Gələcəyin təminatı sayılan gəncliyimiz
Ulu Öndər Heydər Əliyevin apardığı siyasi kursun əsas təməllərindən biri də gənclər siyasəti olmuşdur. Gənc nəslin düzgün yetişməsi dövlətin gələcəyinin təminatıdır. Bu cəhət əsas götürülərək 1996-cı il fevral ayının 2-də Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi və 1997-ci ildən isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olundu.
Azərbaycan xalqının Ümummilli Lideri ölkəmizin müstəqilliyinin qorunması və möhkəmlənməsində gənclərin rolunu mühüm sayırdı. Bu münasibətlə o, gənclərlə bağlı çıxışında bildirmişdir: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndərin bu sözləri müstəqil Azərbaycan gənclərinə bir çağırış idi. Müstəqilliyimizin bizlər üçün nə qədər vacib olduğunu və gəncliyin ona dəyər verməsini aşılayırdı.
Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi və dövlətimizin müstəqilliyinin qorunmasında vacib istiqamətlərdən biri sayılan sahələrdən biri peşəkar ordu quruculuğudur. Azərbaycan xalqının Ümummilli Lideri ordunun inkişafını və müasirləşməsini əsas tuturdu. Çünki Qarabağda məğlubiyyətimizin səbəblıərindıən biri də sistemli ordunun təşkil olunmaması idi. Ulu Öndər Heydər Əliyev çıxışlarında gənclərin vətənpərvərlik ruhunda yetişməsi, orduya cəlb edilməsi məsələsinə də toxunurdu. Çıxışlarının birində bildirmişdir: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.
Bizlər 44 günlük Vətən müharibəsində 30 il ərzində vətənini, torpağını düşmən tapdağından azad etmək üçün canından keçməyə hazır olan vətənpərvər gəncliyin yetişdiyinin şahidi olduq. Gəncliyimiz qürurumuz və gələcəyimizin təminatıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin düzgün şəkildə aparılmasını bizlər 44 günlük Vətən müharibəsində şahid olduq.
Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

