Paşinyanın hərdəmxəyallığı Ermənistana nə vəd edir?
Ermənilərin anti-Rusiya çıxışlarının arxasında Fransa dayanır
Həmişə qalmaqallı və ziddiyyətli açıqlamaları ilə gündəmə gələn Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də hər kəsi təəccübləndirməkdə və heyrətləndirməkdə davam edib. Belə ki, o, rəsmi görüşlərdə və beynəlxalq təşkilatların tribunalarından Qarabağın Azərbaycan torpağı olduğunu dəfələrlə bəyan etməsinin ardınca sentyabrın əvvəlində separatçı rejimə «müstəqillik günü» ilə bağlı müraciət ünvanlayıb. Təbii ki, onun bu sərsəm davranışı və ədəbsizliyi bir daha göstərir ki, Ermənistanda sözübütöv, qətiyyətli, sözünə sahib çıxan, ən başlıcası isə tam müstəqil siyasi lider yoxdur. Bir sözlə, haylar sözün həqiqi mənasında hələ də lider kasadlığından əziyyət çəkirlər.
O, bildirib ki, «Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər, Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır.» Ermənistan rəhbəri bu açıqlaması ilə Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaranmasında maraqlı olmadığını bir daha təsdiqləmiş oldu. Eyni zamanda, özünün qeyri-ciddi və yalançı bir hökumət başçısı olduğunu dünyaya göstərdi.
Bu sərsəm bəyanatların müəllifi o adamdır ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra qorxaqcasına imza atdığı kapitulyasiya aktını artıq unutmağa başlayıb. Bəli, o, nə qədər qorxaq olsa da, o qədər də avantüristdir. Fransanın və digər havadarlarının himayəsinə sığınan bu yaramaz baş nazir açıqlamaları ilə hələ də dünyada heç bir ölkənin, heç bir qurumun, o cümlədən də Ermənistanın özünün də tanımadığı qondarma «dqr» ifadəsini gündəmdə saxlamağa çalışır.
Lakin həm Paşinyan, həm də onu bu tip açıqlamalar verməyə vadar edənlər hələ də anlamırlar ki, Ermənistanın və erməni lobbisinin Azərbaycan əraziləri hesabına ikinci erməni dövləti yaratmaq planı tam iflasa uğrayıb. Sadəcə indi Rusiya sülhməramlılarının olduğu ərazidə Ermənistan ordusunun tör-töküntüləri qalıb. Onların isə oradan çıxmalarına az qalıb. Çünki Azərbaycan dövləti ya diplomatik yolla, ya da hərbi güclə öz hakimiyyətini Xankədidə və ətraf rayonlarda bərpa etməyə qadirdir və edəcək də…
Bundan başqa, separatçılar da Azərbaycan torpaqlarında son günlərini yaşadıqlarını yaxşı dərk edirlər. Elə bu səbəbdən də Xankəndidəki «vəzifəli ermənilərin» ailələri artıq buradan qaçmağa başlayıblar. Elə götürək özünü Xankəndinin «meri» adlandıran Sarqısyanın arvad – uşaqlarının sentyabrın 3- də Ermənistana keçməsini. Bəli, Laçın sərhəd keçid məntəqəsində Xankəndini və ətraf qəsəbələri tərk edib Ermənistan agedənlərin sayı durmadan artır. Hətta burada böyük növbələrin yarandığı aydın şəkildə görünür. Bu isə Ermənistan rəhbərliyini və xaricdəki erməni lobbisini ciddi şəkildə narahat edir.
Nikol Paşinyanın son addımları bir daha göstərdi ki, bu adam siyasətçidən və hökumət başçısından çox çayxana dedi-qoducusuna oxşayır. Hərdəmxəyallığı ilə az qala dünya rekordçus olmağı bacaran bu rəzil adam indi nəinki hayların, hətta ona ümid edən beynəlxalq təşkilatların da gözündə sıfırlanıb. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra ümid var idi ki, Nikol «ən ağıllı erməni kimi» xalqını bataqlıq girdabından xilas edəcək, sülh danışıqlarına doğru addımlayacaq. Son vaxtlara kimi buna ciddi şəkildə inananlar da var idi. Çünki o, özünü və komandasını sülhsevər və təşəbbüskar kimi təqdim etməyə calışırdı.
Qeyd edək ki, Paşinyan İtaliyanın «La Repubblica» qəzetinə verdiyi qalmaqallı müsahibədə özünün anti-Rusiya ovqatını daha açıq şəkildə birüzə verib. Məhz Rusiyanın əvəzinə Cənubi Qafqazda Fransanın hegemonluğunu istəyən Nikol elə Fransanın istəyi ilə Kremli tənqid edib. Müsahibədə Rusiya əleyhinə səslənən fikirlər bu ölkənin siyasi arenasında, mediasında böyük qalmaqala səbəb olub. Məsələn, onun müsahibədə Rusiya əleyhinə ən qalmaqallı cümlələri belə olub: «Kreml atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir», və yaxud «Təhlükəsizlik məsələlərində Ermənistanın Rusiyadan asılılığı strateji səhv idi» və s.
Nikolun bu fikirlərinə rəsmi Moskvanın da cavabı özünü çox gözlətməyib. Rusiyanın rəsmi TASS agentliyi diplomatik mənbələrə istinadən bəyan edib ki, Moskva Nikol Paşinyanın Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlardan və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır: «Bu tonda danışıq qəbuledilməzdir.» Beləliklə, Rusiya mediasında və rəsmi dairələrində Paşinyanın bu cür açıqlamaları münaqişə yaratmaq cəhdi kimi qiymətləndirilir.
Bütün bunlara rəğmən dünya birliyi və Cənubi Qafqazda marağı olan dövlətlər yaxşı anlayırlar ki, bölgədə söz sahib məhz güclü Azərbaycandır. Bölgədə bizim iradəmizdən kənar oyunlar və manevrlər etmək mümkün deyil. Ona görə də sərsəm açıqlamalar müəllifi olan Paşinyan və onun avantürist havadarları yaddan çıxarmasınlar ki, Azərbaycan öz suveren ərazilərində ikinci erməni dövlətinin yaradılmasına, «boz» zonanın mövcudluğuna heç bir halda imkan verməyəcək.

