Cəmiyyət 

Zibil içində olan Paris küçələrini təmizləməyən İdalqonun Ermənistanda nə iti azıb?

Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Lakin erməni xislətli Fransa bu adi həqiqəti anlamır ki, anlamır. Bununla da bölgədə vəziyyəti gərginləşdirməkdə, daha doğrusu, hayların yalançı “humantar fəlakət” şousunu dəstəkləməkdə davam edir. Bu mənada demək olar ki,  heç bir lüzum olmadan Qarabağdakı ermənilər üçün Laçın-Xankəndi yolu ilə “humanitar yardım” göndərməyə cəhd edən Fransa öz prezidenti, senatorları, şəhərlərin merləri ilə birgə ölkəmizə qarşı sözün həqiqi mənasında hücuma keçib.

Bu məsələ ilə bağlı Paris meri Anne İdalqo Ermənistandan artiq istefasını açıqlayan separatçı Araik Arutyunyanla keçirdiyi onlayn mətbuat konfransında Azərbaycana qarşı hədyanlar səsləndirərək hazırda Qarabağdakı ermənilərlə bağlı baş verənləri “soyqırımı” ilə müqayisə edib. Halbuki XXI əsrdə müstəmləkəçilik siyasətindən hələ də əl çəkməyən, Əlcəzairdə soyqırımı törədən, azadlıq döyüşçülərinin kəllələrini hərbi qənimət kimi Parisdə muzeydə saxlayan Fransa kimi bir ölkənin rəsmisinin insan haqlarından, hüquqlarından danışması insanlığa böyük həqarətdir.  İdaqlo sifarişin kimlər tərəfindən verildiyini də açıqlayıb: “Biz bu gün ona görə buradayıq ki, Fransadakı erməni təşkilatları bizə üz tutub dedilər ki, hərəkət etmək vaxtıdır”. Bəli, bu yerdə Paris meri insafən xoruzun quyruğunu göstərib. Hazırda bu ölkənin Prezidenti Emmanuel Makron, eləcə də idalqolar həqiqətən erməni diasporunun, həmçinin millətçi qrupların təsiri altındadırlar. Hətta onların göstərişləri ilə oturub-dururlar. Erməni diasporu onların həm də maliyyə mənbəyidir. Bu və digər səbəblərdən onlar Makron başda olmaqla qatı ermənpərəst mövqedən çıxış edirlər.

Anne İdalqo meri olduğu Parisin zibil içində olan küçələrini təmizləməkdənsə başı çıxmayan işlərlə məşğuldur. Ermənidən çox erməni olmaq başını o qədər qatıb ki, Paris küçələrində yığılıb qalan zibilləri görə bilmir. Hətta Parisin ətrafında da sakinlər paytaxtda qalaqlanan zibilin üfunət iyini hiss edirlər.  Zibillərin yığılmaması sanitar-gigiyenik problemlər yaradıb. Siçovullar artıq Paris küçələrinin daimi sakinlərinə çevriliblər.

Fransa Senatında çoxluq təşkil edən “Respublikaçılar” fraksiyasının sədri, Qarabağ problemi üzrə “araşdırma” qrupunun rəhbəri Bruno Ratayo isə bildirib ki, guya Azərbaycan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir. Halbuki  Ermənistan azərbaycanlılara qarşı dəfələrlə soyqırımı həyata keçirib, etnik təmizləmələr aparıb. Hətta bu gün Ermənistan dünyada yeganə monoetnik dövlət kimi tanınır. O ki qaldı Qarabağdakı ermənilərin ərazini tərk etməyə başlamalarına… Əslində onlar Qarabağdakı separatçı rejimin zülmündən qurtulmaq məqsədilə belə bir addım atırlar.  Bruno isə bütün bu həqiqətlərdən yan keçərək Azərbaycanı hədələyib. Şübhəsiz, onun bu çağırışına haylardan başqa hay verən olmayacaq. Çünki artıq dünya hayların, o cümlədən hay xislətli fransızların yalanlarından bezib.

Şübhəsiz, Fransanın icra və qanunvericilik orqanları nümayəndələrinin Qarabağda yaşayan erməni sakinlərinin maraqları naminə canfəşanlıq göstərmələri siyasi riyakarlıqdır. Bu riyakarlıq isə Ermənistan rəsmilərinin, həmçinin Qarabağdakı separatçıların hazırkı mövqeyini müdafiə etməkdən başqa bir şey deyil.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, rəsmi Bakı Qarabağın  hər bir erməni sakinini ölkə vətəndaşı kimi görür. Onların hüquqlarının təminatında da yeganə istinadgah Azərbaycan qanunvericiliyi və tərəfdar çıxdığımız beynəlxalq sənədlərdir. Bu isə o deməkdir ki, heç bir halda Qarabağ ermənilərinə dair məsələ ayrı kontekstdə, o cümlədən fransızsayağı təqdim oluna bilməz.

Bəli, Azərbaycanın bu məsələyə yanaşması qətidir: regionda sülh və təhlükəsizlik təmin olunmalıdır. Avqustun  29-da Prezident İlham Əliyevin Fransa Prezidenti ilə telefon danışığında da Azərbaycanın bu mövqeyi tam ifadə olunub, Fransa Prezidentinin qaldırdığı məsələlər yetərincə cavablandırılıb. Belə ki, Prezident İlham Əliyev bildirib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü qeyd edən Prezident İlham Əliyev, həmçinin  bildirib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Yeri gəlmişkən onu da qeyd edək ki, elə Fransa da Azərbaycan tərəfinə heç bir rəsmi müraciət etmədən Laçın-Xankəndi yolu ilə “acından ölənlərə” humanitar yardım çatdırmağa səy göstərir.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.

Daha çox xəbərlər