Vətənin qeyrətli, mətin oğlu
Vətənimizin qeyrətli, mətin oğulları İkinci Qarabağ müharibəsində doğma Azərbaycanın ərazi bütövlüyü uğrunda canı, qanı bahasına zəfər qazanmaqla şanlı tarix yazdılar. Qazanılan parlaq qələbədə Azərbaycan Ordusunun baş leytenantı Əlimərdan Fəttah oğlu Quluzadə də son nəfəsinə qədər döyüşərək öz şərəfli ölümü ilə böyük bir xalqın mərdlik, qəhrəmanlıq simvoluna çevrildi.
Ulu, əzəli Vətən torpağının bağrına zəfər bayrağını sancan Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. Uşaqlıqdan Azərbaycanın müqəddəsliyinə tapınan bu, Vətən sevdalısı canına yağı dadanmış yurdumuzun qisasını almaqdan ötrü həyatını hərbi sənətinə bağlayır. 2018-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsində Vətənə sipər olmaq üçün cəbhə bölgəsinə yollanır. Ləyaqətli bir oğul olaraq xidmət borcunu şərəflə yerinə yetirir. Xidmət zamanı fəallığı, nizam-intizamı nümunə göstərilir. Hər dəfə də ”Əsir torpaqlar öz qeyrətli oğulların yolunu həsrətlə gözləyir. Döyüş meydanında düşməni əzib cənnət məkan Qarabağı azad etmək bizim Vətən qarşısında oğulluq borcumuzdur”-deyir.
Vətən torpaqların düşmən tapdağı altında qalmağına heç cür dözməyən Əlimərdan Quluzadə 2016-cı il uğurlu Aprel döyüşlərinə qəhrəman oğlanlarımız sırasında odlu-alovlu səngərlərdə ilk yerini alanlardan olur. Döyüşçü yoldaşları ilə düşmənə qan qusdurub hektarlarla Azərbaycana məxsus torpaqlar, Lələ-təpə azad olunur. Bununla həm də böyük zəfərimizin təməli qoyulur. İgid zabit isə bundan sonra seçdiyi peşəyə daha ürəklə bağlanır. Orduda nümunəvi xidmət göstərdiyinə görə baş leytenant rütbəsi və bir sıra medallara layiq görülür.
2020-ci il sentyabrın 27-də haqq savaşımızda baş leytenantın ağır müharibə meydanlarında keçdiyi rəşadətli döyüşün hər anı fədakarlıqla, mərdliklə yazılır. Füzulinin azadlığı uğrunda gedən ağır savaşda düşmən önündə əsl qəhrəmanlıq nümunəsini göstərir. Oktyabrın 6-da Füzulidə gedən qanlı döyüşlər zamanı canından artıq bağlandığı Azərbaycanımızın ərazi bütövlüyü naminə sinəsini düşmən gülləsinə sipər etməklə müqəddəs şəhidlik zirvəsinə ucalır. Bununla da hər kəsə qismət olmayan, zaman-zaman gələn nəsillərə örnək olacaq şərəfli bir həyat yolu keçir. Milyonların qəlbində özünə əbədi yuva quran Masallının qəhrəman oğlu ölümündən sonra dövlət tərəfindən «Vətən uğrunda», Cəbrayılın və Füzulinin azadlığına görə medalları ilə təltif edilir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

