Cəmiyyət 

Gəldi məktəb zamanı…

Respublikamız yeni tikilən və yaxud əsaslı şəkildə bərpa olunan məktəblərin sayına görə bütün dünya üzrə öncül mövqelərdən birini bölüşür

Təhsil sektoruna qoyulan sərmayələr ölkəmizin gələcəyinə yönəldilən investisiyalardır. Azərbaycan dövləti  ölkəmizin, xalqımızın gələcəyi naminə bu sahəyə davamlı olaraq böyük həcmdə maliyyə vəsaiti yönəldir. Təhsildə uğurların qazanılması zəruri infrastrukturla bilavasitə bağlıdır. Zəruri infrastruktur yaradılmadan təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması əsla mümkün deyil. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində ardıcıl şəkildə bərpa və yenidənqurma işlərinin görülməsi ölkədə həyata keçirilən təhsil islahatlarının tərkib hissəsini təşkil edir. Deyə bilərik ki, respublikamız yeni tikilən və yaxud əsaslı şəkildə bərpa olunan məktəblərin sayına görə dünyada öncül mövqelərdən birini bölüşür.

Ölkədə məktəb tikintisinin də davamlı prosesə çevrilməsi sevindirici haldır. Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxt və bölgə məktəblərinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülüb. Hazırda məktəblərin maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması davam edib. Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində təhsil ocaqlarının təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublika üzrə tikinti və təmir işləri aparılmış 40 məktəb istifadəyə verilib. Həmçinin 31 modul tipli məktəb quraşdırılıb. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, 2022-2023-cü tədris ilində bu siyahıya daha 77 təhsil müəssisəsi əlavə edilib. Bir sıra məktəblər əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa olunub, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Ən əsası, 2023–2024-cü tədris ilinə hazırlıq çərçivəsində 50 ümumi təhsil məktəbində, 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri aparılıb, həmçinin 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır, 3 ümumi təhsil müəssisəsində isə əsaslı təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, müvafiq müəssisələrə cəlb olunan uşaqların sayının artırılması tədbirləri çərçivəsində 2023-cü ilin iyul ayında Bakı şəhərinin Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.

Əlamətdar haldır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez yeni istifadəyə verilən məktəb binalarının açılış mərasimlərinə qatılırlar. Sentyabrın əvvəlindən bəri dövlət başçısı Bakının ayrı-ayrı rayonlarında Bilik günündə ilk dəfə qapılarını müəllim və şagirdlərin üzünə açacaq bir neçə məktəbdə görülən işlərlə tanış olub və dəyərli tövsiyələrini verib. Bu günlərdə Prezident İlham Əliyev iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Bu tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra erməni işğalından azad edilən ərazilərdə aparılan böyük quruculuq və bərpa işləri çərçivəsində yeni məktəb binalarının tikintisinə də xüsusi önəm verilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası həyata keçirilir. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında söyləyib ki, bu tədris ili Azərbaycan üçün əlamətdar ildir. İkinci ildir ki, işğaldan azad edilmiş ərazilərdə ki məktəblərdə zəng çalınır. Ağalı kənd məktəbindən sonra Füzuli şəhərində, Laçın rayonunun Zabux kəndində, bir qədər sonra Şuşada məktəbdə zəng səsini eşidəcəyik.

Yaxın aylarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlin qoyub. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq. 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. Qeyd edək ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cu ildə fəaliyyətə başlamışdır.

Bir sözlə, hazırda işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızda insanların rahat, firavan yaşamasına xidmət edəcək.

Daha çox xəbərlər