Makronun saqqızı palçığa batdı
Desək ki, Nikol Paşinyanın başı tamam xarabdır, amma tamam xarab deyi axı. Bəlkə fil qulağında yatıb? Elə də deyil, hər iyə burun verir, qulağı darı dəlir. Bəs adam özünü niyə bu qədər qəribə aparır? Eşşək bir dəfə palçığa batdısa, döyüb öldürsən də o palçığa ikinci dəfə batmaz. Ancaq Paşinyana yüz dəfə deyilib ki, Qarabağa Laçın sərhəd-buraxılış məntəqəsindən yalnız gömrük qaydalarına riayət etməklə keçmək olar. Bütün xarici ölkələrdə olduğu kimi. Bu adam qaydaları heç cür qəbul etmək istəmir ki, istəmir. İki ayağını bir başmağa dirəyib ki, biz Qarabağa nə aparacağıq, nə gətirəcəyik heç kəs baxmasın. Qəribə məntiqdir. Dünyanın hansı ölkəsi öz sərhədlərini yiyəsiz qoyub? Paşinyanın bədəni bilirmi başı nə danışır? Yəqin bilmir, bilsə belə danışmaz. İndi də Fransadan qonağı gəlib gözü ayağının altını görmür. Hələ ki, başı Parisin xanım merinə qarışıb.
Bu arada Sünik rayonunun Kornidzor hissəsində, Laçın dəhlizinin yaxınlığında Fransadan gələn daha 10 maşın Qarabağa humanitar yük daşıyan 22 yük maşınına qoşulub. Erməni mediası xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan avqustun 31-də hökumətin iclasında bildirib. O, Fransadan göndərilən “humanitar yardım” karvanını Paris merinin başçılıq etdiyi nümayəndə heyətinin müşayiət etdiyini, bütün səylərə baxmayaraq, lakin əvvəlcədən razılaşdırılmadığı üçün Azərbaycan tərəfindən onların keçməsinə icazə verilmədiyini söyləyib.
Paşinyan parisli “böyük bacı”sının yanında həddini aşaraq bir daha Azərbaycanı şərləyib “Dağlıq Qarabağ ermənilərini aclıq yolu ilə soyqırıma məruz qoymaq siyasəti” yürütməkdə suçlayıb. Ermənistan bütün bunların rus sülhməramlılarının iştirakı ilə baş verdiyini qeyd edib. Yəni, növbəti dəfə sabun köpüyünü üfürərək şişirtmək istəyib. Paşinyan yenə gülünc bir versiya irəli sürüb: Mövcud vəziyyətdən yeganə çıxış yolu kimi Bakı və Xankəndi arasında beynəlxalq mexanizm çərçivəsində dialoqun aparılmasını göstərib.
“Bakı və Xankəndi arasında dialoq”, özü də “beynəlxalq dialoq çərçivəsində” ifadələrini işlədən baş nazirə daha nə deyəsən? Buna min dəfə deyilib ki, “separatçılarla beynəlxalq çərçivədə danışıq” kəlmələrini ağzına almasın, çünki bu, baş tutan iş deyil. “Böyük bacı”nın önündə şeşələnən Nikol isə bir daha başından böyük danışaraq rus sülhməramlılarını da tənqid edib.
Ancaq unudur ki, Nikolun güvəndiyi “dağlar”a 2020-ci il sentyabrın 27-də güclü “qar” yağıb. Beləliklə, Laçın yolu Parisdən gələn madam İdalqonun üzünə daha sərt şəkildə çırpılıb. Olduqca mürəkkəb və prinsipial situasiya yaranıb. Bütün erməni mediası Emmanuel Makronun zəngindən sonra Azərbaycanın geri addım atacağından, Parisdən gələn yükün Laçın yolundan şıppıltı ilə keçəcəyindən və bu faktın “artsaxın müstəqillik yolu”nda uğurlu mübarizəsinə töhfə verəcəyindən yazırdı. Haylar yiyələrini görmüş it kimi qızışmışdılar, çırtıq çalıb oynayırdılar.
“Hadisə yeri”nə göndərilən Paris meri Ann İdalqo İrəvanda çoxsaylı görüşlər keçirir, qarabağlı separatçıların keçmiş başçısı Araik Arutyunyanla onlayn ünsiyyət qururdu. Bununla da kifayətlənməyən mer Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsində saxlanılaraq Birinci Qarabağ müharibəsində törətdiyi vəhşi cinayətlərə görə məsuliyyətə cəlb edilən Vaqif Xaçaturyanın qızı ilə görüşərək onu bağrına basıb yalançı göz yaşları tökərək “atanın ən qısa müddətdə azadlığa çıxması üçün əlimdən gələni edəcəyəm” deyib. Paris meri özünü ərköyün və şıltaq qız kimi aparıb, səlahiyyətlərini aşan laflar edib. Düşünməyib ki, Bakıda onun sözlərini qara qəpik kimi divara vuracaqlar.
Ancaq təkcə bunlar deyil. Ayının min oyunu var… “Humanitar yardım”ın arxasında Makronun başqa əsas məqsədi gizlənir. Bizim görmədiyimiz, ancaq aşkar hiss etdiyimiz arxa planda rəsmi Papis İrəvana, Ermənistanın nə ət, nə də balıq olan baş naziri Nikol Paşinyana sərt təzyiqlər göstərərək Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə qarşı çıxışların, gözdənsalma kampaniyasının sürətləndirilməsini tələb edir. Məqsəd aydındır: Fransa Rusiyanı sıxışdırıb çıxarmaqla bölgədə tək nüfuz sahibi olmağı planlaşdırır.
Amma Parisin ermənilərlə birgə siyasi manipulyasiyası keçmədi və Laçın yoluna təşrif gətirən mer İdalqoya bəri başdan “ madam, yolu səhv salmısınız, davay dosvidaniya” dedik.
Acınacaqlı budur ki, Parisin meri Ann İdalqo, Strasburqun milliyyətcə erməni olan meri Barseqyan əvvəlcədən Laçın yoluna gələcəklərini və humanitar yükü müşayiət edəcəklərini elan etmişdilər. Sanki buraya başmaq seyrinə gələcəklərmiş. Paşinyandan narazı olan və bunu dilə gətirən Makron Paris merini təsadüfən İrəvana göndərməyib. Əvvəlcədən planlaşdırıldığı kimi, sentyabrın 2-də Xankəndidə hakimiyyət çevrilişlərinə hazırlıq gedir. Ruben Vardanyan bu gün Araik Arutyunyanı rəsmi surətdə yola salmağı, daha doğrusu rədd etməyi planlaşdırıb. Paris merinin gətirdiyi yükü Laçın yolundan keçirməklə Fransa, konkret olaraq Paşinyanın bir tayı olan Emmanuel Makron bölgədə güc və nüfuz nümayiş etdirmək niyyətində idi. Göründyü kimi, o da alınmadı, saqqızı palçığa düşdü. Əksinə, sürətlə əriməkdə olan nüfuzuna daha bir zərbə dəydi. Səbəbkarı özüdür, axmaq baş yalnız öz bədəninə ziyan gətirər…

