Narkomaniya qarşı birləşək!
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psikotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019─2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə də bir sıra tədbirlər həyata keçirilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə təbliğat təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə rayon komissiyası əhali arasında maarifləndirici təbliğat-təşviqat işləri aparmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 qaynar xətt” rabitə əlaqəsi ilə bağlı rayon əhalisi vaxtaşırı məlumatlandırılmışdır.
Yuxarıda qeyd olunanlara misal olaraq Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 aprel 2023-cü il tarixdə Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbində həmin məktəbin yuxarı sinf şagirdləri və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “Müasir dünyada narkotiklərin qanunsuz dövrüyyəsi və narkomanlıq son dərəcə mürəkkəb ictimai və böyük bəladır. Dünyada bu bəla ən qorxulu, sağalmaz xəstəlik kimi ölçüyə sığmır və insanlara saysız hesabsız ziyan vuraraq mənəvi əzablar verir” mövzüsunda tədbir keçirilmişdir.
Tədbirlərdə müəllim və şagirdlər qarşısında “Narkotik vasitələrdən istifadə daha çox gənclər arasında yayıldığını, gənclərin narkomanlığa qurşanması onların təhsildən yayınmasına, yüngül həyat tərzi keçirtməsinə, sağlamlığlarının zərbə altında qalmasına səbəb olduğunu və dünyada hər il on minlərlə insanın bu bəlanın qurbanı cevrildiyi barədə geniş maarifləndirici çıxışlar edilmiş, tələbə və şagirləri maraqlandıran suallara cavab verilmişdir.
Təəssüf ki, Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Bu bəla ilə mübarizə etmək o qədər də asan deyil.
Bu dəhşətli bəlanın yayılması insanların normal həyat tərzi üçün ciddi təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhvə doğru gedir. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə, ailəyə, cəmiyyətə qarşı laqeydlik və biganəlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə səbəb olur. Nəticədə orqanizmin zəhərlənməsi, daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur.
Narkomanlar içərisində ən geniş yayılmış xəstəliklərdən əsası hepatitdir. Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə – İİV-/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/-QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.Bu da narkotik bəlasına düçar olmuş şəxslərin ailə üzvlərinin də günahsız yerə yoluxmasına gətirib çıxarır.
Təhqiqat araşdırmaları ilə məlum olur ki, narkotik maddələrdən istifadə edən şəxslərdə əvvəl xoş hisslər yaranır, bu aldadıcı təsirin, sevinc və enerjinin həmin maddələrdə olmasına onlarda inanmağa başlayır. Həmnçinin ailə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Yeniyetmə və gənclər arasında narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması təssüf doğrusudur.
Narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni gücdən düşməyə, həmçinin daxili orqanları – qara ciyəri, böyrəyi öz funksiyasını itirməyə başlayır və sonda həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.
Hazırda narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.
Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil. Odur ki, nikahdan öncə tibbi müayinə gələcəkdə ailə üçün hərtərəfli – həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmindir.
Narkomanlıqla qarşı mübarizə hər bir şəxsin şərəfli borc və vəsifəsi olmalı, bu sahəyə nəzarət edən dövlət qurumları isə mübarizə işini ardıcıl və sərt formada davam etdirməlidirlər. Bu bəladan yayınmaq məqsədilə gənclərinin mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə tədris müəssisələrində, hərbi hissələrdə müxtəlif idman növlərindən yəni futbol, voleybol, boks, güləş, ağırlıq qaldırma, şahmat, dama, estafet qaçışları, digər yarış və turnirlər keçirilmişdir.
Bu sahədə kütləvi informasiya vasitlərinin geniş imkanları nəzərə alınaraq yeniyetmə və gənclərin antinarkomaniya ruhunda tərbiyə olunması günün vacib və aktual məsələsinə çevrilməlidir.
Masallı RİH başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya

