Parisin “fransızsayağı humanitar təxribat” planı
Azərbaycan hansısa dövlətə və ya rejimə onun ərazisindən karvansara kimi istifadə etməsinə, suverenliyinə qəsdə çalışmasına imkan verməyəcək
Məlum olduğu kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vasitəsilə Qarabağ ərazisində yaşayan erməni əsilli sakinlər üçün Ağdam-Xankəndi yolu ilə yardım yola saldı. Artıq bir neçə gündür ki, 40 ton undan ibarət olan yardım yüklənmiş avtomobillər ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləməkdədir. Azərbaycan tərəfi növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərməklə həm Ermənistanın və qondarma rejim qalıqlarının, həm də Hayastan sevdalısı olan kənar qüvvələrin bütün bəhanələrini əllərindən almış oldu. Bakının bu qərarı Ermənistanın sülhə mane olmaq üçün manevr imkanlarını daha da daraltdı. Azərbaycan bu addımla növbəti dəfə nümayiş etdirdi ki, məqsədi heç də ermənilərin göstərməyə çalışdıqları kimi Qarabağ ermənilərinə humanitar böhran yaşatmaq yox, əksinə onların bütün problemlərini qarşılamaq, Azərbaycanın legitim ərazisində yaşayan bu etnik ermənilərə lazımı bütün köməkliyi göstərib, separatçıların əsarətindən onları xilas etməkdir.
Prosesin uğurla nəticələnəcəyi təqdirdə separatçıların və Fransa kimi ölkələrin heç bir bəhanəsi qalmayacaq. Hazırda bir məsələ gün kimi aydındır: Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən isə separatçılardır. Bu mənzərə ilə bütün beynəlxalq ictimaiyyət, aidiyyatı təşkilatlar, təhsisatlar da tanış olurlar. Avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərinin Ağdama tanışlıq səfəri başladı. Səfərdə 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak edirdilər. Diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış oldular. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirdi ki, Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə – Laçın sərhəd-buraxılış məntəqəsinə gətirib: “Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək və bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər”. Bu, rəsmi Bakının açıq mesajıdır. Ağdam-Xankəndi yolunun açılması məsələsinin aktuallaşdığı vaxt bu mesajın verilməsi isə o deməkdir ki, Azərbaycan qondarma rejimin buraxılması və bölgənin silahsızlaşdırılması istiqamətində hər an praktiki addımlar ata bilər.
Hazırda görünən odur ki, ermənilər dünya ictimaiyyətini, beynəlxalq təşkilatları öz yalanlarına inandırmaq üçün sosial şəbəkələrdə, xarici və yerli mediada geniş antiAzərbaycan kampaniyası aparırlar. Təbii ki, bu kampaniyada Fransa başda olmaqla onların şər ortaqları da aktiv rol alıb. Ermənilərin məntiqi ilə yanaşsaq, yəni əgər həqiqətən də aclıq çəkirlərsə, Azərbaycanın humanist addımını dəyərləndirməli və yardımını qəbul etməlidirlər. Amma aqressiv reaksiyaları, “acından ölərik, türk çörəyi yemərik” söyləmələri, rus sülhməramlılarına hücum edərək azərbaycanlı zənn etdikləri sülhməramlıların fotomüxbirinə xəsarətlər yetirməyə çalışmaları onu göstərir ki, bu, doğrudan da bir şoudur. Necə olur, Xankəndidəki xunta rejimi Ermənistandan və Fransadan humanitar yük adı altında gələn yükləri qəbul etməyə hazırdır, amma Azərbaycandan gələn humanitar yükləri qəbul etmir. Bir yandan “blokada”, “aclıq” deyib haray-həşir salıb yardım istəyəsən, digər tərəfdən isə göndərilən yükü qəbul etməyəsən? Bu, absurd yanaşma, siyasi möhtəkirlik və riyakarlıqdan başqa bir şey deyildir.
Bütün bunların əsas müəlliflərindən biri isə təbii ki, Fransadır. Dünyada nüfuzunu itirən, Afrika qitəsindən qovulan Fransa və ona rəhbərlik edən Makron boş yerə Cənubi Qafqaza ümid edir. Burada təsir imkanlarına malik olmaq üçün müxtəlif vasitələrə əl atır, gərginlik yaradacaq planlar qurur. Dünən Paris meri Ann İdalqonun müşayiəti ilə Azərbaycanın icazəsi olmadan Qarabağın erməni əsilli sakinləri üçün yardım gətirilməsi, fransız təxribatçıların Azərbaycan sərhədinə gəlməsi, “artsax” ifadəsinin işlədilməsi də bu planların tərkib hissəsidir. Amma Azərbaycan Parisin bu cür təxribatlarının qarşısını almaq gücündə olduğunu dəfələrlə göstərib.
Ermənidən betər erməni olan Fransa Prezidenti Emmanuel Makron çox gözəl başa düşür ki, Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini yaratmaqla, öz dövlət sərhədlərinə nəzarət edir. Bu da beynəlxalq hüquqa əsaslanır. Fransanın da qəbul və etiraf etdiyi kimi, bura Azərbaycanın dövlət sərhədidir. İstənilən dövlət öz sərhədlərini nəzarətə götürmək haqqına sahibdir. Fransanın qəsdən belə addımlar atması o deməkdir ki, onun əsas məqsədi təxribat törətmək və beynəlxalq ictimaiyyəti Azərbaycan əleyhinə qaldırmaqdır. Fransa, şəxsən Prezident Makron bölgədə sülhün tam əleyhinə olduğunu göstərir. Fransa öz geosiyasi maraqlarından çıxış edərək növbəti dəfə erməni xalqını təxribatlara sürükləyir. Birinci dünya müharibəsindən sonra necə erməniləri təhrik edib, sonra onların arxasından qaçmışdısa, indi də tarix təkrarlanır. Lakin Fransanın bu hərəkətləri də iflasa uğrayacaq. Çünki Azərbaycan sivil yollarla, beynəlxalq hüquqa söykənərək öz milli maraqlarını müdafiə etmək iqtidarında olan dövlətdir.

