Gündəm 

Havadarlar üzə çıxır: Əvvəl bacısı, indi də Bi-Bi-Si…

Qərəzsizlik prinsipi unudulur, mavi ekranlardan ağappaq yalanlar uydurulur

Bu günlər Ermənistanın və dünya erməniliyinin faşizm ruhlu təbliğat maşını var gücü ilə Azərbay­can əleyhinə işləyir. Təəssüf ki, özünü müstəqil, qərəzsiz, obyektiv adlandıran bir sıra transmilli media korporasiyaları da bu prosesə alət olublar. Xüsusilə mərkəzi ofisi Londonda yerləşən BBC Yayım Korporasiyası bu məsələdə daha çox canfəşanlıq göstərir. Bu isə onu deməyə əsas verir ki, erməni lobbisinin “kassa”sından artıq BBC-yə də “pay” çatmağa başlayıb.

BBC telekanalının efirində və onun Azərbaycan xidmətinin veb səhifələrində Qarabağ regionu barədə obyektivlikdən uzaq və qərəzli iddialardan ibarət materiallar yayımlanır. Həmin materiallarda “erməni şəbəkəsi” tərəfindən gündəmə gətirilmiş qondarma “humanitar böhran” kampaniyasına birbaşa və dolayısı ilə dəstək ifadə olunur. Azərbaycanın Qarabağ erməniləri üçün ərzaq göndərməsi mövzusunun mahiyyəti təhrif edilir. Bununla da beynəlxalq ictimai rəydə çaşqınlıq yaradılır. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlər dair absurd və qərəzli iddialar irəli sürülür.  BBC Yayım Korporasiyası (BBC) kimi nüfuzlu Qərb KİV-nin Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların maraqları naminə başdan-başa qərəzli, subyektiv və birtərəfli süjet hazırlayaraq bölgədə erməni separatizminin təbliğinə xidmət etməsi dərin təəssüf hissi doğurur. Azərbaycan-Ermənistan münasibətlərinin axarında, Cənubi Qafqazda sülhün, əmin-amanlığın nizama salındığı bir vaxtda özünü həqiqət carçısı hesab edən BBC-nin erməni separatizmini təbliğ etməsi üçün dəridən-qabıqdan çıxması bu telekanalın  gerçək üzünün və mərifət(sizliy)inin növbəti isbatıdır.

Otuz il doğma dədə-baba yurdundan didərgin düşmüş, müharibə illərində hər cür humanitar fəlakətlə üz-üzə qalmış keçmiş məcburi köçkün azərbaycanlılara münasibətdə bir dəfə də olsun BBC telekanalında ədalətsizliyə qarşı reportaja rast gəlinmədi. Bu, jurnalistikanın universal standartlarına, qayda-qanunlarına qarşı çıxmaq deməkdir. Bu cür media nəhənginin həqiqəti görməzliyə vurub separatizmi təbliğ etməsi balanslı xəbər anlayışını çox ciddi şəkildə pozur, birtərəfli, qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirir. Bu kanal belə qərəzli münasibəti ilə, ilk növbədə, öz reputasiyasına zərbə vurur,  ictimaiyyətdə özünə qarşı inamsızlıq yaradır. Dünya jurnalistikası üçün peşəkarlığı qərəzsizlik örnəyi kimi təqdim edən belə bir qocaman media qurumunun kimlərinsə əlində alətə, separatizmin təbliğat “meydan”ına çevrilməsi BBC-yə heç də yaxşı perspektiv vəd etmir.

Əgər həqiqətən BBC qərəzsizdirsə, onun əməkdaşının hazırladığı “Dağlıq Qarabağ: İnsanlar çörək növbəsində huşlarını itirirlər” reportajı, həmçinin ifaçı Serj Tankyan və separatçı Artak Beqlaryanın Azərbaycana qarşı əsassız ittihamların səsləndirilməsinə şərait yaratmasını necə başa düşmək olar? Azərbaycanın hər hansı bir bölgəsindən hazırlanan bir süjetdə Azərbaycanın mövqeyi əks olunmur. Axı Qarabağın Azərbaycan ərazisi olduğunu hər kəs, hətta Ermənistan belə etiraf edib. BBC-nin bunu “şübhə altına almaq” həvəsi və ya istəyi haradan qaynaqlanır? Demək ki, məqsəd heç də sadəcə “reportaj” və ya “süjet” hazırlamaq deyil – məqsəd çirkin, məqsədli kampaniyanın növbəti “seriyasını formalaşdırmaqdır. Ortada mühüm aydınlıq var – BBC Azərbaycan əleyhinə təbliğat aparır, separatçı qurumun subyektivliyi mövzusunu süni şəkildə “qabardır”.

