Region Xəbərləri 

Bu gün Vətən müharibəsi Qəhrəmanı şəhid Turqud Zeynalovun anım günüdür.

Allahdan şəhidimizə rəhmət diləyirik.
Turqut Fikrət oğlu Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub.
2002-2011-ci illərdə Bərdə şəhərində F. Muradov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə əyani şöbəni bitirib. Oxuduğu müddətdə tələbələrin və kollektivin hər birinin sevimli yoldaşı,qardaşı və övladı kimi sevilmişdi.Şəhidimizin xatirəsinə kollecin həyətində bulaq inşa olunmuşdur.Tədris binasının foyesində şəhid Turqud Zeynalovun və kollecin digər şəhid məzun və tələbələrinin xatirəsi şərəfinə lövhə asılmışdir.Hal-hazırda həmin şəhidlərin dərs keçdikləri auditoriyalara onların adlarının əbədiləşdirilməsi məqsədi ilə bağlı hazırlq işləri aparılır.Subay idi.
Turqut Zeynalov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Turqut Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turqut Zeynalov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Zeynalov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Turqut Zeynalov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN

Daha çox xəbərlər