Cəmiyyət 

Füzuli şəhərində şəhidlərin xatirəsi ehtiramla yad edilib – YENİLƏNİB + FOTO/VİDEO

İşğaldan azad edilmiş Füzuli şəhərində şəhidlərin xatirəsi ehtiramla yad edilib.

“Report” xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, doğma yurdlarına qayıtmış Füzuli sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Tədbir Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları məktəblilərin Qarabağa, 44 günlük Vətən müharibəsinə, şəhidlərə, qəhrəmanlıq nümunələrinə həsr etdikləri rəsmlərə baxıblar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, xor ifa ediblər.

Sonda Anım Günü münasibətilə keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

17:32

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Saat 12:00-da tədbir iştirakçıları şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər şəhidlərimizin keçdikləri şərəfli ömür yolundan, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb, parlaq xatirələrinin qəlblərdə əbədi yaşayacağını bildiriblər.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları 27 Sentyabr Anım Günü ilə əlaqədar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhər ərazisində yerləşən Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə güllər qoyublar.

Tədbir iştirakçıları saat 12:00-da Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

15:42

Aran bölgəsində 27 Sentyabr – Anım Günü qeyd olunub.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişlidə keçirilən anım mərasimlərində rayon icra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında Birinci Qarabağ döyüşləri, atəşkəs dövründə, Vətən müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr tarixli lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

12:30

Sumqayıt şəhərində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.

“Report” un yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhərin icra başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 44 günlük zəfər savaşından söhbət açılıb. Şəhidlərin fotolarından ibarət stend nümayiş olunub. Şəhər rəhbərliyi və digər rəsmi şəxslər həmin stendlərə baxış keçiriblər, şəhid ailələri ilə həmsöhbət olublar.

Sonda mərasim iştirakçıları, valideynlər şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.12:01

Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oxu.Az xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Daha çox xəbərlər