Mövqeyimiz qəti və ədalətlidir
Azərbaycan xalqı qəhrəman ordumuzun şücaəti və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə 30 illik yurd həsrətinə son qoydu. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri bərpa edildi. İşğaldan azad edilmiş şəhər, kənd və qəsəbələrimizdə sürətli bərpa-quruculuq işlərinə başlanıldı. Minalanmış ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi abidələrimizin yenidən bərpa olunması prosesinə start verildi. Artıq bu istiqamətdə çox mühüm işlər görülməkdədir. Yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, müasir infrasturuktur yaradılır, yurdlarından məcburi didərgin düşmüş soydaşlarımız öz doğma yurdlarına qayıdır. Bütün bu proseslər xalqımızı ürəkdən sevindirir.
44 günlük Vətən müharibəsindən sonra Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata etinasız yanaşmaqla bəyanatın müddəalarını kobud şəkildə pozmağa davam etdi. Ermənistan tərəfi Humanitar məqsədli Laçın dəhlizindən öz çirkin hərbi siyasi məqsədləri üçün istifadə edir. Azərbaycan ərazilərində 2021-ci il Ermənitan istehsalı olan minaların basdırılması Laçın dəhlizindən təyinatı üzrə istifadə olunmadığına əyani sübutdur. Eyni zamanda Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbi hələ də icra olunmamış qalır.
Baş verənlərə biganə qalmayan və öz haqq səsini ucaldan azərbaycanlı fəallar, qeyri-hökümət təşkilat nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolunda etiraz aksiyası başladıldı. 44 günlük Vətən müharibəsinin yekunlarından lazımi nəticələr çıxarmayan Ermənistan tərəfi öz riyakarlığına və məkrli xislətinə sadiq qalaraq heç cür qanunsuz əməllərindən əl çəkmək istəmir. Azərbaycan xalqı və Prezident İlham Əliyev öz qəti iradəsini ortaya qoyaraq erməni tərəfinin qanunsuz əməllərinin qarşısının alınması üçün ciddi addımlar atmağa məcbur oldu. 23 aprel 2023-cü ildə Azərbaycan Ermənistan sərhəddində Laçın rayonunda Laçın sərhəd buraxılış məntəqəsi quruldu və Üçrəngli bayrağımız dalğalandırıldı. Bu Azərbaycan Liderinin qətiyyətini və Azərbaycan xalqının iradəsini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.
Lakin təəssüflər olsun ki, bütün baş verənlərə baxmayaraq Rəsmi İrəvan süni gərginlik yaratmaq siyasətindən əl çəkmək istəmir. “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə bağlı Ermənistanın manipulyasiyalarının strateji hədəfi ölkəmizə qarşı informasiya təxribatlarını daha da genişləndirmək və beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmaqdan ibarətdir. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti hərb cəbhəsində olduğu kimi informasiya cəbhəsində də düşmənə layiqli cavab verir və verəcək. Dövlət sərhəddimizdə sərhəd-buraxılış məntəqəsi yaratmaq bizim beynəlxalq hüquqda öz təsdiqini tapmış və tam qanuni olan hüququmuzdur. “Humanitar böhran” amili üzərində qurulmuş saxta erməni təbliğatı gec-tez iflasa məhkumdur. Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin mövqeyi qəti və ədalətlidir.

Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

