Gündəm 

Yararsız pul nişanlarınız varsa…

Mərkəzi Bank “Nağd pul ofis”lərinin fəaliyyətinin davam etdirilməsi barədə açıqlama yayıb. Təəssüf ki, vətəndaşlarımızın heç də hamısında bu ofislərin fəaliyyəti barədə məlumat olmadığı üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsində çətinliklərlə üzləşirlər. Bəzi hallarda isə vətəndaşlarımız yararsız hala düşmüş pul əskinaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsilə dəyişdirirlər. Halbuki, pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsinə hər hansı bir maneə yaratmır. Həmin pulları asanlıqla zədələnməmiş əskinaslarla əvəzləmək mümkündür. Vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə bilərlər. Yararsız pul əskinaslarının dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb.

Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Digər tərəfdən, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Buna görə də yararsız pul nişanlarınız varsa, onu aşağı dəyərə dəyişdirməyin, qeyd edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə bilərsiniz.

İqtisadi mövzuda digər mühüm məsələlərdən biri də inflyasiya səviyyəsinin hələ də hədəflənən həddən yüksək olmasıdır. İyul ayında Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. Bankda bunu yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğunu bildiriblər.

İyun ayında əvvəlki aya nisbətən 0.9%-lik deflyasiya qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlar ilə bağlıdır. Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşır. İdxal inflyasiyasının təsirləri azalsa da, yenə də strukturda payı yüksək olaraq qalmaqdadır. Bu baxımdan illik inflyasiyanın iyunda 10.6% təşkil etməsi nə arxayınçılıq üçün əsas deyil, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək.

Uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə etiraf etmək lazımdır ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur. Faiz dəhlizinin yuxarı və aşağı həddlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan da Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var.

Daha çox xəbərlər