İndi hesab vaxtıdır…
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qanlı müharibə, soyqırımı əməlləri törədən cinayətkarları həbs edir və ədalət mühakiməsinə çıxarır
1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törətməkdə şübhəli bilinən bir qrup separatçı tutulub. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa insanlığa zidd əməllər törədiblər. Onlar işğal və 44 günlük Vətən müharibəsi dövründə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun “rəhbərlər”i kimi cinayətkar birlik halında milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar.
Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-dan başlayaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri cəmi 24 saat davam edib. Bu qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Qarabağdakı tanınmayan hakimiyyət silahı yerə qoyaraq təslim olmağa və Azərbaycanın şərtləri altında Yevlax şəhərində görüşməyə hazır olduğunu bildirib. Azərbaycan Yevlax şəhərində görüşü bir neçə aydır ki, təklif etsə də, Qarabağ erməniləri belə bir görüşün üçüncü ölkə ərazisində keçirilməsini tələb edirdilər. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində separatçıların Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini, Qarabağda yaşayan erməni əhalinin tezliklə yaxşılığa doğru dönüşü görəcəyini vurğulayıb.
Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm Qələbəsinin, yəni Vətən müharibəsində tarixi Zəfərin üçüncü ildönümündə yenidən Ordumuz bizə qələbə sevinci yaşatdı. Bu dəfə Qarabağda Ermənistanın tör-töküntüləri ilə üz-üzə gəldik. Elə məqamlar var ki, o, tarix adlanır. Elə məqamlar da var ki, o, tarixdən sonrakı dövr kimi qiymətləndirilir. Bu işğalçı dövlət öz məğlubiyyəti ilə barışmaq istəmədi və daha böyük bir məğlubiyyətə düçar oldu. Bundan sonra da Ermənistan nə vaxt, belə bir fikrə düşsə, yenə də öz cəzasını alacaq.

1990-cı illərin əvvəllərində Sovetlər Birliyi çökəndən sonra onun tərkibindəki bütün xalqlar azadlığa çıxdılar, müstəqillik qazandılar. Amma heç də bütün xalqlar bu müstəqillikdən düzgün nəticə çıxarmadılar. Azərbaycanda müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkədə müəyyən hərc-mərclik hökm sürürdü. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra isə ölkəmiz xaosdan, anarxiyadan xilas oldu və tədricən çox güclü bir ölkəyə çevrildi. Amma Ermənistan hansı vəziyyətə düşdü? Bu tipli işğalçı dövlətlərin müstəqil yaşamaq imkanı yoxdur. Ermənistanın müstəqillik illəri bu ölkənin əhalisinin sayının 2 dəfə azalması ilə müşayiət olundu.
Amma belə görünür ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra 24 saatlıq antiterror tədbirlərində məğlubiyyətə də ehtiyac var imiş. Belə məğlubiyyət hələ heç vaxt tarixdə görünməyib. Hayların Qarabağdakı bu məğlubiyyəti sadəcə Azərbaycan dövlətinin öz ərazi bütövlüyü ilə bağlı apardığı tarixi mübarizənin möhtəşəm Zəfərlə yekunlaşması deyil. Eyni zamanda, işğalçını dəstəkləyənlərə bir dərsdir. Ermənistan da, havadarları da bundan dərs götürsələr yaxşı olar. Belə münasibət heç vaxt tarixdə bağışlanmır. Bununla möhkəm bir məntiq sübut edir ki, bu dünyada haqq və ədalət var, bunun qarşısını almaq mümkün deyil.
Qarabağda erməniəsilli sakinlərin hüquqlarının təminatı və reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin sürətli addımlar atması fonunda Ermənistanda bəzi dairələr tərəfindən revanşist ideyaların təbliği və Azərbaycanofobiya siyasətinin davam etdirilməsi narahatlıq doğurur. İnsanların hüquq və azadlıqlarının səmərəli təminatı və sülh prosesinin dəstəklənməsi naminə bu cür nifrət motivli təbliğatın qarşısı alınmalıdır.
Azərbaycanın Qarabağ bölgəsində törədilən müharibə cinayətlərinə, terrorçuluq və separatçılıq əməllərinə başçılıq edən şəxslərin bir-bir həbs edilərək Bakıya gətirilməsi bölgəmizdə terrorun kökünü birdəfəlik kəsəcək. Bundan sonra Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olacağına şübhə yoxdur. Bütün bunlar Azərbaycan dövlətinin gücünün və qüdrətinin göstəricisidir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük qətiyyət və prinsipiallıq nümayiş etdirərək xalqımıza qarşı amansız cinayətlər törədən şəxslərin saxlanılması və qanun qarşısında cəzalandırılmasına nail olur.
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, qanlı müharibə, soyqırımı əməlləri törədən cinayətkarları həbs edir və ədalət mühakiməsinə çıxarır. Təbiidir ki, Azərbaycan ərazisində oyuncaq qurumlar yaradan, dövlətimizə silah qaldıran, bizimlə ultimatum və hədə dili ilə danışan separatçıların aqibəti belə də olmalı idi. Yaxın günlərdə terrorçu-separatçı rejimin digər üzvləri də son nəfərinə kimi tutulacaq və Azərbaycan məhkəmələri qarşısına çıxarılacaq. Onlar törətdikləri bütün cinayət əməllərinə görə cavab verəcək və qanunla müəyyən edilmiş ən ağır cəzaya layiq görüləcəklər.

