Qürur duy, ancaq paylaşma!
Hərbi kolonların hərəkət istiqamətləri haqqında məlumatları ictimailəşdirmək dövlət sirrinin yayılması deməkdir
Silahlı Qüvvələrimizə məxsus hərbi birləşmələrin, o cümlədən zirehli texnikaların suveren ərazimizdə istənilən istiqamətdə hərəkət etməsi, mövqe dəqiqləşdirmələrinin aparılması, müəyyən yerdəyişmələr Azərbaycan Müdafiə Nazirliyinin və digər aidiyyəti qurumların müstəsna səlahiyyətində olan qanunauyğun prosesdir. Günün istənilən vaxtında, ölkəmizin istənilən ərazisində hərbi maşınların, yaxud kolonların hərəkəti tamamilə təbii qarşılanmalıdır. Nəzərə almaq lazımdır ki, belə hərəkətliliyin böyük əksəriyyəti əvvəlcədən təsdiq edilmiş illik fəaliyyət planına əsasən təlimlər, gənc əsgərlərin xidmət yerlərinə çatdırılması və digər məqsədlər üçün həyata keçirilir. Bundan başqa, Ermənistanın sərhəd təxribatlarını, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində hələ də qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğunu da nəzərə alsaq ordumuzun düşmənin istənilən addımına vaxtında və lazımi cavab verə bilməsi üçün mütəmadi zəruri tədbirlər görülməlidir və görülür. Yəni, yollarda hərbi kolonların hərəkətində qeyri-adi səbəb axtarmaq lazım deyil. Ən əsası isə bunu çəkmək və paylaşmaq qəti şəkildə qadağandır. Niyəsinə gəlincə…
Müdafiə Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, təəssüf ki, xüsusilə son günlər sosial şəbəkələrdə ordumuza məxsus hərbi maşınların və texnikaların hərəkətini əks etdirən çoxsaylı görüntülər yayılmaqdadır. Bəzi vətəndaşların bu addımı sırf məlumatsızlıqdan, guya xoş niyyətlə atdıqları şübhə doğurmur: Qürur yerimiz olan ordumuzun hərbi birləşmələrini, bəzilərini yalnız televiziyalardan, 44 günlük Vətən müharibəsindən kadrlardan tanıdığımız zirehli texnikaları yaxından görməyin həyəcanı ilə mobil telefonlar vasitəsilə çəkir və “Allah sizləri qorusun!” deyərək fəxrlə paylaşırlar. Yenə də məlumatsızlıqdan, diqqətçəkən görüntü olduğu üçün sosial şəbəkələrdə, xüsusilə “Tiktok” platformasında çoxsaylı izləyici və “bəyənmə” qazanma məqsədilə paylaşım edənlər də kifayət qədərdir. Böyük ehtimalla aramızda ordumuzun hərəkət istiqaməti barədə düşmənə məlumat ötürmək istəyənlər də çox olmasa da, yox da deyil. Bu zaman nə baş verir? Tutaq ki, kimsə hərbi kolonların hərəkətini çəkib paylaşır, yaxud da döyüş mövqelərindən məxfilik dərəcəsi olan görüntülər “dövriyyəyə buraxılır”. Nəticədə qoşunların hərəkət trayektoriyası haqqında qarşı tərəf məlumat almış olur. Öyrənir ki, “düşmən” nə qədər qoşun çıxarıb, onları hansı mövqelərə yerləşdirir. Mövqelərdən olan paylaşımlar isə həmin yerin koordinatını çıxarmaq üçün qarşı tərəfə fürsət verir. Nəticə etibarilə bu gün Ermənistanın müdafiə nazirliyi və digər aidiyyəti qurumları asanlıqla müəyyən hərbi məlumatlar əldə etmiş olur. Bunun həm düşmən tərəfindən hərbi-siyasi məqsədlər üçün istifadə edildiyini, həm də əsgər və zabitlərimizin həyatları üçün təhlükə yaratdığını təkrar-təkrar söyləməyə ehtiyac yoxdur. Amma bəlkə də var…
Yeri gəlmişkən, sözügedən görüntülər düşmən ölkənin mətbuatında da geniş müzakirə mövzusuna çevrilib, təkrar-təkrar həm sosial şəbəkələrin erməni seqmentində, həm də Ermənistan KİV-də yayımlanır. Bundan başqa, sentyabrın 6-da Ermənistan müdafiə nazirliyinin bu ölkədə akkreditə olunmuş səfirliklərin hərbi attaşelərinin iştirakı ilə keçirdikləri brifinq də sübut edir ki, düşmən sosial şəbəkələrdə yayılmış görüntülərdən öz təxribatçı əməllərini ört-basdır etmək, gələcəkdə mümkün silahlı toqquşmalarda Azərbaycanı günahlandırmaq məqsədi ilə istifadə edir. Brifinqdə ordumuzun birləşmələrinin və texnikalarının hərəkətini əks etdirən görüntüləri guya Azərbaycanın Ermənistanla sərhədə qoşun cəmləşdirməsi kimi təqdim edən Ermənistan müdafiə nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyan xarici diplomatik korpusların nümayəndələrini inandırmağa çalışıb ki, “Azərbaycan vəziyyəti daha gərginləşdirir”, onlar isə “bunun qarşısını almaq üçün üzərlərinə düşən vəzifələr çərçivəsində lazımi addımları atırlar”.
Göründüyü kimi, düşmən hansısa vətəndaşımızın sırf maraq xatirinə, xoş niyyətlə çəkib paylaşdığı görüntülərdən hərbi-siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Hərbi kolonların hərəkət istiqamətləri haqqında məlumatları ictimailəşdirmək, eyni zamanda, dövlət sirrinin tərkib hissəsi olan hərbi sirrin yayılması deməkdir. Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanununun 5.1.4-cü və 5.1.5-ci maddələrinə əsasən, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, həmçinin qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və s. məlumatlar dövlət sirri təşkil edir. Dövlət sirrini yaymağa görə isə Cinayət Məcəlləsinin 284-cü maddəsinə əsasən cinayət məsuliyyəti nəzərdə tutulur.
Deməli, çoxunuz adi maraq və ya “bəyənmə” xatirinə istəmədən hərbi sirrin yayılmasına şərait yaradan ola bilərik. Odur ki, ordumuzla qürur duyduğumuz kimi, onu qorumağı da bacarmalıyıq. Bu, hər şeydən əvvəl hər birimizin vətəndaşlıq borcumuzdur.

