Region Xəbərləri 

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

Regionun təhlükəsizlik mühitini bir sıra daxili və xarici amillər formalaşdırır ki, onlardan biri də bölgədə cərəyan edən geosiyasi proseslərdir. Azərbaycan istər siyasi,istərsə də geoiqtisadi münasibətlərə görə türkdilli dövlətlərlə hərtərəfli münasibətə maraqlıdır.Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır.Son vaxtlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə bu prosesdə vacib həlqəyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir.
Mərkəzi Asiyanı bizim üçün maraqlı, aktual edən digər vacib məqam ölkəmizə coğrafi yaxınlığı, tarixi, mədəni, iqtisadi əlaqələrin, etnik bağların mövcudluğudur.Ölkəmizin günü-gündən dünya dövlətləri arasında prestijinin artması ilə bir çox ölkələr,o cümlədən,Mərkəzi Asiya dövlətləri Azərbaycanla münasibətlərə isti yanaşır.Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gləcək üçün yaxşı perspektivlər vəd edib. Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu əlaqələrin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həm ölkə daxilində, həm də ölkə xaricində balanslaşdırılmış siyasət yürüdür. Məhz buna görə də son illərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq arenada dostluq etdiyi ölkələrin sayı durmadan artır. Ölkəmizin tərəfdaşlarının artması isə dövlətimiz adına yalnız uğur gətirə bilər. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan özünə xeyli dost və qardaş ölkə qazana bilib. Dili, dini, mədəni həyatı eyni kökə bağlı, oxşar keçmişə malik bu xalqlar bu gün bir-birinə xüsusi səmimiyyətlə yanaşır. Son dövrlər Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
44 günlük Vətən müharibəsində həmin dövlətlər birmənalı olaraq xalqımızın yanında oldu, Azərbaycan dövlətinə dəstək durdular. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır.
Azərbaycan-Tacikistan münasibətləri də müstəqillikdən sonra daha geniş vüsət almışdır. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. İki dost ölkənin əlaqələrinin inkişafında möhkəm təməlinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin rolunun xüsusi qeyd edilməsi bir daha ölkəmizin münasibətlərin qurulmasında hansı prinsiplərə xüsusi önəm verdiyini açıqladı. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyev digər ölkələrlə yanaşı, Tacikistanla da münasibətlərin yüksələn xətt üzrə inkişafına nail olub. Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq şəklində də inkişaf etməkdədir. İki ölkə rəsmiləri dəfələrlə Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi təşkilatların müxtəlif səviyyəli toplantılarında iştirak çərçivəsində görüşlər keçiriblər. Bu həm də dövlətlərin beynəlxalq arenada bir-birinə dəstək olması baxımından da vacibdir. Təsadüfi deyil ki, cari beynəlxalq məsələlərdə Azərbaycanla Tacikistanın mövqeləri bir-birilə uzlaşır. Bütün bu amillər iki ölkə münasibətlərinin sürətli inkişafına geniş imkan yaradıb.
Artıq yeni geosiyasi mühitdə Azərbaycan Mərkəzi Asiya və digər türkdilli dövlətlərlə əlaqələrdə, tarixi səfərlər və atılan imzalarda öz səriştəsini nümayiş etdirir. Bir sözlə, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçıları Görüşündə fəxri qonaq olaraq iştirakı, oradakı çıxışında verdiyi ismarıclar qarşıdakı dönəmdə öz müsbət sonuclarını göstərəcək, yeni müsbət hadisələrə səbəb olacaq.
Türkan Şadlinskaya – Bərdə Heydər Əliyev Mərkəzinin elmi işçisi

Daha çox xəbərlər