Laçın sərhəd-buraxılış məntəqəsi qarşısında düzülmüş və mənşəyi bilinməyən yüklər doldurulmuş TIR-ları davamlı şəkildə göstərməkdən usanmayan BBC Ağdam-Xankəndi yolunda gözləyən ərzaq yükünün niyə Qarabağın ermənilər yaşayan hissəsinə buraxılmaması barədə bir kəlmə də olsun danışmır? Bu, açıq formada riyakarlıqdır və real situasiyanı etnik münaqişəyə təşviq etməyə hesablanıb. BBC-nin bu davranışları, eyni zamanda, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi ilə təsbit olunan dövlətlərin ərazi bütövlüyü hüququ, habelə beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə köklü formada ziddir. Bütün bunlar isə Azərbaycan cəmiyyətində birmənalı şəkildə sözügedən media korporasiyasına qarşı neqativ münasibət, haqlı etiraz formalaşdırır .

Azərbaycan Mətbuat Şurası BBC-nin Bakı ofisini bağlamağa, Britaniya radiostansiyasını isə hadisələrin birtərəfli və qərəzli işıqlandırmasına görə üzr istəməyə çağırıb. Mətbuat Şurasının məsələ ilə bağlı bəyanatında bildirilib ki, BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir: “Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və yanlış rəy formalaşdırmaq cəhdidir. BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur”.

Qərbi Azərbaycan İcması da yaydığı bəyanatda BBC-nin ermənipərəst mövqeyini faktlarla xatırladıb. Məsələn,   BBC “Xocalıya ədalət!” kampaniyasına reaksiya olaraq 2017-ci ildə “İvanyan (Ermənistanın Xocalı şəhərinə verdiyi qondarma ad) onilliklər boyu davam etmiş Azərbaycan işğalından sonra “Artsax”ın inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqının hisslərini təhqir edən bir separatçıya və Serj Tankyan kimi faşist düşüncəli şəxslərə qucaq açıb və s.

Qeyd edək ki, Azərbaycannın BBC yayım şirkətini ermənipərəst mövqeyinə və Qarabağ hadisələrini qərəzli işıqlandırmasına görə haqlı tənqidlərinə qarşı tərəf reaksiya verib. Bu barədə məlumat yayan BBC özünə haqq qazandırmağa çalışıb və Azərbaycanın da mövqeyini təqdim edəcəyini bildirib: “Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edən BBC bunu lazımi qərəzsizliklə etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiq qalmaqdadır. Yaxın günlərdə biz, “BBC News” xəbərlərində Azərbaycanın mövqeyini eşidəcəyik. Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiq qalmaqdadır”.

BBC-nin Azərbaycan həqiqətlərini görməzdən gəlib, separatizmi, yalan və həqiqətə uyğun olmayan informasiyaları yaymaqla ölkəmizin ərazi bütövlüyünü, suverenliyini şübhə altına alması media qanunlarına tamamilə ziddir. Azərbaycan cəmiyyəti hesab edir ki, BBC işğalçılara və separatçılara tribuna vermək, onları təbliğ etmək, azad söz hüququndan sui-istifadə etmək əvəzinə fəaliyyətində obyektiv olmalıdır. Yaxşı olar ki, BBC Ermənistanın işğalçı siyasəti nəticəsində yer üzündən silinmiş yaşayış məntəqələrimizi, tarixi-mədəni və dini abidələrimizi, eləcə də digər erməni cinayətlərini dünya ictimaiyyətinə çatdırsın. Belə olarsa, bu, BBC-nin obyektiv və vicdanlı bir fəaliyyət ortaya qoyduğunu nümayiş etdirmiş olar. Yox, əgər yalançı və qərəzli media qurumunun  təbliğat maşını yenə də davam edəcəksə, o zaman BBC-nin Azərbaycan xidmətinin lisenziyasının ləğvi və fəaliyyətinin dayandırılması gündəmə gəlməlidir.

Daha çox xəbərlər