Region Xəbərləri 

Siyasi-iqtisadi potensialımızın zəfəri-dirçələn Laçın !

Respublikamızda sosial-iqtisadi inkişafın, siyasi sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olması gələcək yüksəlişimizin etibarlı təminatıdır. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi islahatlar kursunun yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə dinamik yüksəlişin əsasıdır. Uzun illər ağrılı problem olan Qarabağ məsələsinin həlli ilə işğaldan azad olunmuş rayonlarda sürətli yenidənqurma, abadlıq işləri geniş vüsət almışdır. Artıq təqvimimiz zəfər günləri, bayram təntənəsi ilə xalqı qürurlandırır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günüdür. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Ali baş komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı da mərhələli şəkildə həyata keçirilir. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində 31 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına geri dönürlər. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan laçınlılar yeni yaşayış kompleksləri ilə təmin olunurlar.
1992-cil il, mayın 18-də Laçın rayonunun işğal olunması o vaxtkı iqtidarın və hakimiyyət uğrunda mübarizə aparan antimilli qüvvələrin fəaliyyətinin nəticəsidir.Təbii ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsinə çevrildi. Laçının işğalı Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin yaranmasına gətirib çıxardı. İşğal nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi-mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəldi. İllər sonra ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi. Ordumuz tarixi ədaləti bərpa edərək, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suverenliyini bərpa etmişdir. Laçın rayonunun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsi olmaqla dövlətimizin hərbi və siyasi qüdrətini bütün dünyaya göstərdi. Hazırda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq işləri aparılan Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biri olmaqla, dövlətimiz üçün strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Qarabağda, Şərqi Zəngəzurda həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomat, siyasətçi, jurnalist erməni vandalizmini, eyni zamanda, azərbaycanlıların quruculuğunu əyani şəkildə görür. 26 avqust 2022-ci ildən etibarən Laçın şəhərinin həyatında çox mühüm hadisələr baş verməkdədir. Rayon mərkəzinin bərpa edilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi Laçın şəhərinin Zabux və Sus kəndlərinin bərpası ilə bağlı dövlət tərəfindən aparılan işlər, Laçın şəhərinin Güləbird, Qorçu kəndlərinin təməlqoyma mərasimlərinin keçirilməsi Dövlət başçısı, müzəffər Ali Baş Komandan və Birinci vitse-prezidentin dəfələrlə səfərləri və onların açılışlarda, həm də təməlqoyma mərasimlərində iştirakı yaddaqalan hadisələrdir. Laçında müəssisələrin təməli qoyulur, həyat yenidən bərpa olur. İşğal edilmiş bütün ərazilər kimi Laçın da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Vətənə böyük məhəbbəti sayəsində yenidən canlanır. Bu gün Laçın abadlaşır və gözəlləşir. Dağların məğrur oğlu indi öz gününü toy-bayramla qeyd edir. Bizə bu Şanlı Zəfəri yaşadan bütün şəhidlərimizi hörmət və ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik !
Türkan Şadlinskaya – Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi

Daha çox xəbərlər