Cəmiyyət 

“Dini ocaqlar” hayları fəlakətə sürükləyir

Tarix boyu erməni kil­sələri şeytan yuvaları olub. Bu yuvalar hər zaman Azərbaycana qarşı aqressiv münasibət təlqin edib, nifrət və düşmənçilik hissi aşılayıb. Erməni kilsələri Birinci və İkinci Qarabağ müharibələrində də bu mövqedən çıxış ediblər.

Təəssüf ki, bu gün bu “dini ocaqlar” öz ənənəsini davam etdirirlər. Belə ki, revanşizmi körükləmək yönündə fəal iş aparan, anti-Azərbaycan kampaniyasını daha da gücləndirən erməni Qriqoryan kilsəsi bir neçə gün öncə yenə qəzəb və hiddət dolu mü­haribə çağırışları səsləndirib. Yəni, kilsənin “ali ruhani şurası” bildirib ki, guya Azərbaycan təkcə Qarabağı deyil, Ermənistanın da ərazilərini işğal etmək niyyətindədir. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbayca­nın ərazi bütövlüyünü tanımasını qətiyyətlə pisləyən “şura” vurğulayıb ki, Ermənistanın suverenliyi və ərazi bütövlüyü müzakirə olunmazdır, üstəlik, Qarabağ ermənilərinin referendumunda reallaşan öz müqəddəratını təyinetmə hüququ mübahisəsizdir. Odur ki, kilsə bütün erməniləri hər yerdə Qarabağın “müstəqilliyi” uğrunda mübarizə aparmağa çağırıb. Bununla da indiyədək verdiyi fitvalarla çoxlu sayda erməninin qanına bais olan erməni Qriqoryan kilsəsi yenidən qırğınlar törətmək, təxribatlara rəvac vermək niyyətində olduğunu açıq-aşkar göstərib. Başqa sözlə, kilsə erməni xalqını Azərbaycana qarşı növbəti müharibəyə sövq edir.

Bu məsələyə Kilikiya katolikosu I Aram da “biganə” qalmayıb. O, “artsax”ın 32-ci ildönümü münasibətilə göndərdiyi mesajında Qarabağ ermənilərini “öz müqəddəratını təyinetmə hüququna” sadiq qalmalarına səsləyib: “Kollektiv mövqeyinizə sadiq qalın. Siz tək deyilsiniz, bütün ermənilər sizinlədir. Sizi uyğunlaşmağa sövq edən yanaşmaları rədd edərək, güclü bir qaya kimi olun. Uzaq-yaxın hamı bilsin ki, sadəcə çörək və dərman verməklə “artsax”ın səsini kəsmək olmaz”. Bu fikirlərlə o, həm də Qarabağdakı separatçıların qarınlarının ağrısının humanitar yardım olmadığını təsdiq edib.

İndi bütün dünya yaxşı bilir ki, Qarabağın aranı da, dağlıq hissəsi də qədim və tarixi Azərbaycan ərazisidir. Sadəcə, onun bir hissəsi otuz ildən çoxdur ki, erməni separatçılarının nəzarətindədir. Bunu sübut edən minlərlə fakt var. Hətta 1978-ci ildə haylar Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Marağa kəndi ərazisində abidə də ucaltmışdılar. Üstəlik, tarixi faktlar belə bir həqiqəti tamamilə təsdiq edir ki, indiki Ermənistan adlanan ərazi XIX əsrə qədər xalis türk yurdu – azərbaycanlıların yaşadıqları ərazi olub. Hayların iddiaları isə onların sonrakı uydurmalarından başqa bir şeyl deyil. Özü də Azərbaycan 44 günlük müharibədən sonra onların status, müstəqillik xülyalarını arxivə göndərib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyantında bildirildiyi kimi, “Dağlıq Qarabağın” “müstəqilliyi”nin əldə olunması ilə bağlı iddialar beynəlxalq hüquqda qəbul edilmiş “uti possidetis” prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır. Sülh danışıqlarına, eləcə də reinteqrasiyaya mane olan, təxribatları genişləndirən kilsə də, katolikos da yaxşı bilir ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, çünki bu, ölkəmizin daxili işidir. O ki qaldı guya Azərbaycanın təkcə Qarabağı deyil, Ermənistanın da ərazilərini işğal etmək niyyətindədir iddiasına… Ümumiyyətlə, tarix boyu Azərbaycanın gözü bu və ya digər dövlətin ərazisində olmayıb. Bu gün də belədir.

Şübhəsiz, erməni kilsəsi, Kilikiya katolikosu bunları bilməmiş deyil. Amma buna rəğmən bu “dini ocaq”lar insanların taleyi ilə oynayaraq yeni savaş, müharibə, qan tökülməsini istəyirlər. Bu isə bir daha onu göstərir ki, iki ölkə arasında münaqişənin alovlanmasında, ədavətin davam etməsində, sülh sazişinin imzalanmasının ləngidilməsində ən çox maraqlı olan və ən fəal iş aparan elə erməni kilsəsidir, Kilikiya katolikosudur. Halbuki dini ocaqlar insanları, sülhə, birgəyaşayışa, qarşılıqlı anlaşmaya, normal münasibətlərə çağırmalıdır. Amma göründüyü kimi, haylarda bu, fərqlidir. Bu da onu göstərir ki, erməni kilsələri xidmət etdikləri xristian dininin mahiyyətindən çox uzaqdır. Bir sözlə, bu “dini ocaq”lar xalis separatçı bir qurum funksiyasını yerinə yetirirlər. Üstəlik, öz siyasətləri ilə erməni xalqını uçuruma, məhvə sürükləyirlər. Bu isə onu göstərir ki, onlar üçün önəmli olan sülh və sabitlik deyil, erməni xalqının gələcək itkiləri və iztirablarıdır.

Çox güman ki, sadə ermənilər minlərlə insanın qanını tökməyə hazır olan həmin “din xadimləri”nin dedikləri ilə oturub-durmayacaq və öz qərarlarını verəcəklər. Əks halda, rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır. Məsələ ilə bağlı rəsmi Bakı öz qəti mövqeyini bütün beynəlxalq müstəvilərdə dəfələrlə açıqlayıb və hüquqi baxımdan heç bir etirazla qarşılanmayıb. Bu mənada yeni reallıqlar fonunda kilsənin, Kilikiya katolikosunun sərgilədiyi destruktiv davranışın heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir.

Daha çox xəbərlər