Bu, heyrətamiz hadisə olacaq
Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger oktyabrın 2-dən 6-dək paytaxtımızda keçiriləcək 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresini belə dəyərləndirib
Son iki onillikdə Azərbaycan kosmosun tədqiqi sahəsində bir sıra mühüm uğurlara imza atıb. Belə ki, 2010-cu ildən başlayaraq, iki telekommunikasiya peyki və bir Yer müşahidə peyki uğurla orbitə çıxarılıb. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrilib. Hərtərəfli dövlət dəstəyi ilə ölkəmizdə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, telekommunikasiya və yerətrafı müşahidə peyklərinin orbitə buraxılması sahəsində böyük təcrübə qazanılıb, yeni insan kapitalı və etibarlı tərəfdaş imici formalaşıb. Məhz bütün bunları, eyni zamanda, Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu daxili və xarici siyasəti sayəsində beynəlxalq aləmdə respublikamızın siyasi nüfuzu və ölkəmizə olan inam daha da artmışdır. Eyni zamanda, Azərbaycanda gedən proseslərin dünya miqyasında aparıcı dövlətlər, beynəlxalq ictimaiyyət və mühüm beynəlxalq təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanmasının nəticəsidir ki, Beynəlxalq Astronavtika Federasiyası Baş Assambleyasının “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” adlı 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ilin 2-6 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdır. “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq bu möhtəşəm tədbirin başlanmasına sayılı günlər qalıb. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata əsasən, Bakı Konqresinə hazırlıqlar yüksək səviyyədədir. Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger konqresə ev sahibliyi edən Bakının tədbirə hazır olduğunu və qlobal miqyasda artan həyəcanı ifadə edərək “Bu, heyrətamiz hadisə olacaq”, – deyə bildirib.
Qeyd edək ki, hələ 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycanda bu ilin ən böyük işgüzar tədbirlərindən biri olacaq Beynəlxalq Astronavtika Konqresi üçün 8000 m2 sahədə müvəqqəti sərgi pavilyonu təşkil olunub. Konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər. Pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. Agentlik və şirkətlər arasında ABŞ-nin “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Hindistanın kosmik agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.
“Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova mətbuata açıqlamasında bildirib ki, konqres tarixində bu tədbirin Bakıda keçirilməsi yeni bir səhifədir. Konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq. Bu, hər bir iştirakçı üçün yeni bir şansdır. “Sərgi pavilyonu biznes imkanlara yol açır. Konqresin böyük həcmli hissəsini elmi məqalələr təşkil edir. Bu il Bakı Konqresində elmi məqalələrə böyük maraq var. Ümumilikdə, 95 ölkədən 3 min 600-dək elmi məqalə Bakı Beynəlxalq Astronavtika Konqresinə qəbul olunub. Məhz Azərbaycandan gənc tədqiqatçılar, professorlara aid 214 məqalə qeydiyyatdan keçib. Azərbaycan gənclərinin bu məqalələr arasında öz yerini tapması çox qürurverici haldır. Bu bir daha sübut edir ki, Azərbaycanda da kosmos sahəsinə maraq böyükdür. Xüsusilə gənclər bu sahəyə çox maraq göstərir”, – deyə F.Behbudova qeyd edib.
Önəmli məqamlardan biri də bu il Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı ölkəmizdə viza prosedurlarının sadələşdirilməsidir. Prezident İlham Əliyev bununla bağlı 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
Tədbir futuristik Bakı Konqres Mərkəzindən, görkəmli memar Zaha Hadidin layihələndirdiyi möhtəşəm Heydər Əliyev Mərkəzindən və Sərgi pavilyonundan ibarət Bakı Konqres Kompleksində keçiriləcək. Konqresin açılışında bir sıra tanınmış insanların, kosmik sahədə öz fəaliyyəti ilə məşhur şəxslərin iştirakı da gözlənilir. Bunlardan biri məşhur yazıçı, tarixçi, professor Yuval Noah Hararidir. O, konqresin açılışında iştirak edəcək. Həmçinin “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində virtual sessiyada onlayn qaydada iştirak edəcək. Virtual sessiya oktyabrın 5-də saat 17:45-dən 18:45-dək keçiriləcək.
Onu da xüsusi vurğulayaq ki, Azərbaycan ilk dəfə – 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib və bununla da Bakı regionda bu tədbirin təşkil olunduğu ilk şəhər olub. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Bununla da keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda “Kosmik Tədqiqatlar: Elm və texnologiyaya təsir” adlı 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdi. Konqresin Bakıda keçirilməsinin bilavasitə nəticəsi olaraq 1974-cü ildə Azərbaycanda kosmik tədqiqatlar sahəsində ilk tətbiq yönümlü qurum olan Kaspi Elm Mərkəzi və 1975-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Astrofizika kafedrası yaradılmışdı.

