Anar Eyvazov: “Ermənistan hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir”
“Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
“Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliye malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifade edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb”, – o qeyd edib.
A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq, yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədler üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.