İdman 

Elnur Məmmədov: “Gələcək nəslin milli idman növlərini unutmaması önəmlidir” – YENİLƏNİB

Azərbaycanın ev sahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirilib.

“Report”un məlumatına görə, konfransda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq Kəmər Güləşi Federasiyasının baş katibi Xabir Xabibullin, olimpiadanın gümüş mükafatçısı İrek Zinurov və kəmər güləşi üzrə səkkizqat dünya çempionu Qabdijalil Suleymanov iştirak ediblər.

Tədbirdə çıxış edən Elnur Məmmədov Azərbaycanda milli idman növlərinə böyük diqqətin olduğunu bildirib:

“Bununla bağlı assosiasiyamız fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi olaraq federasiya ilə birlikdə ortaq layihələrin həyata keçirilməsinə önəm veririk. 19 ölkədən 100-dən çox iştirakçının Avropa çempionatına qatılması sevindirici haldır. Təşkilati işlərlə bağlı bir neçə ay öncədən çalışmalara başlamışıq. İnanıram ki, idmançılar buradakı təşkilatçılıqdan məmnun qalacaqlar. Milli idman növlərini təkcə Bakıda yox, bütün bölgələrdə inkişaf etdirmək istəyirik. Gələcək nəslin milli idman növlərini unutmaması bizim üçün önəmlidir”.

Xabir Xabibullin kəmər güləşi üzrə Avropa çempionatının Azərbaycanda təşkilinə görə minnətdarlığını bildirib:

“Xüsusən də, gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirik. Çox gözəl təşkilatçılığa şahidlik edirik. Ümid edirəm ki, mübarizə də yüksək səviyyədə alınacaq. Buradakı yarışın gələcək nəsillərdə də maraq yaradacağını düşünürəm”.

Daha sonra nitq söyləyən Qabdijalil Suleymanov və İrek Zinurov da yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Kəmər Güləşi Federasiyası, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Milli Gimnastika Arenasında keçirilən qitə birinciliyi oktyabrın 4-dək davam edəcək. Yarış zamanı atletlər sərbəst və klassik üslublarda bütün çəki kateqoriyaları üzrə mübarizə aparırlar.

15:46

Azərbaycanın ev sahibliyi etdiyi kəmər güləşi üzrə 3-cü Avropa çempionatı ilə bağlı məşqçi və ölkələrin nümayəndə heyətinin görüşü keçirilib.

“Report”un məlumatına görə, tədbir qitə birinciliyinin təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutub.

Görüşdə yarışın təşkilatçıları olan Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Kəmər Güləşi Federasiyasının, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA), Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri, həmçinin, təmsilçi komandaların rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən müxtəlif federasiyaların prezidentləri, nümayəndələri, məşqçiləri və hakimlər təşkilatçılıqdan razılıq bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki, bu gün startı verilən Avropa çempionatı oktyabrın 4-dək davam edəcək.

Daha çox xəbərlər