Gündəm 

Bölgənin söz sahibi

Nə Kremldir, nə Ağ evdir, nə Yelisey sarayıdır, Azərbaycandır!

Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası labüddür. Artıq bu məsələdə dünyanın əksər dövlətləri, həmçinin beynəlxalq qurumlar da ölkəmizi dəstəkləyirlər. Bir sözlə, hazırda yaranan şərait və bütün şərtlər Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiya dövrünün gəlib çatdığını diktə edir. Bunu mülki əhalini özlərinə alət etmək istəyən, girovluqda saxlayan vardanyanlar, saakyanlar qukasyanlar və digər yanlar da yaxşı anlayırlar. Amma separatçılar onların bu arzularının reallaşmasına imkan vermək istəmirlər. Elə bu niyyətlə müxtəlif fikirlər səsləndirir, təxribatlar törədirlər.

Bu kimi təhdidlərə baxmayaraq, Qarabağda yaşayan bir qrup erməni sakini könüllü surətdə və öz iradələri çərçivəsində sərbəst hərəkət etmək hüququndan istifadə etmək niyyətindədir. Yəni, onlar Azərbaycanın qanunları ilə yaşamaq və yaxud başqa məskunlaşma yeri seçmək kimi alternativlərdən faydalanmağa başlayıblar. Yeri gəlmişkən, onlara dəfələrlə xatırladılıb ki, ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Hələ ki, ikinci variantı seçənlər üstünlük təşkil edir. Bu günlərdə, daha doğrusu, Qarabağdakı  separatçıların lideri Araik Arutyunyanın Samvel Şahramanyanla əvəzlənməsindən sonra onların bir qisminin, xüsusilə qadın və uşaqların Laçın-Xankəndi yolu ilə ərazini tərk etmələri buna sübutdur. Hətta  onların arasında Xankəndinin qondarma “meri” və ailə üzvləri də olub. Amma bu, aldadıcı manevr də ola bilər. Belə ki, bəzi məlumatlara görə, sən demə, belə bir təşəbbüslə çıxış edənlər rejimin yeni “rəhbəri” və onu dəstəkləyənlər imiş. Onların fikrincə, Qarabağda vəziyyət yaxşı deyil və bu səbəbdən qadın və uşaqları risk altında saxlamağa lüzum yoxdur. Bunu da belə əsaslandırıblar ki, guya rəsmi Bakı Qarabağda antiterror əməliyyatına hazırlaşır.

Bütün bunları analiz edəndə belə qənaətə gəlmək olar ki, bölgədəki separatçıların müəyyən planları var. Bu “qara plan”ların məqsədi isə Azərbaycan Ordusuna qarşı təxribatlar törətmək, bu “taktika” ilə vəziyyəti gərginləşdirmək və yeni “etnik təmizləmə” şousuna start verməkdir. Bölgədə cərəyan edən son hadisələr  bir daha göstərir ki, haylar şou nümayış etdirməkdə dünyanın ən mahir şoumenlərini belə kölgədə qoyublar.

Ermənistanda fəaliyyət göstərən Birinci Qarabağ Döyüşçüləri Cəmiyyətinin rəhbəri, həmin dönəmlərdə “Kornidzor batalyonu”nun komandiri olmuş Ara Xudaverdyan bildirib ki, hadisələrin gedişatı Qarabağdakı qanunsuz silahlı dəstələrin məhv edilməsi ilə nəticələnəcək: “Bunun ardından isə partizan müharibəsi başlayacaq. Mən deyə bilmərəm, bu partizan savaşında Qarabağ ermənilərinin nə qədər hissəsi iştirak edəcək və ya hansı rolu oynayacaq. Lakin bu prosesi qaçılmaz görürəm”.

Bu, bir həqiqətdir ki, rəsmi Bakı müəyyən çətinliklərə rəğmən özünün Qara­bağdakı erməni vətəndaşları üçün mümkün olan hər şeyi etməyə hazırdır. Bu mənada separatçıların su­verenliyimizi və təhlükəsizliyimizi poz­maq cəhdləri puç olacaq, zorakılığı və müharibəni təbliğ edənlər kursu dəyişib reinteqrasiyanı, sülhü seçəcəklər. Bunu Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar tələb edir. Bəli, bu gün bölgədə söz sahibi nə Kremldir, nə Ağ evdir, nə Yelisey sarayıdır, Azərbaycandır! Azərbaycan isə yeni reallıqlar fonunda  reinteqrasiyanın, eləcə də sülh danışıqlarının baş tutacağına əmindir. Amma rəsmi Bakı çalışır ki, bu məsələlər sülh yolu ilə həll olunsun, yəni dəmir yumruğa ehtiyac olmasın.

Daha çox xəbərlər