Nazir: “İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlamaları bütün türk dünyasında böyük maraqla qarşılandı”
“Kipr adasında iki xalq və iki dövlət var. Dünyada belə bir reallıq var ki, xalqların bir-birlərinin dini inanclarına, ibadətlərinə hörmət etməsi lazımdır. Çünki bu, insanlarla Allah arasında bağdır və buna sayğı göstərilməlidir. Türklər və yunanlar Kipr adasında hər iki tərəfə keçə, öz aralarında alış-veriş edə, işləyə bilirlər”.
Bunu Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz “Report”un suallarını cavablandırarkən deyib.
Həmin müsahibəni təqdim edirik.
– Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin Bakıda keçirilən ikinci iclasında iştirak etdiniz. Bu toplantı barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Azərbaycana ilk səfərinizdir?
– Azərbaycana ikinci səfərimdir. Bundan öncə kənd təsərrüfatı naziri kimi İƏT-ə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin görüşü üçün Bakıya gəlmişdim. Bu dəfə keçirilən iclas çox önəmli idi. Belə ki, bu ilin fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ əslində insanların çətin vəziyyətdə qaldıqda bir-birinə din, dil, irq ayrı-seçkiliyi etmədən nə qədər yardım edə biləcəyini də ortaya çıxardı. Zəlzələ zamanı 49 Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşı həyatını itirib. Bir daha vəfat edən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm.
Həmin hadisə göstərdi ki, zəlzələ bölgəsindən olan insanların normal həyatlarına qayıda bilməsi üçün birgə hərəkət çox önəmlidir. Azərbaycan bu zaman Türkiyəyə ən böyük dəstəyi verən ölkə oldu. Biz də Şimali Kipr Türk Cümhuriyyəti olaraq imkanlardan maksimum istifadə edərək Türkiyəyə yardımlarımızı çatdırdıq. Bu isə türk dövlətlərinin birlikdə hərəkət etdikdə necə böyük bir güc olduğunu yenidən nümayiş etdirdi. Bizim ən böyük arzumuz Türk dövlətlərinin yumruq kimi birləşməsidir. Təbii fəlakətlər zamanı bir-birimizə dəstək olmaq, yardımlaşmaq baxımından Bakıda keçirilən iclas olduqca əhəmiyyətli idi.
– Prezident İlham Əliyev sizi qəbul etdi. Görüşlə bağlı təəssüratlarınız necədir?
– Səfərimizin ən önəmli məqamı Azərbaycan Prezidenti İlham Əliyevin bizi qəbul etməsi idi. Görüş zamanı cənab Prezidentin səsləndirdiyi fikirləri nəinki ölkəmizdə, bütün türk dünyasında böyük maraqla qarşılandı. Təəssüf ki, Şimali Kipr Türk Cümhuriyyəti sanksiyalardan əziyyət çəkən bir ölkədir. Dünyaya açılan tək pəncərəmiz isə sadəcə Türkiyədir. Bu baxımdan, Prezident İlham Əliyevin “burada Şimali Kipr Türk Cümhuriyyəti bayrağı da dalğalanmalıdır və dalğalanacaqdır” fikrini səsləndirməsi bizə güc, dünyaya isə mesaj verdi. Mən bir daha həm öz adımdan, həm də xalqımız adından Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm ki, Azərbaycanın örnək davranışı digər türk dövlətlərinə də nümunə olacaq. Çünki türkün türkdən başqa dostu yoxdur və biz də bu dəyərə sahib çıxmalıyıq.
– Şimali Kipr Türk Respublikası təbii fəlakətlərə qarşı hazırlıqlıdırmı?
– Ölkə içərisində mülki müdafiə sahəsində lazımi təşkilatlanmamız var. Həm personal, həm də xalqı maarifləndirmə baxımından mütəmadi işlər aparılır. Təbii fəlakətin nə zaman baş verəcəyi öncədən bilinmədiyi üçün maarifləndirmə ilə yanaşı, əlimizdəki imkanlardan lazımınca istifadə edə bilmək üçün daim təlimlər də keçirilir.
– Cənab nazir, bu yaxınlarda Kiprin yunan hissəsinin Limassol şəhərində Köprülü Hacı İbrahim Ağa məscidinə hücum olub. Bu hücumların məqsədi nədir?
– Kipr adasında iki xalq və iki dövlət var. Dünyada belə bir reallıq var ki, xalqların bir-birlərinin dini inanclarına, ibadətlərinə hörmət etməsi lazımdır. Çünki bu, insanlarla Allah arasında bağdır və buna sayğı göstərilməlidir. Türklər və yunanlar Kipr adasında hər iki tərəfə keçə, öz aralarında alış-veriş edə, işləyə bilirlər. Bu birlik dini məsələlərdə də öz əksini tapmalıdır. Yunanların Şimali Kipr Türk Cümhuriyyətində öz dini ibadət yerləri var. Şimali Kipr Türk Cümhuriyyəti ibadət hüququna hörmət edir və Cənubi Kiprdə yaşayan yunanlar Şimali Kiprə sərbəst şəkildə gəlib dini ibadətlərini yerinə yetirə bilirlər. Biz də həmçinin yunan tərəfinə keçərkən oradakı məscidlərdə ibadət edirik. Bütün bunları nəzərə alaraq iki xalq arasında gərginliyi artıra biləcək addımlardan çəkinmək lazımdır. Əks təqdirdə, atılacaq bütün addımlar sülhə və sabitliyə zərbə ola bilər. Sabitliyi pozmaq isə heç kimə bir şey qazandırmayacaq.
– Pile-Yiğitler yolu layihəsi niyə bu qədər vacibdir?
– Bu mövzu barədə Azərbaycanda danışmaq xüsusilə önəmlidir. Çünki sözügedən məsələdən Azərbaycan mediasının və bilavasitə xalqının xəbərdar olması onu göstərir ki, qardaşlarımız Şimali Kiprdə baş verən hadisələri yaxından izləyirlər. Pile türklərlə yunanların ortaq yaşadığı bir yerdir. Bu çərçivədə Piledə yaşayan vətəndaşlarımızın həyat standartlarının yaxşılaşdırması üçün bu yolun salınması ilə əlaqədar illərdir davam edən tələbləri var. Ötən günlərdə hökumətimiz də bu yolun salınaraq Pile sakinlərinə təhvil verilməsi üçün işlərə start verib. BMT sülhməramlı kontingentinin sözügedən məsələyə qarşı olması, yolun çəkilməsinin qarşısının alınması üçün təhrikedici addımlar atması vəziyyətin bir qədər gərginləşdirilməsinə gətirib çıxarıb. Hazırda uzlaşma üçün görüşlərimiz davam edir. Lakin qeyd etdiyim kimi bu, Pile camaatının ən təbii insani haqqıdır. Burada çəkiləcək yol hansısa ölkəni işğal və ya təcavüz etmək məsələsi deyil. Ümid edirik ki, BMT də Pile xalqının bu tələbinə müsbət cavab verəcək. Hazırda layihənin bir qismi başa çatıb. Yolun qalan hissəsinin tamamlanması üçün dövlətimiz danışıqlara davam edir.
– Şimali Kipr daxili təhlükəsizlik məsələsində xarici ölkələrlə, xüsusilə, Türkiyə ilə əməkdaşlıq və təcrübə mübadiləsi aparır? Bəs, bu istiqamətdə Azərbaycanla hər hansı əməkdaşlıq nəzərdə tutulub?
– Daxili təhlükəsizlik məsələlərində Türkiyə ilə yaxın işbirliyi içərisindəyik. Daxili İşlər Nazirliyi mənsublarının lazımi təchizatla təmin edilməsi, onlara təlim keçirilməsi kimi bir sıra məsələlərdə Türkiyə bizə daim öz dəstəyini göstərir. Lakin ümid edirik ki, bundan sonra Azərbaycanla yanaşı, digər türkdilli dövlətlərlə də daha yaxın işbirliyi içərisində olacağıq. Bu kimi əməkdaşlıqlar qarşılıqlı dialoqun inkişaf etdirilməsi üçün çox önəmlidir.
– Şimali Kipr dünyanı ağuşuna alan miqrant problemi ilə necə mübarizə aparır?
– Dünyada bir çox ölkənin hazırda qanunsuz miqrasiya ilə əlaqədar böyük problemi var. Sözügedən məsələ ilə əlaqədar da Türkiyə ilə yaxından əməkdaşlıq edirik. Miqrantların qanunsuz şəkildə ölkəyə gəlməsi təhlükəsizlik problemini də öz ilə birgə gətirir. Sabitlik üçün ciddi problem yarada biləcək qeyri-qanuni miqrasiya ilə mübarizəmiz sona qədər davam edəcək.
– Cənab nazir, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında ünsiyyəti daha da gücləndirmək üçün hansı sahələrdə əməkdaşlıq genişləndirilə bilər?
– Təhsil başda olmaqla, mədəniyyət və turizm sahəsində, eyni zamanda biznes sahəsində əməkdaşlıq həyata keçirilə bilər. İki həftə əvvəl ölkəmizə azərbaycanlı iş adamları səfər etdilər. Bu kimi qarşılıqlı səfərlər iki ölkə arasında ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Əlaqələrin inkişafı ilə yanaşı müxtəlif sahələr üzrə çeşidləndirilməsi də vacib məqamlardan biridir.
– Regionun ən sabit ölkəsi olan Azərbaycanın son dövrlərdəki inkişafını necə qiymətləndirirsiniz?
– Azərbaycanın son zamanlarda ən böyük uğurlarından biri işğal altında olan torpaqları azad etməsi idi. Bu böyük qələbə bizi də qürurlandırdı. Vətənin bütövlüyü uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Azərbaycan Qarabağ problemini həll etməklə həm də mənəvi yaralarını sağaltmış oldu. Biz də Azərbaycanın bu və digər sahələrdə atdığı addımları yaxından izləyirik. Eyni zamanda, enerji sahəsində gördüyü işlərlə Azərbaycan bölgə ilə yanaşı, dünyanın böyük güclərindən biridir. Azərbaycanın diktə edən və qərar verən gücdə olması bizim üçün də çox qürurvericidir və bizə də güc verir. Çünki Azərbaycan türk dövlətləri üçün nümunə olacaq addımlar atır, hansı ki, biz də “Bir millət, üç dövlət” deyərək həmin addımları dəstəkləyirik.