Yağış sularının zərər vurduğu sahibkarlara kömək ediləcəkmi?
Xəbər verildiyi kimi, bu yaxın günlərdə yağan güclü yağış nəticəsində “Sədərək” Ticarət Mərkəzinin mağazaları su altında qaldı. Həmin mağazaların sahiblərinə müəyyən miqdarda zərər dəymiş oldu. Belə hallar artıq bir neçə dəfədir ki, təkrar olunur. Bu, təbii fəlakətdir, yağışın gücü o qədər çox idi ki, burada mövcud olan nasosların həmin suları yaxınlıqdakı gölə vurmaq üçün gücü çatmayıb.
“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu hadisə nəticəsində artıq yağış suları mağazalara doldu və burada fəaliyyət göstərən sahibkarların əmlakına müəyyən zərər dəydi. Təbii ki, “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi bu fələkətdən sonra xüsusi komisüsiya yaratdı. Bu komissiya ərazilərdə həmin sahibkarlarla iş apardılar və dəymiş zərər qiymətləndirildi. Bu ərəfədə Fövqəladə Hallar Nazirliyinin “Sədərək” Ticarət Mərkəzi ərazisində yerləşən şöbəsinin yanğınsöndürən və su çəkən maşınları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün çalışdılar, suyu az bir vaxtda çəkib gölə vurdular. Ərazidə yaranmış qeyri-sabit vəziyyət az bir vaxtda aradan qaldırıldı.
K.Qədim qeyd etdi ki, bizim ayrıca xüsusi qrup təşkil olundu, onlar az bir vaxtda bütün mağazaların navalçalarını təmizlədilər və az bir iş qalır ki, bunlar da başa çatdırılsın. Bu işlər artıq başa çatmaq üzrədir. Qarşıda daha ciddi payız və qış ayları gəlir, bu fəlakət yenidən təkrar oluna bilər. Buna hazır olaq deyə, rəhbərlik tərəfindən xüsusi proqramlar qəbul olunub, işlər yüksək səviyyədə həyata keçirilir. Demək olar ki, gələcəkdə belə hadisələr baş verdiyi halda bundan daha az zərərlə çıxmaq və yaxud da tamamilə zərərsiz çıxmaq bizim qarşımızda duran əsas vəzifələrdən biridir. Sözügedən fəlakətdən əvvəl də bir güclü yağış baş vermişdi, nəticədə “Sədərək” Ticarət Mərkəzinin ərazisində ciddi zərərlərə yol açılmışdı. Həmin hadisədən sonra 2 əlavə yağış suyu anbarı tikilib istifadəyə verilib. Bunların biri “Şirniyyat” deyilən ərazidə, digəri isə bayaq qeyd etdiyim böyük bir göl var ki, onun yaxınlığında yerləşir. Güclü yağış yağanda həmin sular nasoslar vasitəsilə yaxınlıqdakı o gölə vurulur.
K.Qədim vurğulayıb ki, “Sədərək” Ticarət Mərkəzində bu tipli 24 anbar mövcuddur və qeyd etdiyim kimi, son olaraq 2 anbar əlavə tikilib. Bizim tədbirlərimiz bununla yekunlaşmır, xüsusi komissiya hazırda yenə də ərazidə işlər aparır. Son yağışdan sonra 5 yeni su mühərriki alınıb, bunların biri saatda min ton, 4-ü isə saatda 300 ton suyu çəkib yaxınlıqdakı gölə vurur. Bu böyük bir gücdür, nə vaxtsa, güclü yağış yağdıqda, bu nasosların gücü öz işini göstərəcək. Onu da qeyd edim ki, əvvəlcədən bu tipli 20 su mühərriki mövcud olub. “Sədərək” Ticarət Mərkəzinin böyük bir ərazisini təşkil edən “Şirniyyat” deyilən hissədə yağış su xətləri gücləndirilib. Belə ki, yağış və qrunt sularının axıdılması üçün əraziyə 700 metr uzunluğunda 500-600 diametrlik su boruları çəkilib. Bunlar da sözügedən ərazidə yaranacaq hər hansı təbii fəlakətin öhdəsindən layiqincə gələcək, burada heç bir problem yaşanmayacaq.
K.Qədim qeyd etdi ki, “Sədərək” Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir, beynəlxalq standartlara cavab verir. Ticarət Mərkəzinin “Elite” deyilən böyük bir ərazisində yağışdan sonra güclü işlər həyata keçirilir. Belə ki, 400 və 500 diametrlik yağış-su boruları çəkilir. Bunlar da kritik anlarda həmin hadisələr baş verdikdə yaranmış problemlərin öhdəsindən gələcək. Əvvəllər yağış sularının həcmi çox olduqda köhnə sistem bunun öhdəsindən gələ bilmirdi. Bütün bunları nəzərə alaraq nasosların və su borularının sayını artırmışıq. “Elite” üçün əlavə olaraq yağış sularını çəkmək üçün yeni bir nasosxana da tikilir. Bu nasosxana “Elite” üçün ayrıca fəaliyyət göstərəcək. TV kanallarına, informasiya agentliklərinə məlumat verərkən vurğuladım ki, bu cür təbii hadisələrdən dərs çıxarmalıyıq.
K.Qədim həmçinin böyük fəxrlə qeyd etdi ki, “Sədərək” Ticarət Mərkəzi bu işləri uğurla həyata keçirir. Həmin işlərin böyük əksəriyyəti başa çatıb və qalan işlər də tezliklə yekunlaşacaq. Bu Ticarət Mərkəzində bütün sahələr üzrə şöbələr fəaliyyət göstərir və bütün işlərə ciddi şəkildə nəzarət edilir. Burada Daxili işlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Vergilər Xidmətinin öz şöbələri var. Həmçinin burada tikinti-quraşdırma işləri gedir, su-kanalizasiya şöbəsi var. İşlərin gedişatı ilə daimi maraqlanırıq.
Onu da vurğulayım ki, burada ciddi aradırmalar getdi. Yağış sularının zərər vurduğu mağazalar, sahibkarlar elə də çox deyil. Bizim xüsusi komissiya sahibkarlarla söhbətlər apardı və bunu bir daha vurğulayım ki, onlara dəymiş zərərlər “Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən kompensasiya ediləcək. Onlara lazımi dəstək, köməklik göstəriləcək. Həmişə belə fövqəladə hallar, yanğınlar baş verdikdə, bu Ticarət Mərkəzinin rəhbərliyi öz dəstəyini əsirgəmir. Bunu biz dəfələrlə vurğulamışıq və öz işimizlə göstərmişik. Ümumiyyətlə, hansı mağazalara zərər dəyibsə, onların hamısı rəhbərlik tərəfindən yenidən bərpa olunaraq sahibkarın ixtiyarına verilib. Yenə də bizim maddi və mənəvi dəstəyimiz davam edəcək.

