəziyyətlə bağlı da ciddi mesajlar səsləndirdi. Ötən ilin 26 avqustunda müzəffər ordumuzun Laçın şəhərində yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız böyük qürur hissi ilə xatırlayır…
Prezident İlham Əliyevin Laçındakı bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə 1000-ə yaxın qayıdışı təmin olunub. 28 May Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən Laçına ilk köçən sakinlərə evlərin açarları təqdim olunub. Eyni zamanda bu ilin sonuna qədər isə daha 900 ailə üçün evlərin hazır olacağı gözlənilir. Qısa zamanda artıq Ermənistanla sərhəddəki Zabux kəndinə də sakinlərin geri dönüşünə start verilib. Ölkəmizin başçısı və birinci xanım da Laçına səfər çərçivəsində Zabux sakinləri ilə görüşüb yaradılan şəraitlə tanış olub. Eyni zamanda Zabux sakinləri ilə səmimi söhbət ediblər.
Dövlət başçısı Laçındakı növbəti çıxışında aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində yaradılmış “Laçın” nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatların qərəzli mövqeyinə də toxundu və onları sərt tənqid etdi…
Reallıq odur ki, Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində addım atır. Dövlətimizin başçısının da vurğuladığı kimi, heç kim ölkəmizin iradəsinə təsir edə, bizi haqq yolumuzdan döndərə bilməz. Məhz bu reallıq onu ehtiva edir ki, Ermənistan və onun havadarlarının Azərbaycana qarşı, eləcə də “Laçın” nəzarət buraxılış məntəqəsi ilə əlaqədar aparmağa çalışdığı kampaniyalar növbəti dəfə iflasa uğrayacaq…
Nərgiz Həsənova – Azərbaycan Respublikasının Əməkdar müəllimi, Ə.Dadaşov adına Xanağalı kənd tam orta məktəbin direktoru

Daha çox xəbərlər