Cəmiyyət 

Yeni dərs ili başlayır: Tıxacdan necə yaxa qurtarmalı?

Məlumdur ki, tıxacların anormal dərəcədə olması paytaxt Bakı üçün əsas problemlərdən birinə çevrilib. İstər ictimai nəqliyyatdan istifadə edənlər, istərsə də şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkirlər. Nə qədər tədbir görülsə də, maarifləndirmə işləri aparılsa da, hətta sərt cəzalar tətbiq olunsa da bu sahədə qayda-qanun yaratmaq mümkün olmur.  Çox güman ki, yeni dərs ilinin başlaması bu problemi bir az da dərinləşdirəcək. Həm  tədris ilinin, həm də payız-qış mövsümünün başlanması yollarda nəqliyyatların artmasına səbəb olacaq.

“Diqqət, uşaqlar!”

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciətində bildirilir ki, müvafiq göstərişinə əsasən, bu sahədə ardıcıl həyata keçirilən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb. Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı, uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin gücləndirilməsi, eləcə də bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.

Çıxış yolu nədədir ?

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciətində bildirilir ki, dayanma və durma qaydaları pozulmamalı, nəqliyyat vasitələri ikinci cərgədə saxlanılmamalı və bununla da şagirdlərə nümunə olunmalıdır. Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər.Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır.

Qeyd olunanları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi, məktəblərin və universitetlərin ətrafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Bakı metrosu yeni qrafiklə işləyəcək

Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı Metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Belə ki, qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib. Həmin müddətdə “Həzi Aslanov-28 May” istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı Metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır. Həmin sahədə günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

Bakı Metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. “Həzi Aslanov-28 May” sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. İstirahət və bayram günlərində sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək. Bənövşəyi xətt, eləcə də Yaşıl xəttin “Xətai-Cəfər Cabbarlı” sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq. Yeni qrafikin 2024-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

Problemi həll etmək o qədər də asan deyil …

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Bakı şəhərində tıxacların qarşısının alınması məqsədilə tədbirlər planının hazırlanması ilə bağlı  Baş nazirin sədrliyi ilə bu il ərzində iki dəfə iclas keçirilib. Həmin iclasda müvafiq qurumların rəhbərləri də iştirak ediblər.  İclasda tıxacların azaldılması ilə bağlı konkret təkliflər olub. Ümid edirik ki, yeni mövsümdən bu plan işə düşəcək və qismən də olsa tıxacları yaradan subyektiv səbəblər aradan qaldırılacaq.

Həmsöhbətimiz problemin həlli üçün  Bakı şəhərində nizamsız tikintilərin dayandırılmasını təklif edir: “Təəssüf ki, bu gün Bakıda avtomobil yollarının  zəbt olunaraq, orada çoxmərtəbəli yaşayış binaları tikilməsi hallarının şahidi oluruq. Bu nizamsız tikintilər, həmçinin bütün obyektlərin Bakı şəhərinin mərkəzinə cəmləşməsi, yol qıtlığı da tıxaca səbəb olur.  Bəzən biznes dairələri yanaşı, dövlət qurumları da yollarda lüzumsuz işlər aparırlar. Nəticədə yollar daraldılır və “butulka effekti” yaranır. Bu, o deməkdir ki, bir neçə zolaqlı yol bir neçə kilometrdən sonra daralır və “butulka effekti” yarandığına görə artıq sıxlıq və tıxac yaranır. Baxın,  əsasən nizamsız tikililər nəzarətə götürülsə, həm də istinilən qurumun Bakı şəhərində təmir-tikinti işləri aparmasının qarşısı alınsa  tıxacın yaranmasının subyektiv səbəblərini aradan qaldıra bilərik.”

Nəqliyyat eksperti Bakı şəhərində parklanma prosesinin sürətləndirilməsinin də zəruriliyinə toxundu: “Bu gün artıq bununla bağlı müəyyən işlər görülür. Amma azdır. Bakıda dövlətin balansında olan bütün parklanma yerləri, ünvanları vətəndaşlar üçün açıq olmalıdır. Hər kəs bilməlidir ki, Bakıda avtomobilini harada park edə bilər. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Daha sonra arxitektura və tikinti qaydalarına görə Bakı şəhərində bütün yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yeri olmalıdır. Bu istiqamətdə də işlər aparılmalıdır. Hesab edirəm ki , parklanma yeri olmayan və ya onu təşkil etmək istəməyən qurumlar Bakının kənarına çıxarılmalıdır.”

Daha çox xəbərlər