Yol şəbəkəsi: İnfrastruktur təzələnir və müasirləşir
Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, paytaxtımızda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Dövlət başçısının yol infrastrukturuna xüsusi diqqət ayırmasının nəticəsidir ki, bu gün respublikanın ən ucqar kəndlərinə belə müasir, beynəlxalq standartlara cavab verən yollar çəkilib. Ümumilikdə, əhalinin rahat gediş-gəlişinin təmin olunması istiqamətində böyük layihələr reallaşdırılır. Paytaxt Bakının qəsəbədaxili yolları yenidən qurulur.
Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan infrastrukturun önəmini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə çoxmilyardlıq investisiyalar qoyulub. Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.
Üç ilə yaxındır ki, ərazi bütövlüyünü təmin edən Azərbaycanın hazırda qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin yenidən qurulması və dirçəldilməsidir. Bu istiqamətdə artıq mühüm layihələrin icrasına başlanılıb. Təbii olaraq, hər şeydən öncə yol infrastrukturunun yaradılması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu mənada dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfərində hansısa strateji əhəmiyyətli yolun və ya hava limanının təməli qoyulur. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur.
Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb və görülən işlərin icrası daha da sürətləndirilib. Bunun nəticəsidir ki, qələbəmizin simvolu sayılan Zəfər yolunun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol artıq istifadədir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir.
Bu günlərdə Azərbaycan Prezidentinin növbəti Sərəncamı ilə Xudafərin ‒ Qubadlı ‒ Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.
Göründüyü kimi, Böyük Qayıdışı təmin etmək, azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafa nail olmaq üçün yolların çəkilməsi əsas şərt kimi qarşıya qoyulub. Çəkilən yolların kateqoriyası əsasən birinci və ikinci dərəcəli yollardır. Qeyd edək ki, o cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi üçün həmin ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində məskunlaşacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.
Görülən bütün bu işlər onu göstərir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaşın rifahı, onun layiqli həyat səviyyəsi dayanır. İmzalanan sərəncamlar həm də Prezident İlham Əliyevin regionların inkişafını ölkəmizin hərtərəfli tərəqqisinin, həmçinin qeyri-neft sektorunun inkişafının əsası kimi qəbul etməsindən irəli gəlir. Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır, onlar arasında sağlam rəqabət mövcuddur.

