Mənəviyyatsızlığın pik həddi
Azərbaycan xalqının milli- mənəvi dəyərlərinə görə ölənin arxasınca danışmaq qətiyyən insanlıq əlaməti deyildir. Eyni zamanda, dinimizə görə də ölmüş insanın arxasınca danışmaq günahdır. Çünki hər kəs bu dünyadakı əməllərinə görə (bu istər yaxşı olsun, istərsə də pis) axirət dünyasında cavab verəcəkdir. İş ondadır ki, bu dəyərli prinsiplərə riayət etməyənlərin önündə yenə də radkal müxalifət nümayəndələri gəlir. Halbuki, onlar daim populist və avantürist fikirləri ilə gündəmi zəbt etməyə çalışan, özlərini cəmiyyətə daha «ədəbli-ərkanlı insan» kimi təqdim etməyə cəhd edən saxtakarlardır.
Onlar avqustun 28-də getdiyi xəstəxanada intihar etmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanova yönəlik ağır təhqirlər yazırlar. Sosial şəbəkələrdə yer alan bu təhqirləri oxuyanda onların mənəviyyatsızlığına bir daha əmin olursan. Məsələn, qondarma «Milli Şura»nın Koordinsiya Mərkəzinin üzvü ( necə də pafosla səslənir) Gültəkin Hacıbəyli mərhum hakimə «atəşi bol olsun» ifadəsini yazıb. Hətta daha dərinə gedərək guya siyasi məhbus hesab etdikləri Niyaməddin Əhmədova ədalətsiz hökm çıxardığına görə onu «şərəfsiz» adlandırıb.
Dağıdıcı müxalifətin daha bir nümayəndəsi, AXCP üzvü Fuad Qəhrəmanlı isə daha dərinə gedərək mərhum hakimi ağır ifadələrlə təhqir edib. O, mərhuma lənətlər oxuyaraq, hətta şərəfsiz ömür sürdüyünü yazıb. Digər AXCP üzvü, Əli Kərimlinin trollarının rəhbəri Natiq Ədllov da mərhum hakimi ən pis ifadələrlə təhqir etməkdən çəkinməyib. Mərhum hakimə təhqirlərini davam etdirən Tofiq Yaqublu da bütün milli –mənəvi dəyərləri ayaqlar altına atmaqdan belə çəkinmir.
Bu dağıdıcı düşərgənin həyasızcasına yazdıqlarından anlaşılan odur ki, onlar ədalətin mizan–tərəzisini məhz onların istəyinə uyğun qurulmalarını istəyirlər. Doğrudan da əgər elə olsaydı onda ölkəmiz 1992-1993-cü illərdəki anarxiya, özbaşınalıq və dərəbəylik dövrünə qayıdardı. Qeyd edək ki, həmin qanlı -qadalı dövrün yaradıcıları onların indiki rəhbərləri Əli Kərimli və «silahdaşları» olmuşdular.
Onlar hələ də anlamaq istəmirlər ki, Azərbaycan hüquqi dövlətdir və burada qanunlar hamıya eyni prinsiplə tətbiq edilir. Eyni zamanda, ölkəmizdə hər kəs məhz törətdiyi cinayət əməlinə görə cəzalandırılır. Ona görə də bu gün Azərbaycanın islah əmək düşərgələrində siyasi məhbus yoxdur. Dağıdıcı düşərgənin bu addan dövlət və ölkə əleyhinə istifadə etməsi isə siyasi manipulyasiyadır və anti-Azərbaycan qüvvələrin dəiyirmanına su tökməkdir.
Bəli, bu dağıdıcıların mərhum hakim haqqında yazdıqlarını oxuduqca onların necə əxlaq sahibləri olduqları bir daha aydın görünür. Axı mərhum Rahib Salmanov ölkədə təcrübəli hakim kimi tanınıb. Tanıyanlar onu həmişə qanunları, ədalət prinsiplərini öndə tutan bir ədalət mühakiməçisi kimi dəyərləndiriblər.
Görünən odur ki, bu dağıdıcılar 21-ci əsrdə yaşasalar da hələ də bolşevizmin «Bizimilə olmayanlar bizim düşmənimizdir» kimi axmaq prinsiplərindən əl çəkmək istəmirlər.

