“Demokratik” ermənilik…
Sevinc Osmanqızı Paşinyanın ölənlərinə rəhmət oxutdurur
Azərbaycanın günü-gündən artan nüfuzu ölkəmizin demokratik imicini daha da möhkəmləndirməklə yanaşı, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Bu da təbii olaraq Azərbaycana qarşı olan qüvvələrə, xüsusilə erməni lobbisinə və onun əlaltılarına rahatlıq vermir. Ölkəmizə qarşı addımbaşı təşkil edilən qərəzli kampaniyaların erməni lobbisinin tanınmış simaları, milyarderləri tərəfindən maliyyələşdirildiyi heç kəsə sirr deyil. Məsələn, dünyada şəbəkələşmiş formada fəaliyyət göstərən erməni lobbisini, terror təşkilatlarını, antitəbliğat qruplarını, hətta xəyanətkar fərdləri belə maliyyələşdirən Stiven Kandaryan kimi. Kandaryanın fəaliyyətinin ən mühüm “istiqamətlərindən” birini onun anti-Azərbaycan fəaliyyəti, daha doğrusu, bu fəaliyyəti “stimullaşdırması” təşkil edir. Onun anti-Azərbaycan fəaliyyətinin mərkəzində ölkəmizdən “daha gözəl həyat” eşqi ilə “mühacirət etmiş” şəxslər xüsusi “yer tutur”. Bu gün adının qarşısına “radikal” yarlığının yapışdırılması üçün əldən-ayaqdan gedənlərin əksəriyyəti məhz Kandaryanın “qrant siyahısına” düşmək üçün “mübarizə aparır”. Məsələn, radikal müxalifətin əsas “tezisçisi” sayılan Sevinc Osmanqızı birbaşa Kandaryanın şəxsi vəsaiti hesabına fəaliyyət göstərir. Onun qısa zamanda “populyarlaşdırılması”nda da Kandaryan komandasının rolu az deyil – internet yayımlarına baxışların süni şəkildə artırılması üçün bu erməni iş adamı minlərlə dollar xərcləyir. Əlbəttə ki, burada məqsəd həm də Sevinc Osmanqızı “vasitəsilə” yeni “sevinclər” tapıb “kəşf etməkdir”. Məsələn, Osmanqızının ən populyar “ekspert”lərindən olan Gültəkin Hacıbəylinin adını bu cərgədə çəkmək olar.
Həmişə olduğu kimi, bu dəfə də S.Osmanqızı ölkəmiz əleyhinə şər, böhtan və qarayaxma ilə dolu fikirlər səsləndirməklə bir daha nə qədər mənəviyyatsız olduğunu nümayiş etdirib: “Ermənistanda və Qarabağda seçkilər olacaq. Bu, ermənilər üçün vacib siyasi xarakter daşıyan hadisədir. Ermənistanda seçkilər keçirilir, həqiqi mənada seçkilər aparılır. Bu, böyük bir siyasi hadisədir. Ermənistanda gərgin mübarizə gedir. Camaat diskussiya aparır ki, kimə səs versin”. Qarabağ Azərbaycan ərazisidir. Belə olduğu halda söhbət hansı seçkidən gedir görəsən? Ermənistanın baş naziri Nikol Paşinyan belə Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi şəkildə bəyan edib. İndi Sevinc Osmanqızının qondarma “seçkilər” barədə danışması onun “demokratik” erməniliyindən irəli gəlir.
Aydın məsələdir ki, separatçı rejim artıq dalana dirənib və terrorbaşı Araik Arutyunyan istefa verib. Xankəndidə xaotik bir vəziyyət var və ermənilər belə sərsəm iddiadadır ki, “yeni seçki” keçirilənədək, qondarma quruma Samvel Şahramanyan başçılıq edəcək. Haylar da Sevinc Osmanqızı kimi yenə də o xülyadadırlar ki, “seçki” keçirəcəklər, əvvəlki qaydada davam edəcəklər. Ancaq bunlar mümkün olmayacaq. Azərbaycan separatçıların işğal altındakı bölgədə qondarma “prezident seçkisi” keçirməsinə heç vaxt imkan verməyəcək. Azərbaycan tərəfinin bəyan etdiyi kimi, Xankəndindəki separatçı rejim özünü buraxmalı və tərksilah edilməlidir. Araik kimi, Samvel kimi cinayətkarlar erməni əhalini faktiki girov saxlayırlar. Onlar hansısa “seçki şousu” düzənləməyə cəhd etsələr, Azərbaycan dövləti öz Konstitusiyasına və beynəlxalq qanunlara əsaslanaraq qarşısını almaq üçün konkret addımlar atacaq. “Seçki” tamaşası qurmağa cəhd edənlər barədə ciddi tədbirlər görüləcək. Çünki Azərbaycan ərazisində qanunsuz seçkilər keçirmək cinayət məsuliyyəti yaradır. Cinayətə yol verənlər isə cəzalarını alacaqlar.
O ki qaldı demokratik seçki məsələsinə, hazırda xaosun, siyasi və iqtisadi böhranın hökm sürdüyü, qanunsuzluğun baş alıb getdiyi Ermənistanda heç zaman demokratik seçkilər olmayıb. Bunu bütün dünya görüb və bilir. Bu ölkədə müxtəlif vaxtlarda baş tutan seçkilərin ilkin nəticələri barədə verilən rəylərdə bütün səsvermə məntəqələrində ciddi qanun pozuntularının qeydə alındığı barədə sonsuz sayda faktlar və məlumatlar mövcuddur. Saysız-hesabsız saxtakarlıq nümunələri ilə dolu olan bu seçkilərdə hakim partiyanın əsas rəqiblərinin təmsil olunduğu partiya və bloklara verilmiş səslər etibarsız sayıldığından onların parlamentə təmsil olunmaq imkanlarının tam məhdudlaşdırıldığı da sirr deyil. “Demokrat” adlandırılan Nikol Paşinyana və az qala regionda demokratiya vadisi kimi qiymətləndirilən Ermənistana münasibətdə ikili standartlar, müxalifətə qarşı repressiyaların təşkilinə və insanların hətta tənqidə görə qətlə yetirilməsinə nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların laqeyd qalması da məlumdur. Son otuz ildə bütün hakimiyyətlər dövründə müxalifətə divanlar tutulması, qanlı cəza tədbirləri hesabına hakimiyyətə gəlinməsi və onun əldə saxlanması, hətta prezidentliyə namizədlərə qarşı sui-qəsdlərin təşkili, parlamentin gülləbaran edilməsi, hökumətin tənqidinə görə gənclərin qətlə yetirilməsi Ermənistan “demokratiya”sının terror qoxusu yayan özəlliklərindən xəbər verir. Uzun illər boyu buna göz yuman Amerika və Qərbin bir sıra dövlətləri isə vaxtaşırı Ermənistana “bəh-bəh” deməklə, əslində bu cür “demokratiya”nı dəstəklədiklərini sərgiləyirlər.

