Siyasət 

Baş Qərargah rəisi Türkiyənin milli müdafiə naziri ilə görüşüb – YENİLƏNİB + FOTO/VİDEO

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan nümayəndə heyəti burada Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Sonra Baş Qərargah rəisi Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.

Türkiyənin milli müdafiə naziri nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

 

18:14

Türkiyənin milli müdafiə naziri ordu generalı Yaşar Gülər qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi qəbul edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Müzakirələrdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak da iştirak edib.

Qeyd edək ki, K.Vəliyev Türkiyədə səfərdədir.

16:51

Qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə – Anıtqəbiri ziyarət olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi xatirə kitabına ürək sözlərini yazıb.

Sonra general-polkovnik K.Vəliyev türkiyəli həmkarı ilə görüşüb.

Əvvəlcə təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

Protokola uyğun olaraq şərəf kitabı imzalanıb.

Rəsmi qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Türkiyənin Baş Qərargah rəisi qonaqları salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Ordu generalı M.Gürak iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

General-polkovnik K.Vəliyev türkiyəli həmkarına dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Ölkələrimiz arasında uğurla inkişaf edən əməkdaşlığın qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti barədə brifinq təqdim olunub.

12:21

Sentyabrın 11-də müdafiə naziri Zakir Həsənovun birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.

Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Daha çox xəbərlər