Gündəm 

Milli totemi pipyi qan xoruz olan Fransanın toyuğu belə Qarabağda qaqqıldaya bilməyəcək

Fransanın neokolonist addımı bu dəfə də alınmadı

“Həmişə Ermənistanın yanında olacağam” deyən Fransanın prezidenti Emmanuel Makron yəqin erməniləri öz firənglərindən də çox sevir. İndi O, Ermənistanın yanında deyil, içindədir. Çünki onun fikri-zikri öz ölkəsində olsaydı  küçələri od tutub yanan, insidentlərin baş alıb getdiyi Parisdə olardı, bir-birini didən insanların  narazılıqlarını aradan qaldırmaq əvəzinə Azərbaycan-Ermənistan sərhədlərində hansısa ölüm-itimli dava-dalaşlar salmaqla ssenarilər yazmazdı. Ancaq Fransanın boğazına qədər problemlər içində olmasına baxmayaraq ölkənin başçısı yalnız Ermənistanı düşünür.  Görünür, Parisdə sifətinə vurulan qapaz onu hələ də ağıllandırmayıb.

Son günlər baş verən hadisələr, Xankəndidəki qarışıqlıqlar, sərhəddə atışmalar açıq göstərir ki, bunların hamısında Makronun barmağı var. İş o yerə çatıb ki, Nikol Paşinyanın əfəlliyini tənqid edən Makron onun sinəsindən geri itələyib “ara, sən bacarmadın, gör indi mən nə edəcəm”-deyir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) son iclasında istəyinə nail ola bilməyən Ermənistanın sərhəddə eskalasiya yaradacağı gözləntiləri var idi. Əslində TŞ-dəki qaldırılan şounun da müəllifi elə Makron idi.  Aydındır ki, Qarabağ Azərbaycan ərazisi olduğu üçün Bakıya buna görə birbaşa təzyiq edilməyəcəyini anlayırlar. Lakin sərhəd toqquşmaları ilə buna nail ola biləcəklərini hesab edirlər. 44 günlük müharibədən sonrakı təcrübə də bunu təsdiqləyir: Bakıya təzyiq adətən sərhəd toqquşmaları vasitəsi ilə edilib. Biz bunu ötən ilin sentyabr döyüşlərində də gördük.

“Blokada”, “humanitar fəlakət” adlandırılan ssenaridə bəzi ölkələrin maraqları olmaqla yanaşı, şübhəsiz “dirijor” Fransadır. Sərhəddə təşkil etdikləri atışmaları da Azərbaycanı “hücum edən tərəf” kimi göstərməyə və bunu əldə dəstəvuz tutaraq Bakıya təzyiq etməyə cəhd göstərəcəklər. Laçın yolu, ümumilikdə Qarabağla bağlı əsassız iddiaları “sərhəd toqquşmasının səbəbi” fonunda gündəmə gətirməyə cəhd edəcəklər. Bununla danışıqlar masasındakı mövcud gündəliyi tamamilə arxa plana keçirmək istəyirlər. Vasitəçiliyi qəbul olunmayan Fransa bu məsələdə xüsusilə maraqlı tərəfdir.  O, öz siyasi ambisiyasını yertmək üçün ağılsız hayları döyüşə təhrik edir. Bədxahlarımız özləri də bilirlər ki, Ermənistan o qədər zəifdir ki, nə hərbi, nə də siyasi sahədə qalib gələ bilər. Əgər bir də cəhd etsə hərbi gücü 2020-ci ildə darmadağın edilən Ermənistan Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcək, ermənilərin qanı axacaq. Ancaq bu Fransanı qətiyyən narahat etmir. Çünki Makronun əsas hədəfləri itkilər hesabına olsa belə, siyasi məqsədlərinə nail olmaqdır.

Ermənistan ordusunun sərhəddə bir neçə istiqamətdə təxribatlar törətməsi, hər iki tərəfdən ölən və yaralananların olmasının günahı Paşinyanla Makronun üzərindədir. Onlar insan ölümünü faciə deyil, statistika hesab edirlər.

“Ermənistan və Fransa öz siyasi maraqlarını təmin etmək üçün erməni əhalisinin yaşadığı Qarabağ bölgəsində “böhran”ı süni şəkildə şişirdirlər”.

Bu fikri mətbuata açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib.  Politoloq Qarabağda genişmiqyaslı humanitar fəlakət barədə deyilənləri əsassız adlandırıb. “Hər kəsə aydındır ki, Qarabağda belə bir şey yoxdur. Bunlar Qarabağın ərzaqla təmin edilməsi məsələsində Ağdam-Xankəndi yolundan əlavə nəqliyyat arteriyası kimi istifadə etməkdən imtina edən İrəvanın müstəsna destruktiv mövqeyindən qaynaqlanan yalnız kiçik çətinliklərdir”, – deyə o bildirib.

Vitali Arkov qeyd edib ki, Ermənistan Laçın yolu ilə yüklərin tranziti məsələsində də analoji destruktiv mövqe tutub: “İrəvan Azərbaycanın Ermənistanla sərhəddə yaratdığı “Laçın” sərhəd-buraxılış məntəqəsinin sökülməsini tələb edir. Lakin sərhəd-buraxılış məntəqəsi Laçın rayonunda, Azərbaycanın suveren ərazisində tikildiyi üçün bu tələblərin heç bir hüquqi əsası yoxdur. Bundan başqa, Azərbaycan tərəfinin ölkəyə kimin daxil olduğunu və hansı malların idxal olunduğunu bilmək hüququ var”.

Politoloqun fikrincə, Qarabağ sakinlərinin Fransanın köməyinə ehtiyacları yoxdur. O xatırladıb ki, Fransa və Ermənistan “humanitar yardım” adı altında Qarabağa göndərməyə çalışdıqları yüklərin yoxlanılması hüququnun Azərbaycana verilməsindən imtina edirlər: “Parisin məqsədi bəllidir – Cənubi Qafqazı özünün neokolonializminə çevirmək. Ermənistan çoxdan könüllü olaraq Fransanın müstəmləkəsinə çevrilib. Paris öz məqsədinə çatmaq üçün heç nəyə, hətta Azərbaycanla Ermənistan arasında yeni müharibənin qızışdırılması ehtimalına da son qoymayacaq”.

Eyni zamanda, o, əmindir ki, Fransanın Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək cəhdləri uğursuzluğa məhkumdur: “Dünyada bir sıra məğlubiyyətlərdən sonra Emmanuel Makron Cənubi Qafqazda da biabırçı fiasko ilə üz-üzədir”.

Öz ölkəsindəki iğtişaşları qaydaya sala bilməyən Makron Fransadan min kilometrlərlə uzaqda olan Cənubi Qafqazda nə edə bilər? Heç nə. Çünki Fransadan əvvəl Türkiyə artıq Ermənistandadır. O, burada yalnız Ermənistanı qızışdırıb hərbi eskalasiyaya çəkə bilər ki, yeni müharibədə də Ermənistanı növbəti, daha ağır məğlubiyyət gözləyir. Həmin məğlubiyyətin  gətirəcəyi yeni fəlakətlərin günahkarı Paşinyanla bərabər Makron da olacaqdır. Ağlı məzlum Afrika ölkələrinə gedən müsyö Makron şübhəsiz ki, “Osmanlı tokatı”nın dadını bilməmiş deyil…

Milli totemi pipyi qan xoruz olan Fransanın toyuğu belə Qarabağda qaqqıldaya bilməyəcək.

Daha çox xəbərlər