Antiterror tədbirləri və uğurlu nəticə
19 sentyabr erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır.
İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. Laçın sərhəd- buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.
Erməni silahlı qüvvələrinin törətdiyi terror aktına cavab olaraq 19 sentyabr tarixində lokal xarakterli antiterror əməliyyatına başlanıldı.
Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə
yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində,düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.
Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.
Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq bizim şərtlərimizi qəbul etməyə hazır oldular. Birbaşa dialoq üçün lazımi addımlar atıldı. Qarabağda yaşayan erməni icmasının nümayəndələri iləYevlax şəhərində görüş baş tutdu.
Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır.
Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur.
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!
Ülkər Mehdizadə – Bərdə Tarix diyarşünaslıq muzeyində şöbə müdiri

